Zərdabda Silahlı Qüvvələr Günü münasibətilə yığıncaq keçirildi

0

Silahlı qüvvələr günüBu gün Zərdabda 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə yığıncaq keçirilib. Yığıncaq iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon bölməsinin rəisi, polkovnik-leytenant Elşən Həsənov yığıncaqda çıxış edərək Azərbaycan ordusunun keçdiyi şərəfli yoldan danışıb. O, qeyd edib ki, müstəqilliyimizi qazandığımız ilk illərdə əslində müharibə şəraitində yaşamağımıza baxmayaraq, həmin dövrdə ölkə rəhbərliyi səviyyəsində ordu quruculuğu barədə düşünən yox idi. Nizami ordu hissələri əvəzinə müxtəlif siyasi partiyaların, ayrı-ayrı adamların başsız silahlı dəstələri yaranırdı ki, bu dəstələr də ümumi bir komandanlığa tabe olmurdular. Bu vəziyyət isə hətta peşəkar hərbçiləri də ruhdan salır, döyüş əməliyyatları lazımınca təşkil olunmurdu.

Yalnız Ulu Öndərimiz Heydər Əliyevin xalqın təkidli tələbi və xahişi ilə 1993-cü ilin iyununda ölkənin siyasi rəhbərliyinə yenidən qayıdışından sonra bütün sahələrdə olduğu kimi Milli Ordu quruculuğunda da əhəmiyyətli dəyişikliklər baş vermiş, ordumuz güclənərək inkişaf etmişdir.

Məhz ümummilli liderimiz Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanı ilə 1918-ci il iyunun 26-sı Silahlı Qüvvələrin yaranma tarixi və hər ilin 26 iyunu Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü kimi rəsmiləşdirilmişdir.

Bu gün ordumuza dövlət qayğısı möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən də uğurla davam etdirilir.

Hazırda müharibə şəraitində olan Azərbaycan dövləti üçün qüdrətli orduya malik olmaq ən zəruri məsələlərdən biridir. Ölkə başçısının dəfələrlə qeyd etdiyi kimi əgər Dağlıq Qarabağ, Ermənistan-Azərbaycan münaqişəsi sülh yolu ilə öz həllini tapmazsa, Azərbaycan ordusu öz ərazi bütövlüyünü alternativ yollarla təmin etməyə qadirdir. Bəli, bu gün Azərbaycan ordusu, Silahlı Qüvvələrimiz çox yüksək səviyyədə formalaşmaqla qarşıda duran bütün vəzifələri həll etmək qüdrətindədir. Və təbii olaraq xalqımız bu gün öz ordusuna arxalanır.

Artıq 16 ildir ki, bu bayram – Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü dövlət səviyyəsində qeyd olunur. Və ordumuzun şəxsi heyəti hiss edir ki, ölkə rəhbərliyi, Azərbaycan xalqı daim öz silahlı qüvvələri ilə birlikdədir.

Natiq qeyd etdi ki, bu gün Azərbaycan Respublikası möhtərəm Prezidentimizin, Ali Baş Komandanımızın diqqət və qayğısı ilə bütün sahələrdə inamla irəliləyir. Azərbaycan ordusu da son illərdə yeni, müasir, hər cür hərbi təcavüzü dəf etməyə qadir bir qurum kimi tam formalaşmışdır və Silahlı Qüvvələrimiz daim qüdrətlənir.

Yığıncaqda çıxış edən Rayon İcra Hakimiyyəti Başçısı Aparatının hüquq şöbəsinin müdiri Xəzri Babayev iştirakçılara Rayon İcra Hakimiyyəti başçısının təbriklərini çatdırıb.

Sonda bir qrup hərbçilərə qiymətli hədiyyələr verilib.

 Zərdab Rayon İcra Hakimiyyəti