Həsən bəy Zərdabinin şəcərəsi ilə bağlı dolğun mənbə

2
Həsən bəy Zərdabi irsi: keşməkeşli həyat yolu

Həsən bəy Zərdabi irsi: keşməkeşli həyat yoluMARAQLI TƏDQİQAT

 Həsən bəy Zərdabi irsinin yorulmaz tədqiqatçısı, çoxsahəli yaradıcılığa malik olan, görkəmli alim Eldəniz Əli oğlu Həsənovun «Həsən bəy Zərdabi irsi: keşməkeşli həyat yolu» adlı kitabını oxudum. Kitab 2013-cü ildə «Zərdabi LTD» MMC tərəfindən nəşr edilmiş, 384 səhifədən ibarətdir. Kitabda ilk dəfə olaraq Həsən bəy Zərdabinin nəsil şəcərəsi açıqlanmışdır. Babası Rəhim bəy və atası Səlim bəydən başlanmış şəcərəni həyəcansız oxumaq olmur. Həsən bəy Zərdabi ailəsinin və eyni zamanda bu nəslə aid insanların həyat tarixçəsi ilk dəfə olaraq monoqrafiyada işıqlandırılmışdır. Monoqrafiya A.Məmmədovun «Milli dəyərə çevrilənlər» və coğrafiya elmləri doktoru, professor B.Q.Şəkurinin kitabın «Müəl­lif»i  haqqında yazdığı avto­bioq­­rafik xarakterli məqalələr daxil edilməklə XI fəsil­dən ibarətdir. Monoqrafiyanı oxu­duq­ca Eldəniz müəl­limin gərgin zəhməti nəticə­sin­də illər uzunu araşdırdığı mövzu üzrə bütün Şirvan zona­sını, habelə Həsən bəy Zərdabi irsi ilə bağlı ona məlumat verən in­formatorların harada, hansı vəzifədə işləməsindən asılı olmayaraq o yerləri qarışbaqarış gəzməsinin, məlumat topla­masının onların şəkillərini belə əldə edərək kitaba daxil etmə­sinin şahidi oluruq. Əlbəttə, tədqiqat arxiv sənədləri əsasında əldə edilmiş, toplanmış mə­lumatlarla da zən­gindir. Qəribədir, monoqrafiyanı oxuduqca, Həsən bəyin nəsil şəcə­rəsi ilə tanış olduqca bu insanların hər birinin Həsən bəy Zərdabinin ruhu qarşısında alnı açıq olduqlarını görürük. Həsən bəyin nəsil-nəcabətinə layiqli övladlar olduğunun bir daha şahidi oluruq. Əlbəttə,, monoqrafiyanın ana xəttini XIX əsrin ikinci yarısı – XX əsrin əvvəllərində yaşa­yıb-yaratmış görkəmli maarifçi, publisist, təbiətşünas və torpaqşünas, xalq məişətimizin gözəl bilicisi, ictimai-siyasi xadim, ensiklopedik, çoxsahəli yaradıcılığı ilə fərqlənən Hə­sən bəy Zərdabinin keşməkeşli həyat yolu, xalqına, vətəninə olan sevgi və məhəbbəti naminə onun üçün təmənnasız gör­dükləri işləri göz önünə gəlir.

Ömrünün axırına kimi işlədiyi hər bir yerdə xalqın mənafeyini üstün tutduğuna, onu elmə, təhsilə, maarifə çağırdığına görə başı bəlalar çəkmiş H.B.Zərdabiyə bugünkü xoş­bəxt günümüzə görə borcluyuq. Ruhun şad olsun nurlu insan. Bu gün sənin arzuladığın məktəblərdə, ali təhsil ocaqlarında azərbaycanlı balalar oxuyub elmə yiyələnirlər, onların səsi yüksək kürsülərdən gəlir (Həsən bəy Zərdabinin həyat və fəaliyyəti ilə bağlı daha ətraflı məlumat kitabın XI fəslindən: Həsən bəy Zərdabi nəslinin keşməkeşli həyat yolları ilə bağlı Eldəniz Həsənovun araşdırmaları, tədqiqatları nəticəsində yazdığı bəzi məqalə­lər­dən və bu sətirlərin müəllifi Esmira Cavadovanın «Kaspi» qəzetinin 2014-cü il 22, 23, 24, may saylarında dərc olunmuş «Millət fədaisi Həsən bəy Zərdabi» adlı məqaləsindən ala bilərsiniz).

H.B.Zərdabinin elmi irsi çoxsahəli olduğundan onu ensiklopedik biliyə sahib olan bir şəxsiyyət kimi də görürük. Onun bizə miras qoyub getdiyi elmi irsi müxtəlif elm sahələ­rinin nümayəndələri tərəfindən tədqiq edilib öyrənilmiş və bununla da bir zərdabi­şü­nas­lıq məktəbi yaranmışdır. H.Zərdabinin hüquqi və fəlsəfi, təbiətşünaslıq və torpaqşünas­lıq, maarifçilik və pedaqoji, iqtisadi və etnoqrafik görüşlərinə, jurnalistik fəaliyyətinə dair alimlərimiz tərəfindən neçə-neçə monoqrafiyalar yazılıb elmi ictimaiyyətə çatdırılmışdır. Bizim məqsədimiz H.B.Zərdabinin nəsil şəcərəsinin işıqlandırılması haqqında yazılmış bu qiymətli monoqrafiya haqqında fikrimizi bildirmək olduğundan yuxarıda sadaladığımız sahələrə dair yazılmış mnoqrafiyalar haqqında danışmağı vacib bilmirik.

