Sözlə yox, əməllə öyrədin!

0
həyat dərsi

həyat dərsiUşaq gördüyünü götürür, eşitdiyini yox. Ona görə də ona bir şeyi tövsiyə edəndə gərək, əvvəlcə, oturub düşünəsən ki, o dediyin şey sənin özündə var, ya yox. Əgər yoxsa, əlbəttə, deyilən sözün də bir təsiri olmayacaq, üstəlik də, üzünüzə vurmasa belə, uşaq ürəyində sizin səmimi olmadığınızı düşünəcək.

Tərbiyənin yolu sözdən əvvəl, örnək olmaqdan keçir. Əgər ailədə böyüyən uşağı düzgün tərbiyə etmək istəyirsinizsə, bunu ilk növbədə, öz üzərinizdə tətbiq etməklə başlamalısınız.

Övladınızın təkəbbürlü olmamasını istəyirsiniz, istəyirsiniz ki, təvazökar olsun, öz xətasında inad etməsin, yəni “dediyim dedikdi” deməsin. Bunun üçün, ilk növbədə, özünüz təvazökar olmalısınız. Ailə içində bir qüsurunuz olubsa, tutaq ki, verdiyiniz hansısa sözü yerinə yetirə bilməmisinizsə, üzr istəməyi bacarmalısınız. Uşaq görməlidir ki, atası, ya anası öz övladından üzr istəyə bilir. Əmin olun ki, bu sizə heç də əskiklik gətirməyəcək. Əksinə, çox böyük qazancınız olacaq. Övladınız sizin dürüst, ədalətli olduğunuza inanacaq və heç özü də bilmədən o keyfiyyəti sizdən əxz edəcək.

İnsan gördüyü yaxşılığın qədrini biləndə, qarşı tərəfə təşəkkür edəndə və ya xətası üçün üzr istəməyi bacaranda böyük olur. Yəni övladınız təşəkkür etməyi də, üzr istəməyi də elə öz doğmalarından, sizdən öyrənməlidir. Məsələn, süfrə başında əliniz çatmadığı üçün yoldaşınızdan duz qabını sizə verməsini istəyirsiniz və qarşılığında da təşəkkür edirsiniz. Əmin olun ki, sizin bu davranışınız sizinlə süfrə başında oturan övladınızın zehninə, şüuruna yeriyəcək və eyni şeyi o da təkrarlamalı olacaq.

Məsələ təkcə bununla da bitmir. Evdən sağollaşıb, xoş bir təbəssüm edərək çıxmaq, axşam evə dönəndə salamlaşmaq, hal-əhval soruşmaq da tərbiyə üçün çox mühüm amillərdir. Uşaq anlamalıdır ki, ailə müqəddəs ocaqdır və burada hər zaman sevgi, səmimiyyət öndə tutulmalıdır.

Başqa bir məqama toxunmaq istəyirik: ola bilsin ki, sizin çöldə-bayırda, işdə bəzi yersiz, daha doğrusu, çirkin vərdişləriniz var. Eyni şeyləri evdə də təkrarlamaq verəcəyiniz tərbiyənin, deyəcəyiniz sözün təsirini azaldır və bir çox hallarda isə övladın təsəvvüründəki ata, ana təsəvvürünü alt-üst edir.

Bu yolla siz əslində övladınızı gələcək ailə həyatına hazırlamış olursunuz. Unutmayaq ki, övlad tərbiyəsi hər bir valideynin ən böyük arzusudur. Çünki düzgün tərbiyə almamış övlad sonradan valideyn üçün min cür problemə, ağrıya, dərdə çevrilir. Tərbiyə məsələsi isə bir çox hallarda bizim kiçik, adi hesab elədiyimiz məsələlərdən keçir. Ona görə də bu işdə ciddi, özünə qarşı tələbkar və davamlı olmaq şərtdir.

Bu dediklərimiz, yəni övladı gələcək ailə həyatına hazırlamaq isə hər bir valideynin ən mühüm borclarından biridir və özü də çox ciddi məsələdir. Allah köməyiniz olsun!

www.zaman.az

Şərh yaz

Please enter your comment!
Please enter your name here

2 × five =