Şuşasız 22 il

0
Şuşa-Qarabağ

Şuşa-QarabağTəqvimimizdə o qədər matəm günləri var ki: 20 Yanvar, Xocalı soyqırımı, 31 Mart qırğını, Şuşanın işğalı, Laçının işğalı, Ağdərənin, Xocavəndin, Ağdamın, Füzulinin, Cəbrayılın, Qubadlının, Zəngilanın işğalı… Hələ bunlardan bir qədər əvvəl, Malıbəylinin, Əsgəranın, Qaybalıların və beləcə, bir-birindən əhəmiyyətli strateji mövqelərimizin əldən çıxması, hamısı ağır yaradır, matəmdir.

Amma bəzən adama elə gəlir ki, illər keçdikcə bu ağrımız, bu dərdimiz getdikcə səngiyir və çox şeylər unudulur. Dərd çəkən dərdini çəkir, atasının məzarına əl yetməməyin necə ağır dərd olduğunu bilən bilir, amma nə yazıq ki, indiki gənclik atadan miras qalan bu ağrını hiss eləməkdə sanki o qədər də həssas deyil. Elə bil ki, bir çox işlər adamın içindən gələn ağrı ilə deyil, kimlərinsə tənəsinə tuş gəlməmək üçün tənzimlənir. Bu mənada son illərdə müşahidələrimdən belə qənaətə gəlmişəm ki, bu itkilərin ən acı zərbəsini müğənnilər dadırlar. Belə ki, onlardan biri çaşıb bu günlərdən birinə hansısa tədbir planlaşdırırsa, bədxahları bir andaca hücuma keçirlər. Xatırlayırsınızsa, ötən il həmin matəm günlərindən birində Azəri qızı Günel Türkiyədə bir şou proqrama qatılmışdı və mediamızda əməlli-başlı qalmaqal başladı. Bu ilin əvvəlində aşıq Telli hansısa jurnalistdən gizlənmək üçün telefonda demişdi ki, Masallıda toydayam. Amma bunu deyəndə də fikirləşməmişdi ki, o gün həmin matəm günlərindən biridir və Masallı camaatı az qala yığışıb Bakıya gəlmişdi ki, bizdə heç kəs qələt edib, həmin gün toy çaldıra bilməz. Lap yaxın keçmişdə də Natəvan Həbibi Laçının işğalı gününə konsert planladığını açıqlayan kimi töküldülər üstünə, o qədər vurdular ki, konsertini 17-dən 18-nə keçirməli oldu. Manıslar onsuz da tez-tez şikayətlənirlər ki, iki ay məhərrəm, bir ay orucluq, son illərdə də may ayı ortaya çıxıb.

Mən məsələyə manıs düşüncəsi ilə yanaşmağı xoşlamıram, amma o odun-alovun içindən keçmiş birisi kimi onu da deyim ki, bu qədər günü qara boyamağı da münasib hesab eləmirəm. Mənə elə gəlir ki, məsələni bu cür kampaniya müstəvisinə daşımaq müəyyən zaman dilimindən sonra effektini itirə bilər. Ona görə də mütəxəssislər, xüsusilə də alimlərimiz oturub ilin bir gününü zəfər, bir gününü də matəm günü elan eləsələr, daha münasib olar. Diqqət edirsinizsə, bizim bütün ağ və qara günlərimiz bədxah qonşularımızla münasibətdə meydana çıxıb. Tariximizin ən böyük zəfəri, heç şübhəsiz ki, Bakının erməni-rus cəlladlarından azad olunduğu, yəni 1918-ci ilin 15 sentyabrıdır. O gün biz bu torpaqda ölüm-qalım imtahanını uğurla tamamlaya bildik. Təbii ki, həmin gün yanımızda olan, bizim üçün canını fəda edən Qafqaz İslam Ordusunun boynumuzdakı tarixi haqqını da unutmamalı və bu torpaqda üçrəngli bayrağımız dalğalandığı müddətcə onlara rəhmət oxumalıyıq.

Matəm günlərinə gəldikdə isə bu məqamda oturub ciddi-ciddi düşünmək və bir gün üzərində razılığa gəlmək lazımdır. Bir günü seçib həm matəm, həm də and günü elan etməliyik. O gün yaşından asılı olmayaraq, hər kəs itirdiklərimizi geri alana qədər döyüşə hazır olduğunu bir daha elan etməlidir. Mən heç tərəddüd eləmədən deyərdim ki, Şuşanın işğalı ən ağır günümüzdür. Şuşanın işğalı əslində belimizin qırıldığı gündür və ən ağır itkilərimiz məhz o hadisənin ardınca silsilə xarakteri ilə gəlməyə başladı. Unutmayaq ki, müharibədə zəfər əldə etməyin yolu psixoloji hazırlıqla bağlıdır. Biz bu istiqamətdə düşünməli və səmərə verəcək qərarlar qəbul etməliyik. Bir də ki, ayrı-ayrı rayondan olanların ayrı-ayrı günlərdə Şəhidlər xiyabanını ziyarətə getməsindənsə, hamısının eyni gündə bir araya, göz-gözə gəlməsi daha yaxşı olar. Mənim üçün Şuşanın əldən getməsi öz rayonumun getməsindən daha ağırdır. Yəni Şuşanı bu məsələdə rəmzləşdirmək lazımdır. Şuşa dərdinin içində bütün itirdiklərimizin ağrı-acısı var və Şuşa hamımız üçün qırılma nöqtəsidir. Dikəlmək üçün də qırıldığımız yerdən başlamalıyıq.

Əli Çərkəzoğlu, www.zaman.az

Şərh yaz

Please enter your comment!
Please enter your name here

19 − fifteen =