Monoqrafiyada Zərdabi yurdunun tarixi keçmişi, onun 23 adda keçmiş və 42 adda müasir dövrdə mövcud yaşayış məntəqələri bir-bir sadalanır, onlar haqqında ümumi mə­lumat verilir. Kitabda yığcam şəkildə verilmiş Zərdabi yurdunun, Zərdabi nəslinin tarixi şəxsiyyətləri ilə tanış olduqda, Həsən bəy Zərdabi nəslinin şəcərəsinə baş ucalığı gəti­rən, qazandıqları hörmət, şöhrət və yüksək adları, mükafatları ilə Vətənə layiqli övlad olduqlarının bir daha şahidi oluruq. Şahidi oluruq ki, Həsən bəyin və Hənifə xanımın tərbiyəsi və təsiri altında böyüyən övladları Midhəd bəy, Səffət bəy, Pəri xanım, Qərib­sol­tan xanım aldıqları ali təhsilləri ilə xalqa necə xidmət etmişdilərsə, onlardan sonra gələn qohum-əqrabalar da bu amala xidmət edirdilər. Bunlardan Həsən bəy Zərdabinin böyük qızı Pəri xanımın həyat yoldaşı görkəmli ziyalı, ictimai xadim Əlimərdan bəy Top­çu­başovun, Həsən bəyin atasının dayıları general-leytenant Fərəc bəy Ağayevin, polkovnik Aslan bəy Ağayevin, qardaşı oğlu – ilk azərbaycanlı fizik-professor Rəhim bəy Məlikovun, bacısı Şirinxanım Məlikovanın nəvəsi ilk azərbaycanşünas alim Məhəmməd­həsən bəy Vəlili – Baharlının, yaxın qohumları məşhur və istedadlı aktyor Mə­həmməd bəy Məlikov Əlfəddinin, akademik Böyükkişi Ağayevin bibisi oğlu Zülfü Səməd bəy oğlu Adıgözəlovun, Zülfü bəyin oğlanları Vasif Adıgözəlovun, Yalçın Adıgözəlovun, Toğrul Adıgözəlovun (hal-hazırda T.Adıgözəlov Mərkəzi Klinik Xəstəxananın rəhbəridir), Rauf Adıgözəlovun, Sovet İttifaqı Qəhrəmanı Seyfi Mehralıyevin, respublikanın ictimai-siyasi həyatında yaxından iştirak edən, Zərdabda ilk olaraq Rayon PK-nın I katibi olmuş və uzun illər bu vəzifədə işləmiş Ələddin Həsənovun, uzun illər təsərrüfat sahəsinə rəh­bərlik edən Nurəhməd Müzəffərovun, Zərdabın Ədliyyə generalı Azər Səfərovun, bəs­təkar, SSRİ Xalq Artisti, professor Rauf Hacıyevin, aktyor Azər Mirzəyevin, tərəkəmə­çiliklə məşğul olan Xançobani tayfa başçısı olmuş Əsgər bəy və onun oğlanlarının da adları çəkilir.

Həsən bəy Zərdabinin nəsil şəcərəsi ilə Zərdabda qohumluq əlaqəsində olmuş ikinci bir bəyliyin nəsil şəcərəsi Hacı Məhəmədsadıq Əliyevin adı ilə bağlıdır. Bu nəsildən olan Səlim bəyin 1 oğlu və 2 qız övladı olmuşdur. Qızlardan Röya xanım Əliyevanın, İfrat xanım Əliyevanın, oğlu Fazil bəy Əliyevin adlarını çəkə bilərik. Röya xanım respub­likanın ictimai-siyasi həyatında fəal iştirak etmişdir. Yüksək vəzifələrdə işləmişdir. Ha­zır­da Bakı Şəhər İcra Hakimiyyətində ictimai təşkilatlar, siyasi partiyalar şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışır. Röya xanımın oğlu Pərvin bəy Səbail və Nərimanov rayon proku­ror­luqlarının müstəntiqi olmuş, daha sonra Respublika Baş Prokurorluğunun böyük pro­kuroru vəzifəsində çalışmış, hal-hazırda Neftçala rayonunun prokuroru vəzfə­sində iş­ləyir. Bacısı İfrat xanım elmlər doktoru, professordur. Hazırda Bakı Dövlət Universitetinin «Müasir Azərbaycan ədəbiyyatı» kafedrasında elmi-pedaqoji fəaliyyətini davam etdirir. Fazil müəllim uzun illər Azərbaycan Radio və Televiziya Komitəsinin gənclər şöbəsinin musiqi redaktoru vəzifəsində çalışmışdır. Sonralar o, Bakı Mədəni-Maarif Texnikumunda pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Fazil bəyin ömür-gün yoldaşı Nurəngiz xanım (Nurəngiz Gün) Xudadad qızı Qulubəyova olmuşdur. Nurəngiz Gün şairə xanımdır. Onun povest və hekayələri, publisist yazıları, şeirləri və poemaları kitab şəklində çap olunmuşdur. Şair, nasir, publisist, tanınmış sənət və mədəniyyət xadimi, Azər­bay­can ya­zıçılar, jurnalistlər birliklərinin üzvü Nurəngiz xanım bu gün də yaradıcılıq fəa­liy­yətini davam etdirir.

