Allah daxili aləmimizi bilir

0
26

İnsanlıq“Göylərdə və yerdə nə varsa,  (hamısı) Allaha məxsusdur. Siz ürəyinizdə olanı zahirə sıxarsanız da, çıxarmasanız da, Allah ona müvafiq sizinlə haqq-hesab çəkər. (Allah) istədiyini bağışlar, istədiyinə də əzab verər. Allah hər şeyə qadirdir!” (əl-Bəqərə, 2/284)

Uca Allahın biliyi və elmi qeyri-məhduddur. Biz onun bəndələri kimi yalnız bəzi şeyləri bilməyə qadirik. Təbii olaraq bizim biliklərimiz məhduddur. Lakin Uca Rəbbimizin elmi hər şeyi əhatə edir. O, görünən və görünməyən hər şeyi bilir. Hətta bizim zehnimizdən keçirdiklərimizi, daxili aləmimizdən keçənləri də bilir. O, bizə bizdən də yaxındır. Göylərdə və yerdə olan hər şey Uca Rəbbimizə aiddir. Varlıq Onundur, Onun mülküdür. Bütün kainatda Allahın elmindən, biliyindən gizli qalan bir şey düşünmək mümkün deyil. Uca Yaradan hamısını bilir. Biz də bu varlıq aləminə daxil olduğumuz üçün bizim də daxilimizdə və xaricimizdə olanı və etdiklərimizi bilir.

Biz öz daxili dünyamızda olanları aşkara çıxarsaq da, gizli saxlasaq da, O, hamısını bilir. Allahın biliyindən heç bir şey, hətta içimizdən, qəlbimizdən keçən şeylər də gizli qalmadığına görə hiss və düşüncələrimizə daim nəzarət etməli, pis, çirkin və günah olan şeyləri qəlbimizdən keçirməməyə çalışmalıyıq. Biz Allahın bəndələri olaraq öz düşüncələrimizi, daxili dünyamızı, xarici aləmimizi Rəbbimizin məmnuniyyəti istiqamətində saf və təmiz saxlamağa çalışmalıyıq.

Biz insanlar öz əməllərimizdəki niyyət və qərarlılığa görə iradəli şəkildə hesaba çəkiləcəyik. Rəbbimiz istəmədiyimiz halda ağlımıza gələn və həyata keçirmədiyimiz düşüncələrə görə bizi hesaba çəkməz. Bu, əlbəttə ki, Rəbbimizin ucalığındandır. Ancaq xeyirli bir işə niyyətləniriksə, onu edə bilməsək belə, Rəbbimiz həmin niyyətimizə görə bizə savab verər. Bununla əlaqədar Həzrəti-Peyğəmbər (s.ə.s.) belə buyurmuşdur:

“Allah ümmətimiz daxilində düşündüklərini, – deməddikcə və yerinə yetirmədikcə, – bağışlamışdır”

Bir hədisi-qüdsidə isə Allah-Təala belə buyurmaqdadır:

“Bəndəm yaxşı bir əməli yerinə yetirməyə qərar verdiyi zaman Mən ona bir savab yazaram, onu yerinə yetirəndə isə ondan yeddi yüzə qədər çoxaldıb savab yazaram. Pis bir şeyi yerinə yetirməyə qərar verib, onu etməzsə, günah yazmaram, yerinə yetirdiyi zaman bir günah yazaram.”

Səhabələr Həzrəti-Peyğəmbərin (s.ə.s) yanına gəlib zehinlərindən inancla əlaqəli izahı mümkün olmayan bəzi pis düşüncələrin keçdiyini deyəndə Allahın elçisi onlara bu cavabı vermişdi: “İman dediyin də elə budur.”

Hər bir bəndənin Allahın əfvinə və məğfirətinə ehtiyacı var. Onun İlahi əfvi və məğfirəti olmazsa, həqiqi nicata çatmaq mümkün deyil.

İnsanın heç bir halı Allahdan gizlin qalmaz. Öz azad iradəmizlə seçdiyimiz hər bir variant, yol, addım üçün Allah bizi hesaba çəkəcək və məsul tutacaq. Ancaq mərhəməti ilə hər şeyi bürüyən Rəbbimiz məsuliyyəti dəqiqləşdirdikdən sonra istədiyini bağışlayar, məğfirət edər.

“And olsun ki, insanı Biz yaratdıq və nəfsinin ona vəsvəsə verdiyini də Biz bilirik. Biz ona şah damarından da yaxınıq! Xatırla ki, (insanın) sağında və solunda (onun bütün əməllərini) təsbit edən (qeydə alan) iki mələk oturmuşdur” (Qaf surəsi – 16-17) buyuran Rəbbimiz hər əməlimizi olduğu kimi bilir və mələklərinə qeyd etdirir.

“Dediyi hər sözü (yazmaq üçün) onun yanında hazır durub (əməllərini) gözləyən (və qeydə alan) iki mələk vardır!” (Qaf surəsi – 18) ayəsinə qulaq asıb hər bir sözümüzün və əməlimizin qeyd olunduğunu düşünməli və bütün həyatımız boyunca Allahın əmrlərinə uyğun davranmalıyıq.

İnsanların görmədiyi yerdə “kimsə məni görmür” düşüncəsi ilə haram əməllərdən və günah işlərdən çəkinmiriksə, çox böyük yanlış içindəyik və bu xətalı zehniyyətdən qurtarmaq üçün Allah-Təalanın xitabına qulaq verməliyik:

“(Ey Peyğəmbərim!) Sən nə iş görsən, Qurandan nə oxusan, nə iş görsəniz, onlara daldığınız (onları etdiyiniz) zaman Biz sizə şahid olarıq. Yerdə və göydə zərrə qədər bir şey sənin Rəbbindən gizli qalmaz. Ondan daha böyük, daha kiçik elə bir şey də yoxdur ki, açıq-aydın kitabda (lövhi-məhfuzda) olmasın” (Yunus surəsi – 61).

www.zaman.az