Borc sahibi hansı hallarda haqlıdır?

0

borcƏbu Səid Xudri söyləyir:Bir bədəvinin Rəsulullahdan (s.ə.s.) alacağı vardı. Borcunu istəmək üçün Rəsulullahın (s.ə.s.) hüzuruna gəldi və danışarkən də həddini aşdı:

– Mənim borcumu ödəyənə qədər gəlib səni narahat edəcəm, – deməkdən belə, çəkinmədi. Səhabələr araya girərək:

– yazıqlar olsun sənə. Sən kiminlə danışdığını bilirsənmi? – dedilər və onu yərbəyerdən qınamağa başladılar. Borc sahibi də:

– Mən verdiyim borcu istəyirəm, – deyə qarşılıq verdi.

Rəsulullah (s.ə.s) səhabələrinə tərəf dönərək:

– Siz niyə haqq sahibinin tərəfini tutmursunuz? – soruşdu. Ardınca da bir adam ayırıb onunla Havlə binti Kaysa “varsa, quru xurmadan bizim borcumuzu ödə. Sonra biz sənin borcunu ödəyərik” deyə sifariş göndərdi. Havlə xanım Rəsulullahın (s.ə.s.) sifarişini canla-başla qəbul elədi və “atam-anam Sənə fəda olsun, ya Rəsulullah” deyərək həmin adamla lazım olan qədər xurmanı göndərdi. Rəsulullah (s.ə.s.) da bədəviyə olan borcunu ödədi, üstəlik də, onu süfrəyə dəvət edib yaxşıca yedirib-içirdi. Bu minasibətdən məmnun qalan bədəvi:

– Sən öz borcunu gözəl şəkildə ödədin, Allah da Sənə mükafatını tam olaraq versin,- dedi.

Bədəvinin bu sözünə qarşılıq olaraq Rəsulullah belə buyurdu:

– Öz borcunu gözəl şəkildə ödəyənlər insanların xeyirliləridir. Zəiflərin əziyyət görmədən öz haqlarını ala bilmədikləri bir cəmiyyət qurtuluşa çıxa bilməz.

www.zaman.az