Zərdablı şairənin yeni kitabı çapdan çıxıb

3
Sevil Gültən
Müsahibimiz bədii yazıları və tərcümələri ilə mətbuatda tez-tez çıxış edən, tanınmış tərcüməçi və yazar Sevil Gültəndir.

Sevil GültənZƏRDABLI ŞAİRƏNİN YENİ KİTABI: “ALDANMIŞ BİR ÜRƏYİN HƏRARƏTİ”

Zərdablı şairə Sevil Gültənin “Bir aldanmış ürəyim var” adlı yeni şeirlər kitabı çapdan çıxıb. Kitabda Sevil xanımın bir-birindən gözəl, milliliyi və bəşəriliyi ilə ürəklərə yol tapan şeirləri toplanıb. Bu şeirlərin hər biri pak ruhun saf məhsuludur:

Bağlama könlünün qapılarını bu gecə,

Xəyalım könlünün qonağı olmaq istər gizlicə.

Üşümüş xəyalım könül evində gecələmək dilər,

Aç könlünün qapılarını! Bir az xəyalım isinər.

Yığcam misralarda nə böyük poeziya! Dünya ədəbiyyatının “yadlaşma” deyilən ağır bir bəla ilə üz-üzə qaldığı zamanda doğmalığa, yaxınlığa çağırış!

Sevilin şeirlərində ülvi sevgi əsas xəttdir. Onun poetikası sevgidən doğulub, məhəbbətdən yoğrulub. Mərhum şair Şahmar Əkbərzadəyə ithaf etdiyi “Qarabağa bizsiz gəlir bu yaz da” şeiri isə Sevilin vətənpərvərliyinin göstəricisidir:

Ürəyində hələ dərddir gül açan,

Novruzgülünün mənim kimi bağrı qan,

Xarıbülbül qovuşacaq bəs haçan,

Qarabağa bizsiz gəlir bu yaz da.

Şairənin şeirlərində zahirən bir nisgil, həsrət sezilsə də, nikbin notlar da duyulur:

Sənə səni sevdiyimi

Deyə bilsəm nə vardı ki…

Ürəyinin qapısını

Döyə bilsəm nə vardı ki…

Sevil xanımın hekayələri və “Danışan duyğularım” adlı kiçik həcmli yazıları da şeirləri kimi poetik və ürəyəyatımlıdır. O, şeirlərində və yazılarında sevgini sözün həqiqi mənasında eşq səviyyəsinə qaldırır. Bu şeirlərdə “könül” və “xəyal” mifik obraz yox, real surət məqamındadır.

Oxucuları bu kitabı oxumağa dəvət edir, Sevil xanıma isə uğurlar arzulayıram.

Tapdıq QORÇULU,

Zərdabda məskunlaşan Laçın rayonundan məcburi köçkün, şair.

 

 

3 ŞƏRH

  1. Həsən bəy Zərdabi yurdunda doğulub boya-başa çatan, gözəl şairə bacımız Sevil Gültən xanım, Sizi “Bir aldanmış ürəyim var” adlı şeirlər kitabınızın işıq üzü görməsi münasibətilə təbrik edirəm.
    Bu kitabınızdan öncə çap olunan kitabınızı şəxsən mənə vermisiniz. Yaradıcılığınıza böyük hörmət və diqqətlə yanaşan, onu dəyərləndirən qələm sahibi kimi, bu kitabınızda da əks olunan şeirlərinizi məmnuniyyətlə oxumağı özümə borc bilirəm.
    Hörmətli şairə bacımız Sizə yeni-yeni nailiyyətlər, yaradıcılıq uğurları arzulayıram.

    Hörmətlə,
    Eldəniz Həsənov
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
    “Qızıl Qələm” mükafatı laureatı

  2. Salam Bura BASQA Bir Saire Muellimin Seirin Nece Yerlesdirmek Olar !

  3. Doğrusu , bu yazıya indi rast gəldim. Müəllifə təşəkkür edirəm. Amma ordakı bir şeir mənim şeirim deyil. O kitabda mənim tərcümələrim də var. Şahmar Əkbərzadəyə ithaf olunanm şeir Elçin İsgəndərzadənindir- bir səhifədə Azərbaycan dilindədir o biri səhifədə isə ingilis dilində

Şərh yaz

Please enter your comment!
Please enter your name here

2 × 4 =