Ədalət – riayət etməli olduğumuz əsas dəyərdir

0
31

kainat-düşüncə“Ey iman gətirənlər! Sizin özünüzün, ata-ananızın, yaxın    qohumlarınızın əleyhinə olsa belə, ədalətdən möhkəm yapıŞın,    Allah şahidi olun! (Əleyhinə şahidlik edəcəyiniz şəxs) istər dövlətli, istər kasıb olsun, hər halda Allah onların hər ikisinə (sizdən) daha yaxındır. Nəfsinizin istəyinə uyub Haqdan üz çevirməyin! Əgər  dilinizi əyib-büzsəniz və ya (doğru şəhadət verməkdən, yaxud ümumən şahidlikdən) boyun qaçırsanız, (bilin ki,) Allah etdiyiniz işlərdən xəbərdardır!” (ən-Nisa surəsi 4/135)

Bu ayə ədalət və onun təminində riayət edilməsi lazım olan əsasları vurğulayır. İnsanlığın ortaq dəyəri olaraq xarakterizə edə biləcəyimiz ədalətə dinimizdə də böyük dəyər verilmiş, bu ayədə olduğu kimi, müxtəlif vasitələrlə ədalətin qorunması əmr edilmişdir. Ədalət – qanun önündə hər kəsin bərabərliyi, mədəniyyət, elm və mövqe fərqliliklərinə görə insanlarla müxtəlif şəkildə davranılmaması deməkdir. Ədalətin mərkəzində haqq və haqqaniyyət var.

Uca dinimiz İslam insanlar arasında fərq qoymamış, hər kəs üçün keçərli və obyektiv olan ədalət prinsipini əsas tutmuşdur. Yuxarıda göstərilən ayədə insanlar ədalətə dəvət edilmiş və hər kəsin öz haqqını alması məsələsi xüsusi vurğulanmışdır. İnsan olan hər kəs ədalətin təntənəsinə çalışmalıdır. İslamın inşa elədiyi insan modeli əsla ədalətdən vaz keçməz, sevimli Peyğəmbərimizin (s.ə.s.) buyurduğu kimi, ədalət boynuna endirilən qılınc da olsa, boynunu çəkməz. İslamın ədalət anlayışında haqsızlıq edən, başqalarına zərər verən, canımızdan çox sevdiyimiz övladımız, ata-anamız olsa belə, imanımızın gərəyi olaraq haqq sahibinin haqqını, borc sahibinin borcunu, qisas sahibinin qisasını almasına çalışmalıyıq, amma bir məsələ də var ki, Quranda bir neçə yerdə bir insanın Allah rizası üçün kimisə bağışlaması ən xeyirli seçim kimi dəyərləndirilir.

Sevgili Peyğəmbərimiz (s.ə.s) buyurur ki, verdiyi hökmlərdə, ailəsinin və xalqın idarə edilməsində ədalətli davranan rəhbərlər qiyamət günündə Allah-Təalanın (c.c.) huzurunda nurdan yüksək oturacaqlarda əyləşəcəklər.

Peyğəmbərimiz Özü (s.ə.s.) ədalət mövzusunda bizlərə ən gözəl örnək olmuşdur. Məkkənin fəthi zamanı əsl-nəcabətli bir qadın oğurluq edir və məsələ açılanda qarşı tərəf onun cəzalanmasını istəyir. Qadının cəza almasını istəməyənlər gənc səhabə Üsamə bin Zeydi sevimli Peyğəmbərimizin (s.ə.s) üstünə göndərirlər ki, xanımın günahı ört-basdır edilsin. Rəsulullah (s.ə.s) Üsaməyə belə buyurur: “Şübhəsiz ki, sizdən əvvəlki millətlərin məhv olmasının başlıca səbəblərindən biri o olub ki, əsl-nəcabətli, imkanlı birisi oğurluq etdikdə əfv edilib, zəif oğurluq etdikdə isə sərt şəkildə cəza alıb. Allaha and olsun ki, əgər oğurluq edən Məhəmmədin qızı Fatimə olsa belə, onu da cəzalandıraram”

Qurani-Kərimə görə ədalətin ölçüsü haqqaniyyətdir. Bir insan haqq məsələsində lehinə hökm verilərkən məmnun qalan, ancaq eyni məsələdə əleyhinə olarsa, o hökmü tanımazsa, Quran məntiqi ilə zalımdır: “Xeyr, onlar özləri zülmkardırlar!” (Nur surəsi – 48-51). Ədalətdən yayınma zülmdür, zülm təkcə cəmiyyətdə deyil, kainatda belə tarazlığın pozulmasının əsas səbəblərindən biri hesab olunur. Bu mövzuda Qurani-Kərim buyurur: “Əgər haqq onların nəfslərinin istəklərinə tabe olsaydı, göylər, yer və onlarda olanlar korlanıb gedərdi.” (Muminin surəsi- 71). Demək, insan nə qədər azğınlıq etsə də, həddini aşsa da, bilməlidir ki, bu kainatın, yerin-göyün bir Sahibi var və zamanı çatanda hər şeyin hesabını ondan soracaq.

www.zaman.az