Xoşbəxtliyi birlikdə qazanmağa çalışın…

1
24

boşanmaAilənizi, uşaqlarınızı başsız buraxmayın. Unutmayın ki, boşanma qərarı əksər hallarda xoşbəxtlik gətirmir. Ona görə də ailəniz və uşaqlarınızla birlikdə xoşbəxtliyi yenidən qazanmağa çalışın.

Bu yazımızda isə boşanmanın səbəblərindən deyil, boşanmamaq üçün nə lazımdır ondan bəhs edəcəyik

Birinci vacib məqam

İllərlə əzab-əziyyət hesabına əldə etdiklərini bir günə, bir saata, bir anlıq səhvə görə itirməyə nə var ki. Odur ki, həmin əldə etdiklərimizi qazanmaq üçün əziyyət çəkdiyimiz kimi, qorumaq üçün də çalışmalıyıq. Günümüzdə ən vacib məqamlardan biri də budur. Bu məqam evlilik həyatımıza da aiddir. Əgər bir insan qarşısına boşanma məqsədi qoyubsa, heç də narahat olmasın – bunun üçün kifayət qədər bəhanə, fakt, “sübut” əldə edəcək. Ailədir, söz-söhbət də olar, narahatlıq da. Bunu başa düşmək lazımdır. Keçək mətləbə.

Hər bir evli şəxsin evlilik həyatı ilə bağlı bəzi müsbət və ya mənfi fikirləri var. Tərəflərin evliliklərinə bir-birilərinin prizmasından qiymət vermələri ailənin möhkəmliyi üçün çox vacibdir. Bu, həmçinin tərəflərin bir-birilərini daha yaxşı başa düşmələrinə və problemlərə daha sağlam fikirlə yanaşmalarına da kömək edər. Digər tərəfdən, bu şəkildə tərəflər bir-biriləri haqqında mənfi düşünməməyi də öyrənə bilərlər. Elə isə necə olursa-olsun, evliliyinizə həyat yoldaşınızın da pəncərəsindən baxın. Üstəlik, “Mən həyat yoldaşımı onsuz da tanıyıram” deyə qabaqcadan hökm verməyə çalışmayın. Əgər belə səhvlərə yol verməsəniz, inanın, gələcəkdə evliliyiniz haqqında çox şey öyrənə bilərsiniz.

“Ailəm” jurnalının redaktoru Aydın Ucal deyir ki, evliliyə səhv qiymət verənləri əsasən iki qrupa ayırmaq olar:

1. Bəzi cütlüklər evliliklərində hər hansı bir problemin olmadığını düşünürlər. Həyat yoldaşları bir problemdən bəhs etsə də, onu başa düşməkdə çətinlik çəkirlər. Dolayısı ilə həyat yoldaşlarının problem kimi təqdim etdikləri məsələnin həllinə də səy göstərmirlər. Buna görə də, tərəflərdən biri hər hansı problem yaşayırsa, digər tərəf də buna əhəmiyyət verməli və o problemin mənbəyini axtarmağa çalışmalıdır.

2. Evlilikdə problem yaşadıqlarını düşünənlər. Onlar əsasən xoşbəxt deyillər və problemlərin qarşı tərəfdən irəli gəldiyini düşünürlər. Həqiqətən də, bir tərəf o biri tərəfin hərəkətlərinə görə problem yaşaya bilər. Lakin yalnız qarşı tərəfin səhvlərini görüb məyus olmaq əvəzinə qarşı tərəfin bu evliliyə necə qiymət verdiyini anlamağa çalışmaq lazımdır. Digər tərəfdən, burada da problemin mənbəyini axtarmaq çox vacibdir. Hətta lazım gəlsə, problemin kökünü özünüzdə də axtara bilərsiniz. Məsələyə bu şəkildə yanaşmaq və ittihamçı mövqeyindən çıxaraq, ortaq bir məxrəc tapmaq evliliyinizin gələcəyi üçün də vacib ola bilər.

İkinci vacib məqam

Hər bir insan səhv edə bilər. Ancaq əsas məsələ səhvini başa düşmək və üzr istəməyi bacarmaqdır. “Üzr istəyə bilmərəm” demək isə zəiflik əlamətidir. Üzr istəmək bir mənada da eqoizmdən xilas olmaqdır. “Ailəm” jurnalının redaktoru deyir ki, üzr istəmək zəiflik yox, iradə əlamətidir: “Əgər ortada bir səhv varsa, üzr istəmək və bu səhvi düzəltmək lazımdır”.

Hər bir insan ailədə problemlərlə üzləşə bilər. Üzr istəməyi bacarmaq ailə daxilindəki münasibətlərin möhkəmliyi üçün də vacibdir. Əgər ailədə hər hansı bir problem varsa, bundan hər iki tərəfin “ziyan görməsi” təbiidir. Bu prizmadan baxdıqda, üzr istəməyi bacaran adam əslində öz əmin-amanlığını da qorumuş olur. Üzr istəyərkən qarşı tərəfin üzrünüzü qəbul edib-etməyəcəyini də düşünməməlisiniz. Çünki əsas məsələ bu işdə təmənnasız davranmaqdır. Üzr istəmək yalvarmaq demək deyil. Buna görə də, bütün səhvlər qarşısında üzr istəmək şərtdir. Ancaq qarşı tərəfin bundan sui-istifadə etməsinə də yol verilməməlidir. Beləliklə, həm evinizdəki problemlərin böyüməsinin qarşısını alar, həm də ailə həyatınızın əmin-amanlığına xidmət etmiş olarsınız”.

