Zərdabda təşkil olunmuş “Kitab bayramı” barədə qeydlər

5
Zərdab

ZərdabDahi həmyerlimiz Həsən bəy Zərdabi yazırdı: “Kitab bəşəriyyətin ən böyük kəşfidir”. Bu kəşfin sayəsində nələrə nail olmadıq?  Kimliyimizin, millətimizin, məmləkətimizin ən dərin qatlarına enə bildik. Dünya, o cümlədən rus, həmçinin Azərbaycan klassiklərinin əsərləri ilə tanış olduq. Digər xalqların ənənələrini öyrəndikcə özümüzün üstünlüyümüzü dərk edə bildik. Kitabları oxuduqca dinimizin aliliyini, hüquqlarımızı və borclarımızı anladıq, müstəqillik uğrunda mübarizə aparan oğullarımızın şücaətini öyrəndik. Nizamini, Füzulini, Zakiri, Vaqifi, Vidadini oxuduqca mənəviyyat xəzinəsindən ən dəyərli inciləri seçə bildik. Ən məşhur insanların həyat və yaradıcılığı ilə tanış olduqca görürük ki, onların çoxu klassiklərimizin fikirlərini əsas götürüblər. Bu gün də az ziyalı tapılar ki, Viktor Hüqonun “Səfillər”ini ən azı 2-3 dəfə oxumasın. V. Şekspirə kim müraciət etməyib ki? Ədəbiyyat aləmi ilə maraqlananlar T.Drayzerin “Dahi”sini , L.Tolstoyun “Hərb və sülh”ünü yəqin ki, tez-tez vərəqləyirlər. Bütövlükdə türk aləmini nəzərdən keçirsək görərik ki, hətta müharibədə iştirak etdiyi günlərdə belə Mustafa Kamal Atatürk R.N.Güntəkinin “Çalı kuşu” romanından 5-6 səhifə oxuyarmış. Ulu öndərimiz Cəlil Məmmədquluzadənin əsərlərini çox sevərmiş və ardıcıl mütaliə edərmiş. Böyük Azərbaycanlı ən dəyərli keyfiyyətləri özündə həm də ona görə cəmləşdirə bilmişdir ki , Heydər Əliyev ardıcıl olaraq ən yaxşı kitablarla təmasda idi . Məhz elə buna görə ümummilli liderimizin  anadan olmasının 91-ci ildönümü münasibətilə təşkil olunan silsilə tədbirlər sırasında “Kitab bayramı” da vardı. Mayın 10-da Zərdab şəhərindəki Heydər Əliyev adına mədəniyyət və istirahət parkında təşkil olunan “Kitab bayramı” rayon mərkəzləşdirilmiş kitabxana sisteminin direktoru Nailə xanım Əliyeva başda olmaqla bütün kollektiv tərəfindən böyük zövqlə hazırlanmışdı. “Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin memarıdır” başlıqlı sərgidə ulu öndərimizin seçilmiş əsərləri ilə yanaşı, Heydər Əliyev haqqında yazılmış əsərlər də nümayiş olunurdu . “Heydər Əliyev və səhiyyə”, “Akademik Zərifə xanım Əliyeva” adlı bölmədə tibb elminin qazandığı uğurlardan bəhs olunur. “Zərdab rayonu  inkişaf və çiçəklənmə dövründə“ adlı guşədə son  illərdə əldə olunan uğurlara həsr olunmuş kitablar da çox idi.  .“ Həsən bəy Zərdabi milli mətbuatımızın banisidir” başlıqlı sərgi ədəbiyyatlarla zəngin idi. “Kitab bayramı”nda mərkəzi kitabxananın şöbə müdiri Mehparə Səfərəliyevanın hazırladığı  “Torpağı Vətən edən oğullar”  güşəsi ziyarətçilərin çox xoşuna gəldi. Zərdab Rayon İcra Hakimiyyətinin başçısı hörmətli Lütvəli Babayev burada nümayiş olunan dəyərli sənədləri , bəzədilmiş portretləri xüsusi qeyd etdi. Bir-birindən zəngin olan bölmələrdəki kitablar məzmununa görə çox əhəmiyyətli idi. Mərkəzləşdirilmiş kitabxana sisteminin təqdim etdiyi bölmələr arasında “Zərdabi yurdunun yazarları” da tamaşaçıların böyük marağına səbəb oldu. Burada rayonumuzun yazarlarından Ali Media mükafatı laureatı, beş kitab müəllifi İsaməddin Əhmədovun, Zabit Davudovun, Bəylər Abdullayevin və başqalarının əsərləri təqdim olunurdu. Oxucular kitabxana əməkdaşlarına maraqlı suallarla müraciət edirdilər .

Bayram günü tədbirlər planına uyğun olaraq rayonun təhsil, mədəni-maarif  müəssisələrinin bədii özfəaliyyət yaradıcılıqlarına baxış keçirilirdi.

“Kitab bayramı”nda  “Şöhrət” ordenli, əməkdar elm xadimi, görkəmli akademik Teymur Bünyatov da iştirak etdi.

TƏRLAN ABDULLAYEVA, “ƏKİNÇİ”NİN MÜXBİRİ

5 ŞƏRH

  1. ” Kitabxana cəmiyyət üçün mənəviyyat, bilik, zəka mənbəyidir.Ona görə də kitabxanaya daimi hörmət xalqımızın mədəniyyətini nümayiş etdirən amillərdəndir .”
    Heydər Əliyev.
    çöx hörmətli Tərlan xanım.məqalənizi oxudum. Sizə öz hörmətimi bildirmək istəyirəm. Mən sizin fəaliyyətinizi, qələminizi çox yüksək qiymətləndirirəm.Bütün kibxaxana işçiləri adından başda Nailə xanım olmaqlla bir daha təşəkkürümüzü bildiririk.

  2. Çox hörmətli Mehparə xanım ! Mən də Sizə təşəkkür edirəm .Əsl təşəkkürə layiq isə Sizin kollektivinizin gözəl fəaliyyətidir.

  3. mAYIN 10-DA TƏŞKİL OLUNMUŞ TƏDBİRLƏR SIRASINDA BİZİM “kİTAB bAYRAMİ”DA ÇOX SEVİLDİ.BU,OXUCULARLA MÜƏLLİFLƏRİN, YERLİ YAZARLARIN BİR GÖRÜŞÜ İDİ.BU GÖZƏL BAYRAMI ƏRSİYYƏ GƏLMƏSİ ÜÇÜN NAİLƏ XANIM ƏLİYEVA BAŞDA OLMAQLA,BÜTÜN KİTABXANA KOLLEKTİVİMİZƏ ÜRƏKDƏN MİNNƏTDARAM.BU GÖRÜŞ BİR DAHA İSBAT ETDİ Kİ,KİTAB SEVƏRLƏRİMİZ ÇOXDUR.K.İTABLARIMIZ İSƏ ONLARIN YOLUNU GÖZLƏYİR.SONDA HÖRMƏTLİ TƏRLAN XANIMA DA TƏŞƏKKÜR EDİRƏM.39 SAYLI ŞƏHƏR GƏNCLƏR KİTABXANASI

  4. Hörmətli Gülxanım Vəliyeva! Bu məqaləni oxuduğunuz üçün mən də Sizə təşəkkür edirəm .

  5. Kitab təhsilin təməlidir.
    Bütün kitab sevərləri 10 May 2015-ci il tarixdə Dünya siyasətçisi, Ulu Öndər H.Əliyevin doğum günündə, H.Əliyev parkında təşkil olunmuş gül bayramına dəvət edirik.Buyurub gələ bilərsiniz.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

four × one =