Fazil bəylə Nurəngiz xanımın yeganə övladı, filologiya elmləri doktoru, professor Jalə xanım Əliyevadır. Jalə xanım hazırda Bakı Dövlət Universitetinin «Türk filologiyası» ka­fed­rasında pedaqoji fəaliyyətlə məşğul olur. 2005-ci ildən Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır.

Monoqrafiyada Həsən bəy Zərdabinin nəsil şəcərəsinə daxil edilən bütün ailə üzvləri haqqında ətraflı məlumat verilmişdir. Hətta Həsən bəy Məlikov Zərdabinin babası Məlik Rəhim bəyin, atası Səlim bəy Məlikovun, Hidayət bəy Məlikovun, Qasım bəy Məlikovun, Tubu xanım Məlikovanın, Ayna xanım Məlikovanın, H.B.Məlikov Zərdabinin babası Məlik Rəhim bəyin qardaşı Cəfərqulu bəyin nəsil şəcərəsi, Möhsün bəy Məlikovun nəsil şəcə­rəsi, Ömər bəy Məlikovun nəsil şəcərəsi, qardaşı Qədir bəyin nəsil şəcərəsi, Ağa bəy Məlikovun nəsil şəcərəsini əhatə edən tam sxemləri verilmişdir ki, bu sxemlərin tərtibin­də Eldəniz müəllimin xüsusi məharəti özünü göstərir.

Monoqrafiyada tədqiqatçı-alim Eldəniz Həsənov tərəfindən Həsən bəy Zərdabinin «Bakı-Tiflis» dəmir yolunun çəkilişinə dair verdiyi variantlara, Mingəçevir su anbarı tikin­ti­sinin harada aparılmasına dair, H.B.Zərdabiyə məxsus olmuş torpaq sahələrinin yeri və ölçüsünü əks etdirən xəritələr, habelə Həsən bəyin «Cəmiyyəti-Xeyriyyə»nin təşkili za­manı gəzdiyi şəhər, rayon və kəndlərin yol xəritəsi ilk dəfə olaraq verilmişdir.

H.B.Zərdabi elmi irsinin çoxsahəli, zəngin olması, orada qoyulmuş elmi və həyati məsələlərə mütəfəkkirin öz münasibətini bildirməsi onu deməyə bir daha əsas verir ki, bu gün də görkəmli alimin əsərlərinin aktuallığı öz əhəmiyyətini itirməmişdir. Bu baxım­dan kənd təsərrüfatı üzrə fəlsəfə doktoru, Beynəlxalq Ekoenergetika Akademiyasının ekologiya üzrə professoru, zərdabişünas Eldəniz Əli oğlu Həsənova Həsən bəy Zərda­binin keşməkeşli həyat yolunu bir daha işıqlandırdığına, ən əsası isə ilk dəfə olaraq gör­kəmli ziyalının çox böyük zəhməti nəticəsində başa gələn şəcərəsini qələmə aldığına görə və bu işdə müəllifə əlindən gələn köməyi əsirgəməyən «Kaspi» qəzetinin təsisçisi və rəhbəri, görkəmli jurnalist Sona xanım Vəliyevaya, kitabın redaktoru, filologiya elmləri doktoru, professor İfrat xanım Əliyevaya, xüsusi diqqətə layiq olan korrektor A.Q.İsabəy­liyə dərin tə­şək­kürümü və minnətdarlığımı bildirirəm ki, elmi ictimaiyyətə və geniş oxucu küt­ləsinə gözəl tərtibatda, oxunaqlı bir dildə yazılan və maraqla oxunan bu kitabı təq­dim etmişlər. Çox sağ olsunlar!

 Hörmətlə,

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, zərdabişünas Esmira Cavadova          

2 ŞƏRH

  1. Bu kitabın adını ilk dəfədir ki,eşitdim.Yazını diqqətlə oxudum. Haqqında söz açılan kitab mənə çox maraqlı göründü.
    Zərdabinin təqiqatçıları çoxdur.Çoxu da bir-birindən köçürür.Məncə, bu kitab o kitablardan deyil.Burada fakta,arxiv sənədinə əsaslanmasan, yeni söz deyə bilməzsən.
    Zərdabidən az-çox xəbərdar tədqiqatçı kimi mütləq bu kitabı tapıb,öz sözümü deyəcəyəm.

    Nazim müəllim.
    30.10.2014.

    Əlaqə-050 632 31 49

Şərh yaz

Please enter your comment!
Please enter your name here

3 × two =