Azərbaycana başucalığı gətirmiş həmyerlimiz – Zaman Əliyev

0
33
Zaman Əliyev
Zaman Əliyev

Bir müddət öncə Zerdab.com saytında “Zərdabın fəxri ziyalılarından biri vəfat etdi” başlıqlı yazı yayımlanmışdı. Yazıda Zərdab rayonunun fəxri ziyalılarından olan və uzun illər Rusiya Federasiyasının Moskva şəhərində yaşamış Zaman Əliyevin vəfat etdiyi bildirilirdi. Bu günlərdə Zerdab.com saytına Zaman Əliyev barəsində 06 aprel 2003-cü il tarixində “Xalq Qəzeti”ndə dərc olunmuş bir məqalə təqdim edilib. Maraqlı olacağını nəzərə alıb “Sınaq uçuşlarına həmyerlimiz nəzarət edir” başlıqlı həmin yazını olduğu kimi oxucularımıza təqdim edirik.

– Dünya Azərbaycanlılarının I qurultayından sonra xarici ölkələrdə diasporalarımızın formalaşması sürətlənmiş, bu vacib iş geniş vüsət almışdır. Getdikcə daha çox soydaşlarımız diaspor hərəkatına qoşulur, müstəqil Azərbaycan naminə əllərindən gələni əsirgəmirlər. Rusiyanın paytaxtı Moskva şəhərindəki diasporumuzun fəal üzvlərindən biri də Zaman Əliyevdir. Taleyin hökmü ilə Rusiyada məskunlaşmış soydaşımızın ömür yoluna nəzər salanda qürür duymaya bilmirəm.

Zərdabda doğulub boya-başa çatmış Zaman Əliyev orta məktəbi bitirəndən sonra Xəzər Gəmiçiliyi İdarəsinin gəmilərində çalışmış və 1962-ci ildə istehsalatdan ayrılmadan Bakı Dənizçilik Məktəbinə daxil olmuş və “radiorabitə və elektroradionaviqasiya” ixtisasına yiyələnmişdir. Həmyerlimiz 1970-ci ildə Moskvaya köçərək P. Suxov adına Aviasiya Müəssisəsinə işə düzəlir. Moskva Elektrotexniki Rabitə İnstitutunda ikinci təhsil alır. İşlədiyi aviasiya müəssisəsində aviasiya texnikasının sınaqlarında fəal iştirak edir.

Zaman Əliyev 1974-cü ildə Elmi-Tədqiqat Uçuş Sınaqları Mərkəzinə dəvət alaraq mühəndis-eksperimentator, təhsilini başa vurduqdan sonra Aviasiya Sənayesi Nazirliyinin uçuş heyətinin hazırlığı mərkəzində 1-ci dərəcəli aviasiya texnikasının uçuş sınaqları üzrə aparıcı mühəndis vəzifələrində çalışır.

Soydaşımız qazandığı nailiyyətlərlə kifayətlənməyərək yeni zirvələr fəth etməklə biz azərbaycanlılar barədə müxtəlif dairələrdə formalaşmış mənfi münasibət stereotiplərini sındırmaq yolunda böyük addımlar atır. O, 1998-ci ildə Müdafiə Sənayesi Sahə Akademiyasının kurslarını “9000 seriyalı İSO Beynəlxalq sertifikasiya sisteminin tələbləri üzrə keyfiyyətinin daxili auditi” ixtisasına yiyələnir, bir il sonra isə “Beynəlxalq menecment keyfiyyət və sertifikasiya məhkəməsində” kurs keçərək sözügedən Beynəlxalq sertifikasiya sistemi üzrə sertifikat alır.

Nəhayət, bu qədər məqsədyönlü çalışmalardan sonra həmyerlimizi Elmi-Tədqiqat Uçuş-Sınaq Mərkəzində keyfiyyət üzrə direktor təyin edirlər. Bu, azərbaycanlıların fitri istedadına, iş qabiliyyətinə verilən yüksək qiymətdir. Dünənədək azərbaycanlılara elmdə, texnikada, nə gizlədək, şübhə ilə yanaşanlar bu gün soydaşımızı strateji bir sahədə aparıcı ekspert kimi qəbul edirlər.

Azərbaycan xalqının bizim yaxşı tanımadığımız bu cür oğulları çoxdur. Onları tale bütün dünyaya səpələsə də, daim ürəkləri doğma Vətənlə vurur. Onlar Vətən naminə xeyirli işlər görməyə hər an hazırdılar. Belə həmvətənlərimizin biri də haqqında söhbət açdığımız Zaman Əliyevdir”.

Xalq Qəzeti 06 aprel 2003-cü il

№ 76 (24341)