Poçtalyon…

1
bazar

bazarOnun adı Çiçəkdir. Mən institutu bitirəndə o artıq neçə il idi ki, kəndimizdə poçtalyon işləyirdi. Özümdən asılı deyildi, hər dəfə onun görəndə sevinirdim. Yazılarım çap olunan jurnalları, qəzetləri , tələbə yoldaşlarımdan, dostlarımdan gələn məktubları o gətirərdi. Qəzetin arasına qoyulub həyət qapısının üstündəki taxta qutunun içinə qoyulan qəzetlər mənimçün xəbər mənbəyi idi. Dünyada, ölkəmizdə baş verən hər şeyi o qəzetlər, o qəzetləri isə Çiçək çatdırardı mənə. Qəhvəyi rəngli poçtalyon çantası çiynində, çantaya sığımayan qəzetlər qolunun üstündə kənd küçələrini dolaşırdı bir-bir. Oğlu əsgərlikdə olan analar, sevdiyindən məktub gözləyənlər həsrətlə gözləyərdi onun yolunu. Çiçək həm də çanlı poçt idi. Kənddə bir-birini sevən cavanlar məktublarını poçta aparıb göndərmirdilər, elə Çiçəyə verirdilər ki, ünvanına çatdırsın. Belə məktubların üstündə marka ya möhür olmazdı.
Neçə il keçib o vaxtlardan. Daha kəndimizdə poçtalyon yoxdur, heç həyət qapılarının üstündə də qəzetlər üçün taxta yaxud dəmir qutu yoxdur. Kənddəki uşaqlar poçtalyon çantasının nə olduğunu bilmirlər.
Zamanın küləyi deyimmi, ya tale küləyimi Çiçəyi Bakıya gətirdi.
Ailə qurdu, övladı olmadı… Ayrıldı. İndi Bakıdadır, “ vosmoy bazarı” –nın qarşısında xaçapuri satır. Əlində poçtalyon çantası yox, xaçapuri yığılmış podnos olur həmişə. Qəribədir, hər dəfə bazara gedəndə o qədər adamların içində rast gəlir mənə – hər dəfə də pulsuz xaçapuri təklif edir. Götürmürəm. Elə bilərəm onun təklif etdiyi xaçapuriliəri götürsəm, yaddaşıma həkk olunmuş poçtalyon çantası cırıq-cırıq olub dağılar, mənə məktub verərkən bir vaxt keçirdiyim sevinc hissi küsər məndən. Elə bilirəm onun xaçapurilərini yesəm neçə xatirəm tərk edər məni…

Sevil Gültən.
11 Aprel, 2014

1 comment

Şərh yaz

Please enter your comment!
Please enter your name here

fifteen + 12 =