Xoşbətlik şahzadə, yaxud da kölə doğulmaq deyil…

0
22

xoşbextlikSon zamanlar ən çox “xoşbəxt” və onun qarşılığı olan “bədbəxt” kəlmələri haqqında düşünürəm. Sizcə, xoşbəxtlik nə deməkdir və xoşbəxt kimdir? – Təbii ki, saymağa başlayacaqsınız: sağlam olsun, ailəsi, övladları olsun, pulu, işi, xətir-hörməti olsun, sevdiklərinin arasında olsun və s. Mələsəyə bu prizmadan yaxınlaşanda dünyanın ən xoşbəxt adamı Britaniya krallığının şahzadəsidir. Daha nə istəyəcək ki? Ən zəngin və soylu bir ailənin fərdi kimi dünyaya göz açıb, nəyə əl uzatsa, əlinin altındadır, hər yerdən də xətir-hörmət görür.

Həqiqətən də, bu dünyaya bir kral ailəsində göz açmaq var, bir də bir kölənin övladı kimi. Dünya şərtləri prizmasından baxsaq, əlbəttə, kral ailəsində doğulmaq xoşbəxtlikdir. Əgər həqiqət bu qədər bəsitdirsə, bəs onda Allahın ədalətini hara qoyacağıq? Əgər bəxti verən Allahdırsa, onda insanlar arasındakı bu fərqi necə izah edək? Əlbəttə, bəxti verən Allahdır və milyon dəfə əlbəttə ki, Allah Adildir. Məsələyə başqa yöndən baxmasaq, həqiqəti görə bilmərik. Yəni dünya şərtləri prizmasından xoşbəxtlik kimi görünən hallar heç də o demək deyil ki, ədalət prizmasından baxanda da eyni rəngdə görünəcək. “Xoşbəxtlik” sözünün klassik ədəbiyyatda qarşılığı “səadət”dir. “Səadət”in anlamı isə Allahın razılığını qazanmaq deməkdir. Belə çıxır ki, insan hansı şərtlər içində doğulmasına, yaşamasına baxmayaraq, “xoşbəxtlik” qavramı bəndənin öz Allahını xoşnud edə bilməsi ilə bağlı ifadədir. Sadəcə,  bu ötəri dünya həyatında ağır şərtlər var, yüngül şərtlər var və buna müqabil olaraq ağır şərtlərin mükafatı da böyük olmalıdır, inşaallah. Sözümüzün canı odur ki, xoşbətlik şahzadə, yaxud da kölə kimi doğulmaqla bağlı deyil, Yaradan qarşısında borcunu anlamaq və onu yerinə yetirməklə əlaqəli anlayışdır. Məsuliyyəti “bəxt”, “tale”, “qismət” kimi qavramların, anlayışların üzərinə atmayın, özünüzdə axtarın və mövcud şəraitdə ən doğru seçimə yönəlin ki, sonra peşman olmayasınız.

www.zaman.az