BAĞBANIN ARZULARI GÜL AÇIR…

6
11331
Səkinə Əliyeva
14 fevral 1975-ci ildə Səkinə Əliyeva keçmiş SSRİ-nin ən nüfuzlu ordenlərindən olan “Şərəf nişanı”na layiq görülüb. Bununla da 22 yaşlı gənc pambıqçı qız “Şərəf nişanı”na layiq görülmüş ilk zərdablı qadın kimi tarixə düşüb.

Bizim hiss edə biləcəyimiz ən xoş duyğu sevərək gördüyümüz işin nəticəsindən aldığımız zövqdür. Bu, dünən də belə olmuşdur, sabah da belə olacaq, bu gün də belədir. Səkinə xanım torpağa könül verənda cəmisi 14 yaşı vardı. Amma həyatının bu erkən gənclik dövründə – torpaq ona sidq-ürəklə xidmət edənləri yüksəldir – fikrinin doğruluğuna tam əmin idi. Bilirdi ki, insanın bütün gücü, onun nəyə qadir olması torpaqla ölçülür. Hər bir millətin şöhrəti həm də onun torpağının zənginliyi, sərvəti ilə bağlıdır.

Ağabağı kəndində doğulan Səkinə Ağaismayıl qızı orta məktəbi qiyabi bitirib. Kolxozda yaşına uyğun yardımçı işlərdə, sonra isə pambıqçı, bəzən hətta suçu kimi çalışıb. Hansı işi tapşırıblarsa, can-başla yerinə yetirib. Özünün dediyi kimi, 2-3 il keçmiş hər gün qapana 150-200 kiloqram pambıq qoyub. Yaşadığı Ağabağı kəndində əllə ən çox pambıq yığanlar arasında adı birincilər cərgəsində çəkilib. İllər keçdikcə, bu qız zəhmətsevərliyi ilə hər kəsin diqqətini cəlb edib. Böyük hörmət qazanaraq Şıxbağı sovetliyindən rayon sovetinə deputat seçilib. Hələ 22 yaşında ikən əmək həyatının ən böyük uğurunu qazanıb. 14 fevral 1975-ci ildə Səkinə Əliyeva keçmiş SSRİ-nin ən nüfuzlu ordenlərindən olan “Şərəf nişanı”na layiq görülüb. Bununla da 22 yaşlı gənc pambıqçı qız “Şərəf nişanı”na layiq görülmüş ilk zərdablı qadın kimi tarixə düşüb.

Bir müddət sonra ailə qurması ilə əlaqədar Ağabağı kəndindən  Zərdab şəhərinə köçdü. O vaxtkı “Kommunust “ kolxozunda yenidən öz peşəsini davam etdirdi. Bu təsərrüfatda da əllə ən çox pambıq yığanlar sırasında oldu və  özü üçün layiqli bir əmək salnaməsi yaratdı. Zaman dəyişdi, illər keçdi, bu dəfə Səkinə Əliyeva ömrünü başqa bir peşə ilə-bağbanlıqla bağladı. Səkinə Əliyeva bu peşəyə şəhər 3 saylı körpələr evi-uşaq bağçasında başladı. Bağçanın müdiri Rəhilə Qədirova deyir ki, Səkinə Əliyeva bağçamızda 2011-ci ildən çalışır. Mərhum həyat yoldaşı Nazir Mirzəyev bizim bağçada təsərrüfat müdiri idi. Hazırda bağça iki qruplu olduğundan təsərrüfat müdiri vəzifəsi ləğv olunub. Bağbanımız Səkinə Əliyeva ictimai əsaslarla  həmin təsərrüfat müdirliyini də icra edir.

…Səkinə xanım bu günlərdəki görüşlərimizdən birində söhbət zamanı işlədiyi kollektivdən böyük hörmətlə danışdı. Dedi ki, bağçamızın müdiri Rəhilə xanım Qədirova başda olmaqla bütün işçilərimiz ölkə Prezidenti cənab İlham Əliyevə , rayon rəhbəri Lütvəli Babayevə qayğı və diqqətə , bir qədər əvvəl  bağçamızda aparılan əsaslı təmirə görə ürəkdən minnətdardırlar.

…Keçən il bağçada aparılan təmirdən sonra yaşıllıqlar yenidən salınıb.Təzə meyvə ağacları-heyva, gilas, alça, alma, armud, ərik əkilib.Hazırda həyətə 500-ə yaxın gül çiliyi basdırılıb. Ağ, qırmızı, məxməri , çəhrayı, cır qızılgüllər ,nərgiz , lavanda , zəfəran çiçəkləri bir azdan açacaq. Elə güllər də əkilib ki , onlar ancaq toxum vasitəsi ilə yetişdirilir. İndi Novruzgülünün mövsümüdür. Bu gül Azərbaycanın digər yerlərində ağ, göy, bənövşəyi açsa da bağçadakı bu Novruzgüllər  sarı rəngə boyanıb. Adətən Novruzgülündən söz düşəndə şair Şəhriyarın “Heydərbabaya salam” mənzuməsini xatırlayıram. Şair öz mənzuməsinin iki yerində Novruzgülüdən məhəbbətlə bəhs edir:

Bayram yeli çardaqları yıxanda,

Novruzgülü, Qarçiçəyi açanda…

Yenə həmin mənzumədə :

…Əli mənə yaşıl aşıq verərdi

İrza mənə Novruzgülü dərərdi.

Mənim də çox sevdiyim bu gül bayram ayında açıldığına görə ona “Novruzgülü “ deyirlər. Əgər Novruzgülü bayramda çıxırsa , Qızılgül ancaq yazdan iki ay keçəndə açılır.  Onlar bir-birini görə bilmirlər. Folklorumuzda belə bir inanc var ki, bu iki gülü bir-birinə çatdıran kimsə (daha çox bağbanlar nəzərdə tutulur-T.A.) behiştə gedəcəkdir.Bağban xanımla söhbət edəndə anladım ki, artıq Qızılgüllərin də açılmasına az qalıb. Novruzgülü isə hələ təravətlidir. Bir xeyli ömrü var. Belədə ehtimal olunur ki, bu il bağçanın həyətində Novruzgülü ilə Qızılgül görüşəcək. Bu mənzərəni gülləri əkərkən niyyət edən Səkinə Əliyeva daha böyük ümidlə gözləyir. Allah muradınızı versin! Yetişdirdiyiniz güllər arasından   hər an  uşaqlarının  şən səsi gəlsin.

TƏRLAN ABDULLATEVA, “ƏKİNÇİ”NİN MÜXBİRİ

6 ŞƏRH

  1. ezizimiz Terlan xanim bele gozel xanimlara qiymet verdiyiniz ucun teşüekkur edirem

  2. Çox sağ olun Günay xanım , mən də Sizin timsalınızda bütün oxuculara təşəkkür edirəm.

  3. Allah canını sağ eylesin Yemen ana sene uzun ömür can salığı arzulayıram

  4. Əzizə xanım , Siz də sağ olun ki , bu məqaləni oxudunuz .

  5. Sagol Yemen xala daha dogrusu Yemen xanim xalaya oxsamirsan Masallah qiza oxsuyran

Comments are closed.