Həmyerlimiz, tanınmış jurnalist Jalə Mütəllimova yazır…

4
59
Jalə Mütəllimova
Jalə Mütəllimova

Orta məktəbin yeddinci sinfində oxuyurduq.  Nədənsə mənə həmişə elə gəlir ki, o illərin uşaqları fərqli idi. Qəribə təəssübkeşlik, qayğıkeşlik vardı qızlı-oğlanlı hamının canında. İndiki qədər soyuqqanlı deyildik. Və hamı bilir ki, orta məktəb uşaqlarının, xüsusən də oğlanların qız sevməyə başladıqları, siqaret çəkməyə meylləndikləri yaş dövrü idi həm də 6-7-ci sinif.  Zərdab Rayon Partiya Komitəsinin keçmiş binası ilə üzbəüz idi məktəbimizin köhnə binası. Sayılıb seçilən uşaqlar idik, həm də.  Kimimiz atamızın vəzifəsinə, kimi də yaxşı oxuduğuna görə. Məndə vəziyyət balanslaşmışdı, necə deyərlər. Atam Rayon İstehlak Cəmiyyətinin – “Rayponun” şöbə müdiri idi.  Özü də yəqin çoxlarının yadında olar ki, o zamanlar “Rayponun” “Vneştorq”u nə idi….

Əlqərəz, məktəbdə sözükeçən şagird idim. Dərsdən qaçmaq və ya hansısa müəllimi boykot eləmək kimi sinif qərarlarına da müdaxilə edə bilirdim….

Sinif yoldaşlarım Polad, Pərviz, Teymur, Müsəllim, Nuralı, Ceyhun bizdən bir sinif yuxarı oxuyan və cəbr, həndəsə fənləri üzrə məktəbin birincilərindən olan Cabiri müşahidə edirdim neçə vaxtdı. Gözüm onlardan su içmirdi.  Məktəbin həyətindəki tut ağacının koğuşunda dərs saatının bitdiyini bildirən üstünə daş qoyulmuş dəmir zınqırovun arxasında nəsə gizlədirdilər onlar…

Adətən o zəngi vurmaq üçün oğlanlar gedərdi. Bir gün oğlanları qabaqlayıb, müəllimin də sözünə məhəl qoymadım. Qaçıb daşla zəngi çaldım.  Təhminim özünü doğrultmuşdu. Bizim uşaqlar Cabirlə birgə orda siqaret gizlədirlərmiş, “Kosmos” siqareti.

Göy rəngdə  kombinezon geyinmişdim həmin gün dərsə. Kombinezonun yan cibində gizlətdim siqareti. Tənəffüs başladı nə Cabir, nə sinif uşaqları tapa bilmirdi siqareti. Mənsə qorxurdum. Çünki Cabir görkəminə görə yekəpər və kobud idi. Məni döyə biləcəyindən, siqareti əlimdən alacağından qorxurdum. Bu qorxu ilə 20 dəqiqəlik böyük tənəffüsü gözlədim. Sən demə, onlar da məndən şübhələniblərmiş. Sonuncu dəfə zəngi mən çalmışdım çünki. Zəng vurulan kimi, var gücümlə qaçırdım sinifdən. Həyətə çıxıb üzü evimizə tərəf yüyürürdüm. Onlar da gəlirdi arxamca. Çox idilər. Mənə çatacaqdılar. Döyüb əlimdəki siqaret qutusunu da alacaqdılar. Bu qorxu məni Rayon Partiya Komitəsinin həyətinə yönəltdi. Birinci katibin iştirakı ilə keçirilən tədbir və karnavallara qatılırdım, məni  tanıyırdılar. Və bu dönüşüm uşaqları qorxutmuşdu deyəsən. Həm də işə gedən Cabirin anası Gülzadə xalanın  küçədə oğlunu görüb qışqırması da dadıma çatmışdı.  Öz ləhcəmizdə “hara gedirsuz, dərsə gejikyəsuz” deməsi məni xilas elədi. Gülzadə xala uşaqları qabağına salıb, düz məktəbə qədər qaytarmışdı.

Mən də siqaret qutusunu gizlətdim və məktəbə qayıtdın. Baş verənləri sinif müəllimimizə dedim.

Buna görə az qala milli qəhrəman bilirdim özümü. Oğlanlarsa satqın demişdi mənə…

…Cabir də, bizim uşaqlar da möhkəmcə kötəkləndilər. Təşkilatçı bizdən bir yaş böyük olduğuna görə, o, ikiqat cəza aldı.

Bir neçə il keçdi, biz məktəbi bitirdik. Qarabağda ağır döyüşlər gedirdi. Orta məktəbi bitirən uşaqların çoxu hərbi xidmətə məhz döyüş bölgələrinə gedirdi. Cabir Ağdərəni özü seçmişdi.

Və bir gün…bir gün çox vahiməli xəbər aldıq. İndi adına vahimə deyirəm. O vaxt boşluğa düşmüşdük hamımız. İndi anlayıram ki, hərdən insan elə situasiyaya düşür ki, vəziyyətini izah eləməyə nə hərf, nə söz tapır… Cabir döyüşlərdə itkin düşmüşdü…İnana bilmirdik. Ən çox da anası. Heç yadımdan çıxmaz, Cabirin yaşıdı olan uşaqları görəndə üzünü yana çevirib baxa bilmirdi.  Qapısını səbir, dözüm diləməyə gələnlərdən xahiş eləyirdi ki, gəlməsinlər.

