Könül dincliyi ilə Rəbbimizə üz tutub Ona ibadət etməliyik

0
32

dünyaAllah heç bir şeyə möhtac olmadan istədiyi hər şeyi, ən doğru və ən yaxşı şəkildə yerinə yetirməyə qadir gücə, biliyə və hikmətə sahibdir; keçmişdəki müqəddəs kitabları nazil etdiyi kimi, Quranı da O nazil etmişdir. Uca Allahdan başqa heç kim belə bir kitabı nazil etməyə qadir deyil. Quranın insanların vəziyyətinə görə, onların ehtiyaclarını təmin edəcək şəkildə ard-arda nazil olması Rəbbimizin bizə dəyər verdiyinin bir göstəricisidir. Əlimizdə olan bu müqəddəs kitabı nazil edən Allahdır və O, əzizdir, hikmət sahibidir.

Qurani-Kərim nazil olduğu dövrdə onun Allahın nəzdindən göndərilən haqq kitab olduğuna şübhə edənlərə Qurana bənzər bir kitabı nazil etmələri üçün bir çox ayə ilə meydan oxumuşdur. Müxtəlif üslublarla nazil olan bu ayələrdə Quranın hələ də tamamən nazil olmadığına baxmayaraq, insanlardan oxşarını gətirmələri istənilir. Maraqlıdır ki, bu meydan oxuma ərəb dilini ən gözəl şəkildə oxuyanlara yönəldilir. Lakin onlar Quranın mislini meydana gətirməkdə aciz qalmışlar. Quran bu şəkildə möcüzəliliyini qəbul etdirmiş, belə bir kitabın insan əməyinin məhsulu və həzrət Muhammədin öz sözləri olmadığını isbat etmişdir. Bəli, oxuduğumuz bu kitab haqq üzrə nazil olmuşdur. Kitabın özü də haqq, nazil olması da haqdır. Onda olan hər bir şey həqiqətdir və doğrudur. Çünki o, Allahın nazil etdiyi, şəkk və şübhə edilməsi mümkün olmayan bir kitabdır.

Digər tərəfdən, Qurani-Kərim bizim üçün böyük bir nemətdir. Bu nemətin əvəzində nə qədər şükr etsək, yenə də azdır. Şükrümüzü bildirmək üçün Rəbbimizə ibadət etməli və ibadətlərimizdə səmimi olmalıyıq. Çünki ixlas/səmimiyyət olmazsa, Rəbbimizin razılığına çatmaq mümkün deyil. İxlas Allahı vahid qəbul etmək, qəlbi bütün səmimiyyəti ilə Ona doğru istiqamətləndirmək, dini Ona məxsus görmək, həm ibadətləri, həm də digər dini və əxlaqi bütün davranışları riya və nümayişdən, şəxsi mənfəətdən uzaq tutub, yalnız Allahın razılığı üçün yerinə yetirmək deməkdir. İçində şübhə olan bir imanın insana faydası yoxdur, amma ziyanı var. Uca Allaha inanıb, Onu tək qəbul edən bir qəlb Ona son dərəcə hörmət göstərər, Onun əmrlərini yerinə yetirməkdən zövq alar. Belə bir qəlbə sahib olan müsəlman bütün davranışlarında Rəbbini razı salmağı qarşısına məqsəd qoyar. Rəbbimizin razılığına nail olmaq istəyiriksə, əməllərimizi həyatımızın hər dövründə Rəbbimizin buyruqları istiqamətində həyata keçirməli, özümüzü bu yolda tənzimləməliyik. Allahın nəzdində məqbul bir imana sahib olmağın yolu bu istiqamətdə hərəkət etməkdir. Necə ki, Peyğəmbərimiz bir hədisində belə buyurmuşdur:

“Kim Allah üçün sevər, Allah üçün qəzəblənər, Allah üçün infaq edər, Allah üçün mane olarsa, imanı kamilləşər” (Əbu Davud, “Sünnə”, 15)

Yekun olaraq bizi yaradıb dünyaya göndərən Rəbbimiz biz bəndələrinin ehtiyaclarını təmin edib doğru yolu göstərən, doğruluğunda əsla şübhə olmayan Quranı göndərmiş və göndərdiyi kitaba tabe olub, onu özümüzə rəhbər seçməyimizi istəmişdir. Belə olan halda, könül dincliyi ilə Rəbbimizə üz tutub Ona ibadət etməli və ondan kömək istəməliyik.

WWW.ZAMAN.AZ