Çoxa sahib olan deyil, sahib olduqlarının qiymətini bilən zəngindir

0
27

YaşamEy gənc! “No pain, no gain” deyir ingilislər. Yəni əziyyət yoxdursa, qazanc da yoxdur. Başqa sözlə, “zəhmətsiz rəhmət olmaz”. Həyat mükafatını çətinliklərə davam gətirənlərə verir.

Ey gənc! Çoxa sahib olan deyil, sahib olduqlarının qiymətini bilən zəngindir.

Ey gənc! İnkişaf et, dünyadan istifadə et, oxu, öyrən, bilik əldə et, amma milli mənəvi dəyərlərini unutma. Yəni dəyiş, amma başqalaşma.

Ey gənc! Azad olmaq sözünü düzgün başa düş. Divarları yıxmaq, zəncirləri qırmaq istərkən zövqlərinin köləsi olma.

Uğursuzluq yoxdur, nəticə vardır. Çərpələngi uçuran küləyin gücü deyil, yüksəklikdə ikən çərpələngin o gücə qarşı qoyma “iradəsidir”. Məğlub olma riskini nəzərə almasan, qalib gələ bilməzsən.

Ey gənc! Birgünlük xoşbəxtlik istəyirsənsə, əylən; ömür boyu xoşbəxtlik istəyirsənsə, insanlara yardım et. Unutma, hər insan öz içində ya xoşbəxtdir, ya da xoşbəxt deyil. Özündən razı insanlar xoşbəxt olmazlar, özünə hörmət edənlər xoşbəxt olarlar. Adi kimi görünən şeylərlə xoşbəxt olursansa, deməli, həqiqətən, xoşbəxtsən.

İnandığın dəyərlər olsun. Və çalış ki, bu inancından heç vaxt vaz keçmə. Çünki sənə güc verən inancın olacaqdır. Dünyanı düzgün oxu, hadisələri doğru qiymətləndir.

Adil və demokratik ol. Bil ki, bütün insanlar sənin kimi düşünmək, sənin inandığına inanmaq məcburiyyətində deyil. İnsanlara yaradılmış olduqları üçün hörmət et. Unutma, fərqli fikirlərdən istifadə etdiyin qədər sənin də fikirlərindən istifadə edərlər.

Ey gənc! Gözəl düşün ki, gözəl görəsən. İki nəfər həbsxanadan çölə baxır. Biri ulduzları görür, o biri palçığı. Hər şeyin gözəl tərəfini görənlər ətraflarına müsbət enerji verərlər və xoşbəxt olarlar.

Dostunu yaxşı seç. Sevdiyini seçmə, seçdiyini sev. Dostunun yaşadığı həyatı yaşayacağını unutma. Necə həyat yaşamaq istəyirsənsə, dostun o cür olsun.

Maddi şeylərə daha çox dəyər verib, mənəviyyatı arxa plana atma. İnsan mənəviyyatı ilə insandır. Hər şeyə layiq olduğu qədər dəyər ver.

Ey gənc! Valideynlərin sənin üçün narahatdırlar. Sənin gələcəyini düşünürlər. Buna görə hər işinə qarışırlar. Bəlkə də tez-tez xətrinə dəyirlər. Çalış ki, onları incitmə. “Dövr çətindir” deyəndə qınama onları. Əlbəttə, onlar da səni başa düşməlidirlər. Amma sənin üzərinə düşən odur ki, gərək valideynlərinin narahatlığına səbəb olacaq davranışlar etməyəsən, dostlarından, yoldaşlarından onları da əmin edəsən.

Aparılan araşdırmalarda hüzursuz, uğursuz gənclərdə iki əsas səbəb təsbit edilmişdir: hüzursuz ailə mühiti və pis dost. Dostlarını həmişə və kortəbii şəkildə valideynlərinin yanında müdafiə etmə. Unutma ki, onların da səhvləri var. Çox sevdiyin birisinin səhvlərini artıq görmürsən və onu hər vəchlə müdafiə edirsənsə, deməli, zərərli bir yola girmisən.

Ey gənc! Ən çətin vəziyyətlərdə belə, doğruluqdan, dürüstlükdən ayrılma. Başqalarının xarakterləri sənin xarakterinə təsir etməsin. Yalanın ömrü qısa olduğu kimi, faydası da müvəqqətidir. Doğruluq isə daimi qazanc deməkdir.

Hər insan kimi sənin də səhvlərin, xətaların ola bilər. Əsas olan səhvlərdən nəticə çıxarmaqdır. Səhv etməkdən yox, bir səhvi iki dəfə etməkdən qorx.

Ey gənc! Əgər arzuların, istəklərin səni yanlış yollara aparırsa, bu arzularından xilas olmalısan. Məntiqsiz xəyalların köləsi olanlar azadlıqdan dəm vura bilməzlər. Elə etməlisən ki, arzuların hədəfinə çatmağa mane olmasın. Mənfi arzu və istəklərin qulu olmamaq ən böyük azadlıqdır.

Oxu, araşdır, faydalı bilik əldə et. Bildiyinlə əməl et. Əməlini təbliğ et. Təbliğində israr et. Aldansan da aldatma. Dürüst ol, səmimi ol. “Ya olduğun kimi görün, ya da göründüyün kimi ol”.

Emil İsgəndərov,

“Zaman-Azərbaycan”