Üçüncü vacib məqam

Həyat yoldaşınızı düşünün. O kimdir və onunla ən çox nələri bölüşürsünüz? Nələrdən danışırsınız? Nələri birlikdə etmək sizə xoşdur? Onun yoxluğu sizdə nə kimi hisslər meydana gətirərdi? Aydın Ucal deyir ki, ailədə tərəflərin əsas rollarından biri də onların bir-biriləri ilə dost olmağı bacarmalarıdır: “Bu rol olmasa, bəlkə də, tərəflər arasında ünsiyyəti, səmimiyyəti artırmaq mümkünsüzdür. Bu rol, bəlkə də, bir çox ailələr üçün evliliyin ən vacib, ən əhəmiyyətli tərəfidir. Ailə daxilində dost olmağı bacarmaq bu ailənin möhkəmliyi üçün də əsasdır. Əgər həyat yoldaşınızın ən yaxın dostunuz olduğuna inanırsınızsa, deməli, sizi xoşbəxt saymaq olar. Yox əgər, bu barədə düşünməmisinizsə, yenə də gec deyil. Bunun üçün özünüzə və ailənizə daha çox vaxt ayırmaq və bir-birinizin ortaq cəhətlərini kəşf edərək tez-tez bir yerdə olmaq kifayətdir”.

Dördüncü vacib məqam

Bəzi ailələrdə tez-tez “Bu saata qədər harada idin?”, “Bu gün kimlərlə görüşmüsən?”, “Niyə evə vaxtında gəlmirsən?” kimi suallar eşidilir. Tərəflərin bir-birilərinə bu cür suallar verməsi o qədər də qorxulu deyil. Ancaq suallar mütəmadi olduqda, tərəflərdə bir növ “şübhə xəstəliyi” hissləri baş qaldırır. Həyat yoldaşının inamını itirdiyini düşünən tərəf tədricən gərginlik yaşamağa başlayır və bu gərginliyi bu və ya başqa şəkildə büruzə verir. Çox vaxt bu sualların yerini müəyyən məhdudiyyətlər də tutur. Məhz bu mərhələdə etirazlar başlayır və bu etirazlar ailədə yeni-yeni münaqişələrin əsasını qoyur. Bu cür münasibətlər kişilərdə olduğu kimi qadınlarda da özünü göstərir. Bütün hallarda nəticə ürəkaçan olmur. Ailədə sevgi və hörmət aradan qalxır: “Buna görə də tərəflər qarşı tərəfə sual verərkən və ya münasibət bildirərkən diqqətli olmalıdırlar. Əgər hər hansı bir problem varsa, bir-birilərinə qarşı məhdudiyyətlər icad etmək əvəzinə həyat yoldaşlarının istəklərinə hörmətlə yanaşmalıdırlar. Bu məsələdə həyat yoldaşınızı tək qoymaq istəmirsinizsə, onunla bir yerdə olmalı və ya müxtəlif alternativlər təklif etməlisiniz. Ancaq bu halda siz həyat yoldaşınızı həm tək qoymamış, həm də ona qarşı olan etimadınızı qorumuş olarsınız”.

Beşinci vacib məqam

Problem yaşandığı, anlaşılmazlıq olduğu məqamlarda təkcə özünüzü haqlı görməyin. Məsələyə qarşı tərəfin prizmasından da yanaşın. Hər zaman haqlı olduğunu düşünmək, hər zaman qarşı tərəfi haqsız görmək artıq sizin bir insan olaraq haqsızlıq etməyinizdən xəbər verir.

Altıncı vacib məqam

Evdə olduğunuz günlərdə ailənizə nə qədər vaxt ayırırsınız? Uşaqlarınızın əllərindən tutub xanımınızla birlikdə gəzməyə çıxırsınızmı? Müasir dövrdə müxtəlif problemlərlə üzləşir, çox vaxt bizi imtahana çəkən bu problemlərə qarşı dözümsüz oluruq. Ata-analarımıza, həyat yoldaşlarımıza və uşaqlarımıza qarşı səbirsizlik göstəririk. Xoş rəftarlarımızla ailə üzvlərimizi sevindirmək əvəzinə, onları problemlərimizə ortaq edirik. Sonra isə ailəmizdə hökm sürən soyuq hava bizi narahat etməyə başlayır. Ancaq düşünmürük ki, günahkar bizik və bu problemi həll etmək üçün bir təbəssüm də kifayətdir. Həyat yalnız işdən ibarət deyil. Hər nə olursa-olsun ailənizə, uşaqlarınıza yaxınlarınıza vaxt ayırın. Bu, sizin onlar qarşısında borcunuzdur.

Yeddinci vacib məqam

Boşanma qərarı vermisinizsə, bunu tələm-tələsik icra etməyə tələsməyin. Ola bilər ki, həmin dövrdə ya həyat yoldaşınız, ya elə özünüz çox əsəbisiniz. Amma bir müddət sonra əsəblər sakitləşəndə vəziyyət bir qədər başqa görünə bilər. Unutmayın, həyatda səhvsiz insan yoxdur.

Ailənizi, uşaqlarınızı başsız buraxmayın. Onu da unutmayın ki, qəlbinizdəki “boşluğu” doldurmaq üçün atdığınız bu addım sizə xoşbəxtlik gətirməyəcək. Ona görə də, ailəniz və uşaqlarınızla birlikdə xoşbəxtliyi yenidən qazanmağa çalışın.

www.zaman.az

1 comment

Comments are closed.