Zərdabda taxıl biçininə hazırlıq müzakirə olundu

0
21

kombaynZərdab Rayon İcra Hakimiyyətində taxıl biçini kampaniyasının başlanması ilə əlaqədar yığıncaq keçirildi.

Yığıncaqda çıxış edən Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev bildirdi ki, ölkədə kənd təsərrüfatının inkişafına göstərilən davamlı dövlət dəstəyi Zərdab rayonunda da öz müsbət nəticələrini göstərir. Əkin dövriyyəsinin və taxıl istehsalının, toxumçuluq təsərrüfatlarının ilbəil artması, müasir texnikaların alınması bu qayğının bariz nümunəsidir. Qeyd edib ki, 2013-cü ildə Zərdabda 47 min 97 ton taxıl istehsal olunub ki, bu da 2012-ci illə müqayisədə təxminən 9 min ton artıqdır. 2014-cü ildə isə 18034 hektarda taxıl əkilib və bol məhsul gözlənilir.

Rayonumuzda aqroservis filialı üçün anbar, talvar, təmir sexi və inzibati binadan ibarət kompleksin yaradılması, eləcə də bu yaxınlarda 9 ədəd yeni kombaynın fermerlərə verilməsi taxıl yığımına öz mühüm töhfəsini verəcək.

İcra başçısı qeyd etdi ki, rayonda artıq ayın sonuna qədər arpa biçininə başlanacaq: “Bu məqsədlə Kənd Təsərrüfatı Nazirliyindən rayona mütəxəssislər təhkim olunub. Fermerlərə nazirlik səviyyəsində də nə kömək lazımdır olunacaq. “Aqrolizinq” ASC-nin Zərdab aqroservis filialı, Texniki nəzarət müfəttişliyi, Toxum Müfəttişliyi, yerli icra və bələdiyyə orqanları biçin kampaniyasını mütəşəkkil təşkil etməlidirlər.

İlk növbədə şəhid ailələrinin, Qarabağ əlillərinin, veteranların və digər imtiyazlı ailələrin yetişmiş  taxıl sahəsi biçilməlidir.

Rayon Yanğından mühafizə xidməti, səhiyyə şöbəsi və digər aidiyyəti qurumlar tərəfindən biçin kampaniyası dövründə bütün təhlükəsizlik tədbirləri tam təmin edilməlidir”.

Sonra yığıncaqda “Aqrolizinq” ASC-nin Zərdab aqroservis filialının müdiri Həmzə İsayev məlumat verdi ki, bu il taxıl istehsalçılarının bütün müraciətlərinə müsbət cavabın verilməsi üçün zəruri tədbirlər görülüb.

Rayonumuza dağ rayonlarından da əlavə kömək məqsədilə kombaynlar verilməsi nəzərdə tutulub.

Həmzə İsayev zərdablı fermerlər  adından onlara göstərilən hər cür diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıq etdi.

Sonda taxıl biçini kampaniyası ilə əlaqədar yeni qərargah yaradıldı.

 Zərdab Rayon İcra Hakimiyyəti