Virtual dünya, o biri dünya və biz

0
39

Min illərdir insanlar xoşbəxtliyin düsturunu axtarırlar, ona qovuşmağın yollarını arayırlar.

Xoşbəxtlik anlayışı da zövq kimidir, hər insanda eyni ola bilməz. Tutaq ki, birinin zövqünə görə yaxşı olan bir geyim başqasının zövqünə görə heç də yaxşı deyil. Bu mənada xoşbəxtliyin sərhədi insanlara, onların dünyagörüşünə, tərbiyəsinə, əxlaqına, mənəvi çəkisinə görə dəyişir. Məsələn, insan var, vəzifə kreslosuna o qədər öyrəşib ki, xoşbəxtliyini onsuz təsəvvür edə bilmir. Halbuki o vəzifə heç də ona xoşbəxtlik gətirməyib. Yaxud qarajında çoxlu sayda bahalı maşın olmasını xoşbəxtliyin əlaməti kimi anlayanlar var.

Adam da var ki, canı ilə əlləşdiyi, xəstə olduğu üçün özünü xoşbəxt saymır, saya bilmir. Dərmanlardan xilas olmaq, ağrılardan xilas olmaq, bəlkə, onun üçün ən böyük xoşbəxtlikdir. Halbuki bir vaxtlar, bəlkə, o da xoşbəxtliyi var-dövlətdə, vəzifədə görürdü…

***

Qoca tanıyıram ki, illərdir xəstə yatır. Onun üçün xoşbəxtlik bu dünyada artıq geridə qalıb. Ruhunun bədəndən ayrılacağı günü (ağrılardan xilas olması üçün) mükafat kimi gözləyir.

Yeri gəlmişkən, bu günlərdə Xalq şairi Zəlimxan Yaqubun maraqlı bir müsahibəsini oxudum. Xalq şairi deyir: “Xoşbəxt adam odur ki, axşam yatır, səhər durmur. Ağrı it əzabıdır, Allah heç kəsə qismət eləməsin”.

***

Belə bir fikir də var: insanların çoxu 15-30 yaş arası xoşbəxtliyi sevgidə, 30-50 yaş arası pulda, 50-70 yaş arasında isə cansağlığında görürlər.

İnsanlar da var ki, nə mal dərdi çəkirlər, nə mülk dərdi, nə də vəzifə dərdi. Sağlam canları, gözəl övladları, ailələrini ortabab dolandırmaları üçün aldıqları maaş, gözəl atmosferə malik iş yerləri onlar üçün xoşbəxtlik deməkdir.

Doğrudanda, neynirəm o malı ki, onu əldə saxlamaq üçün insanlarla bütün gün çarpışmada olacağam?

Neynirəm o mülkü ki, onu tikmək üçün qazandığım haram pul bütün həyatımı zəhrimar edə?

Allahın verdiyi övlad, insanın özünü rahat hiss etdiyi ailəsi, azdan-çoxdan, amma halal yolla qazandığı, “azcaca aşım, ağrımaz başım” prinsipi ilə yaşam tərzi, ara-sıra xəstələnmələri nəzərə almasaq, sağlam canı xoşbəxtliyin deyil, bəs nəyin nümunəsidir?

***

Harada olmağımızdan asılı olmayaraq, bizlər ətrafımızdakı insanlara müsbət emosiya verməyi bacarmalıyıq. Qoy insanlar bizi görəndə ürəkləri açılsın, könüllərində xoş duyğu baş qaldırsın. Hətta ən çətin anlarda belə, insanları acılamaqdan, qəlbləri qırmaqdan maksimum çəkinməyi bacarmaq lazımdır. Başqalarını bilmirəm, amma mənə elə gəlir ki, yaxşılıq etməyi həyat tərzinə çevirən insanların çoxu xoşbəxt olurlar, xoşbəxtdirlər. Yaxşılıq etməkdən alınan xoş duyğular insana bunu nəsib edir.

İnsan yaxşılıq etdikcə daim yaxşı işlər çıxır qarşısına. Ən çətin işi belə, düyünə düşmədən həll olunur. İnanmırsınızsa, yaxşı insan hesab etdiyiniz insanlara yaxınlaşıb bu barədə sual verin, onların həyatına fikir verin.

***

Hətta virtual dünyada belə yaxşı insan olmaq, xoş hissləri aşılamağı bacarmaq lazımdır. İnternet də bir dünyadır. İnsanın xasiyyəti, keçirdiyi hisslər, həyat tərzi sosial şəbəkələrdəki davranışından açıq-aydın hiss olunur. Odur ki, virtual dünyada da yaxşılıq təmsilçisi olmağı bacarmaq lazımdır.

Sonda yazımı xeyli müddətdir məni düşündürən bir fikirlə yekunlaşdırmaq istəyirəm. Bilmirəm, sizin diqqətinizi çəkib ya yox, amma virtual dünya mənə axirəti xatırladır. Niyə, necə? – Bunu izah edim:

Məsələn, ucqar bir kənddə yaşayan, internetin nə olduğunu bilməyən bir adam virtual dünyanın olmasından da xəbərsizdir. Yəqin ki, o adama desəniz ki, “virtual dünya” adlı bir dünya var, orada insanlar söhbətləşir, dərdləşir, cəmiyyətimizdə baş verənləri müzakirə edirlər, inanmaz. Halbuki, həmin adamın inanmaması bizim gündəlik istifadəçisi olduğumuz virtual dünyanın olmaması anlamına gəlmir. Gərək o inanmayan adam da virtual dünyanın üzvü olsun ki, burada yaşananları öz gözləri ilə görsün.

Axirət dünyası da elədir, biz inansaq da, inanmasaq da elə bir dünya var. Onu görmək üçün gərək “üzvü olasan” ki (ruha çevriləsən) öz gözlərinlə görəsən…

Nicat İntiqam