Beləcə bir il…iki, il…üç il keçdi. O gəlmədi. Sonra qara geyindi Gülzadə xala. Saçları qar bəyaz oldu. Anasına zamansız qar gətirən bu oğlan dönmədi ki, dönmədi. Çox arıqlamışdı Gülzadə xala. O qadından əsər əlamət qalmamışdı. Məğrur, gülərüz, hər üç oğlundan savadlarına bacarıqlarına görə yarıyan ana idi  axı o. Amma Cabir onun bu qürurunu qırmışdı. Bir qardaşının adı yadımda qalıb Bədrəddinin. Lap böyükləri o vaxt Leninqrad Ali Hərbi Məktəbinin məzunu idi. Cabirdən sonra qayıtdı vətənə. Uzun müddət axtardılar onu. Anası itkin düşmüş, girov götürülmüş döyüşçülərin də siyahısına adının salınmasına razılıq vermədi. Cabirin adı bu gün də yoxdu o siyahıda…

Elə bil Cabirin yoxa çıxması, itkinliyi bu ailəyə bəla gətirdi. Sonra Bədrəddinin səhhətində ciddi problemlər yarandığını eşitdim. Və onu da dedilər ki,  böyük qardaşları da döyüşlərdə yaralanıb. Amma anası hələ də onu gözləyir deyirlər. Cabirin nə simvolik məzarı yoxdu, nə mükafatı…O mənim gözümdə elə 18 yaşındakı məndən heyif çıxacağı anı gözləyən sərt, kobud oğlan kimi qaldı.  İndi məndən düz 20 yaş kiçikdi…

Məndən son dəfə siqaretin yerini soruşanda dil çıxarıb, “ölsən də demərəm” demişdim. O da mənə “Allah səni yandırsın” söyləmişdi.  Bir də o müəllimin Cabirə qarğışı “səni itkin düşəsən!”…

Mənim inadkarlığım, müəllimin qarğışı, Cabirin cavabı…Bütün bunlar məni yavaş-yavaş inandırır ki, Allah insanlarla danışır. Özü də insanların öz dilində. Və yəqin ki, son dərəcə ağır bir mənəvi zərbə alanda adamı sakitləşdirməkçün deyilən söz də, səhv bir addımını bilən birinin sənə “etmə!” xəbərdarlığı da, “bəlkə getməyəsən” məsləhəti də,  lap elə kiminsə sənə “səni sevirəm” deməsini də  Allah deyir bizə…

O məntiqlə yanaşsam, bəlkə o gün, həmin siqaretin yerini Cabirə deməyə də Allah icazə vermədi mənə…

Amma indi  çox, lap çox istəyərdim ki, bu gün o gün olsun. Cabir də sağ olsun. Və qarşıma keçib sərt də olsa, yenə məndən soruşsun ki, “hardadı siqaret?  Yəqin ki, onu “Allah səni yandırsın” deməyə qoymazdım. Bu Allaha etiraz, üsyan olsa belə qoymazdım, deyərdim ki, siqareti Saday müəllimin evinin yanındakı döngədə, Ağamusa müəllimgilin hasarının daşları arasında gizlətmişəm. Gedin, götürün çəkin. Amma siz ölməyin, nə Nurəli xəstələnib həyatla vidalaşmasın, nə Müsəllim Rusiyada özünün olmayan cinayətə görə cəza alıb sonra dünyasını dəyişməsin, nə də sən itkin düşmə. Siqaret çəkib yaşamaq, belə ölümlərdən yaxşıdı uşaqlar…

4 ŞƏRH

  1. Jalə xanım , Sizin çox təsirli , canlı və qəmli notlarla qələmə alınmış bu xatiratınız insanda nastalji duyğular oyadır. Ürəyinizə sağlıq.Oxuyub çox bəyəndim.

  2. sadəcə əladır deyə bilərəm.tanıdığın birisinin müharibədən qayıtmaması qədər dəhşətli heç nə yoxdur. Mənim ana nənəm ölənə qədər(1988-ci il)oğlunun yolunu gözlədi. bütün günü həyətdə işləyəndə də gözü yolda olurdu.
    yaşadığımız bir həyatdır. çox gözəl qələmə alınıb

  3. Deyerli hemyerlimize,Jale xanima minnetdarliqimi bildirirem,tesadufen rast geldim oxudum,Jale xanimin behs etdiyi qrhreman xalam oqludu,Allah Cabire rehmet elesin.Jale xanima ise uqurlar.

  4. Salam Jale xanım nedense Jale adları mene çox doğma gelir belkede bizimde evde bir Jalenin olmsandandır bilmirem amma çox inanıram men sizlere ancaq sizler haqda çoxda melumatım yoxdu allah bu yolda sizlere haqqı deyib haqqı seslemeyi arzu edirem istermki Zerdab sakinlerinin yanında olasız digerlerinden ferqli olaraq allah yar ve yardımçınız olsun.

Comments are closed.