Həya sahibi Haqqın sözünü deyər, günahlara göz yummaz

2
27

HəyatƏrini adı ilə çağırmağa utanırdı, qayınanası ilə danışanda “sizin oğlunuz”, uşaqları ilə danışanda “atanız” deyirdi.

Danlayırdılar, bu davranışını geri qalmışlıq, cəhalət adlandırırdılar, amma umurunda deyildi, dəyişmirdi, dəyişmək istəmirdi, çünki belə daha rahat idi, daha xoş idi ona. Həm də cahil olmadığını yaxşı bilirdi, xeyri-şəri bir-birindən yaxşı ayırırdı. El-obanın hər işinə qatılırdı, qonşuları onun nə qədər mehriban, xeyirxah insan olduğuna şahid idilər. Yad kişilərlə əl sıxışmır, başını qaldırıb onların üzünə baxmır, zərurət olmadıqca ağzını açıb danışmırdı. Hər kəsdən seçilirdi, səsini yüksəltdiyini eşidən olmamışdı. “Utananın oğlu olmaz” deyirlər. Amma bu utancaq xanım bir-birinin ardınca üç oğul dünyaya gətirmişdi, hamısı da bir-birindən gözəl, həyalı. Bir dəfə məhəllədə gəlinlər yığışıb söhbət edirdilər. Onu da çağırdılar, qayınanasından icazə alıb onlara qatıldı. Danışdırdılar, danışdı, özü də çox şeylər dedi. Qonşular məəttəl qaldılar və bu vaxta qədər onu tanımadıqlarına üzüldülər. Nələr demədi?! – Dedi ki, həya qəlbi pozan günahlara qarşı bir sipərdir, həya  imanın gücünü və ədəbin ölçüsünü müəyyən edər. Həya xeyrin dirəyi, qarışdığı hər bir yaxşılığın təməl ünsürüdür. Bəd əməllərə, günahlara göz yuman həya sahibi ola bilməz. Həya sahibi Haqqın sözünü deyər, günahlara göz yummaz, çünki  Allahdan utanar, günah işləməz, Allahdan həya edər…

Hər kəs inandı ki, hər kəsdən az danışan bu gəlin əslində hər kəsdən çox bilir. Bəlkə də bu qədər çox bildiyi üçün az danışır.

Həya acizlik deyil: “Həya ilə iman bir-birini tamamlayar, biri gedincə o birisi də orada qalmaz” buyurulub. Dünya və axirət səadətinə qovuşmaq istəyən şəxs ədəb və həya sahibi olmalıdır. Ədəbi və həyası olmayan bir kəsdən xeyir  gözləmək mümkün deyil. Allah-Təala Qurani-Kərimdə həyanı müsbət bir keyfiyyət kimi mədh etmiş və bu davranış tərzini müsəlmanlar üçün ölçü olaraq buyurmuşdur.

Peyğəmbərimiz Həzrəti Məhəmməd (s.ə.s.) belə buyurub: “Ehsan – Allah-Təalanı qarşısında görürmüş kimi Ona itaət, ibadət etməkdir Sən Onu görməsən də Onun hər an səni gördüyünü bilməkdir”. Təbii ki, ehsan şüuru çox yüksək bir səviyyədir və imanın gücü ilə o mərhələyə yetişmək mümkündür. Ehsan şüurunu daşıyan insan özünü hər an Allah-Təalanın hüzurunda görür.

Əsl həya – Allahdan həya etməkdir. Adam da var ki, adamlar arasında utanır, xəlvətə düşəndə bildiyini eləyir. Bu, riyakar həyadır, kor həyadır. Allahdan həya edən insan onun Peyğəmbərindən də, mələklərindən də, insanlardan da həya edər.

Peyğəmbərimiz (s.ə.s.) buyurub: “İlk baxış yararına, sonrakı isə zərərinədir”. Yəni insan qeyri-iradi olaraq gözünə sataşan haramdan Allahdan utanaraq gözünü çəkirsə, bu, iradi addım qarşılığında mükafatını alacaq. Yox, əgər nəfsinə uyaraq harama baxmaqda davam edərsə, o baxışın əvvəli də zərərinədir, sonrası da. Allah-Təala buyurur ki, harama baxmaq şeytan oxlarına təslim olmaqdır. Əgər bəndəm sırf Məni düşünərək gözünü haramdan çəkərsə, bunun qarşılığında mən onun qəlbinə elə bir nemət qoyaram ki, zövqünü bu dünyada da hiss edər.

Həya – Allah qarşısında qulun təslimiyyətinin təzahürüdür. Peyğəmbərimiz buyurur ki, gerçək həya başının içini belə pis düşüncələrdən, əxlaqa zidd fikirlərdən qorumaqdır.

Şeytanın insana üstün gəlməsi insanın nəfsinə uyaraq harama meyl etməsi ilə mümkün olur.

İnsanda yaradılışdan olan bir həya hissi var ki, ona fitri həya deyilir. El arasında buna arlanmaq da deyirlər. Bir də  imandan gələn həya var ki, bu həya İslam dininin önəmli bir dərinliyini təşkil edir.

Allah-Təala gizli və aşkar olan hər şeyi bilir. Bizim hər işimiz Ona əyandır, Ondan gizli heç bir şey yoxdur, hər şey Onun bilgisi daxilindədir.

İnsanın özündən həya etməsi əslində Allahdan həya etməsinin əlamətidir.

Həya – acizlik, məzlumluq deyil, gözəllikdir, səbrdir, qətiyyətdir, iradədir, əzəmətdir; həya yoldur, əbədi səadətə aparan yol.

Gəlin qayınatası ilə danışanda həyat yoldaşının adını çəkmirsə, “sizin oğlunuz” deyirsə, bunu ehtiram, həya kimi qəbul etmək lazımdır, acizlik kimi yox.

www.zaman.az

2 ŞƏRH

  1. Yazini oxudum elinize konlunuze sagliq.Amma mence bu yazinin basliqdaki sekille elaqesi yoxdur.Sehv ede bilerem amma subyektiv fikrim bele oldu

  2. Kenardan nece gorunmeyimizden asili olmayaraq hamimizi birlesdiren kecmisimiz ve ic dunyamiz var ve hemin dunyada hamimizin oz yeri var deyilmi?

Comments are closed.