Əlində olan malın həqiqi sahibinin Allah olduğunu unudanlar

0
dunya

kainat-düşüncə“Allah tərəfindən bəxş edilmiş mal-dövləti sərf etməyə xəsislik edənlər heç də bunu özləri üçün xeyirli hesab etməsinlər. Xeyr, bu onlar üçün zərərlidir. Onların xəsislik etdikləri şey qiyamət günü boyunlarına dolanacaq. Göylərin və yerin mirası Allaha məxsusdur. Allah hər bir əməlinizdən xəbərdardır.” (Ali-İmran surəsi – 180)

Uca dinimiz İslam zəkatla yanaşı başqa maddi xərclər çəkməyi də əmr etmiş, ətrafımızdakı insanlara qarşı vəzifə və məsuliyyətlərimiz olduğunu bizə xatırlatmışdır. Ailənin güzəranının qazanılması, qohumların, kasıb və yetimlərin qorunması, ətrafımızdakı möhtac insanlara imkanımızın yetdiyi qədər maddi köməklik göstərilməsi bu vəzifə və məsuliyyətlər arasında yer almaqdadır.

Bu baxımdan İslamda israf və malı düşməncəsinə dağıtmaq qadağan olunduğu kimi xəsislik də qadağan edilmişdir. Xəsislik – imkan olduğu halda mal və ya sərvəti dini və hüquqi baxımdan lazımi yerlərə xərcləməmək və xeyir yolunda sərf etməkdən qaçmaqdır. başqa sözlə, “Mal və sərvəti yaradılış qayəsi xaricində xərcləmək israf, yaradılış qayəsi istiqamətində xərcləmək isə comərdlik, yəni səxavətli olmaqdır”.

Xəsis o kəsdir ki, əlində olan malın həqiqi sahibinin Allah olduğunu unudaraq, möhtac olanlara verməz. İmkanı olduğu halda Uca Allahın verdiyi mal və sərvəti lazım olan yerlərə verməkdə xəsislik edənlər başqa həyat yoldaşı və övladları olmaqla ətrafda hər kəsə pislik etmiş olarlar. Çünki Allahın onlara verdiyi bu nemətlərdə digər insanların da haqqı vardır (əl-Məcaic surəsi – 24-25). Bu haqqın sahiblərinə verilməsi lazımdır.

Yuxarıda məalını verdiyimiz bu mübarək ayə bildirir ki, insan ona verilmiş malın həqiqi sahibi deyil. Əsl sahib Allahdır, malı bəndəsinə verən də Odur və verərkən də əmr edir ki, o malda yetim-yesirin, möhtacların haqqı var, o haqqı onlara ver. Ancaq xəsis Allahın bu əmrindən çıxaraq əlindəkini öz malı hesab edir, özünü kimsəyə borclu bilmir, sərvət yığır, ancaq nəticə etibarı ilə də böyük bir hüsrana, zərərə uğrayır.

Sevimli Peyğəmbərimiz (s.ə.s): “İki xüsusiyyət var ki, onlar bir mömində əsla olmaz: xəsislik və pis əxlaq”, – buyuraraq, müsəlmanın bu xüsusiyyətlərdən uzaq olmasının nə qədər mühüm olduğunu xüsusi vurğulamışdır.

Başqa bir hədisdə sevimli Peyğəmbərimiz:

“Hər səhər göydən iki mələk enər. Biri: “Allahım! İnfaq edənə (ehtiyacları qarşılayana, dolandırana, davamlı olaraq yardım edənə) qarşılığını ver”, – deyə dua edər. Digəri də: “Allahım! Xəsislik edənə tələf ver (malını yox et)”, – deyə qarğış edər, – buyurmuşdur.”

Rəsulullah (s.ə.s) xəsis adamların Allahdan, cənnətdən, və insanlardan uzaq, cəhənnəm atəşinə isə yaxın olduqlarını bildirmişdir.

“Xəsislik etməkdən çəkinin. Çünki xəsislik sizdən əvvəl yaşayan insanları bir-birini boğazlamağa və toxunulmaz haqlarını tapdalamağa qədər sürükləyərək həlak etmişdir” hədisi-şərifi xəsislik üzündən gələcəkdə baş verə biləcək fəlakətlərin qarşısını almağa çağırır.

Bir cəmiyyətdə zəngin adamlar öz sərvətlərindən kasıblara pay ayırmazsa, möhtacları qorumazlarsa, kasıblarda qəzəb və nifrət hissinin alovlanmasına səbəb olarlar. Beləliklə də, cəmiyyətin nizamı pozılmuş olar. Halbuki, zənginlər nəfsin istəklərindən qurtularaq öz boyunlarına düşən borcları yerinə yetirsələr, həm dünya həyatında hər şey nizam içində olar, həm də bu davranış onların axirət qazancı olar.

Allah-Təala hər kəsi bir cür imtahan edir. Kiminə sərvət verib sınağa çəkir; kimini də ehtiyacla yoxlayır. Hər kəs də öz durumuna görə ya zərərə uğrayır, ya da imtahanı uğurla verib axirətinə sərmayə qazanır. Unutmayaq ki, verməli olduğumuz halda vermədiyimiz, xəsislik etdiklərimiz axirət günü boynumuza dolanacaq.

www.zaman.az

Şərh yaz

Please enter your comment!
Please enter your name here

15 + 8 =