ƏZİZ DOSTUMA VİDA SÖZÜ

17
Baxış Niftalıyev
Baxış Niftalıyev
Baxış Niftalıyev
Baxış Niftalıyev

ÖLÜM SEVİNMƏSİN QOY!

ƏZİZ DOSTUMA VİDA SÖZÜ

Əziz, istəkli, unudulmaz dostumuz Baxış Niftalıyev həyata həmişəlik «əlvida» dedi, bu geniş, işıqlı, bir üzü sevinc, bir üzü kədər olan gəlimli-gedimli dünyadan ayrılıb əbədiyyətə qovuşdu. Buna inanmaq çətindir, amma reallıqdır. Bu itki onun qohum-yaxınları, dost-tanışları, bütün baxışsevərlər üçün çox ağır və üzücüdür.

Bizim üçün bu ağır, üzüntülü günlərdə onunla bağlı bəzi məqamları yada salmamaq olmur.

… O, bizə tez-tez gələrdi. Atamın sağlığında hər gələndə aralarında belə söhbət olardı:

— Mahmud baba, necəsən?

Yaşı 100-ü ötmüş atam duruxardı. Eşitdiyi, lakin mənasını anlamadığı səs tərəfə dönərdi:

— Sən kimsən?

— Tanımadın?!

–Yox, tanıya bilmədim…

— Əməlli bax!…

–Vallah, qananmadım…

O, əl çəkmirdi:

— Yaxşı-yaxşı bax!…

— Yox, baxmaqdan bir şey çıxmaz, başını aşağı əy!

O, başını aşağı əyir, atam əlini onun başına, ağ saçlarına çəkir və birdən gülməyə başlayırdı:

— Hə, indi  qandım, Baxışsan, ağbaş…

Bəli, atam onu başından tanıyardı. Gözü görmür, qulaqları yaxşı eşitmirdi, əlini başına, ağ saçlarına çəkən kimi, bilirdi ki, bu, Baxışdır, ağbaş Baxış. Tanıyan kimi də evdə şən gülüşmə qopardı…

… Bu onun bizə saysız-hesabsız gəlişlərindən bir qısa haşiyə idi. Bir və son haşiyə… O, daha gəlməyəcək, biz də ad günlərində, bayramlarda, digər məclislərdə qapının kandarında durub onu və ömür-gün yoldaşı Gülnaz xanımı (sən taleyin qismətinə bax – Baxışdan sonra o da çox yaşamadı və həyat yoldaşından cəmi 18 gün sonra dünyasını dəyişdi. Həm də hər ikisi respublikamız və xalqımız üçün çox unudulmaz və əziz bayram günlərində – Baxış 28 may Respublika günü, Gülnaz xanım isə 15 İyun – “Milli Qurtuluş günü” torpağa tapşırıldı) gözləməyəcək, bir az gecikəndə “onlar niyə gəlmədi” deməyəcəyik… Əbədiyyət dünyası onları birdəfəlik alıb apardı bizdən…

O, rayonumuzun Təzəkənd kəndində doğulub boya-başa çatmışdı.Orta təhsilini rayon mərkəzində almış,təhsilini davam etdirərək aqronomluq ixtisasına yiyələnmişdi. Sadə, zəhmətkeş, əsl təsərrüfat adamı idi. Sovet dönəmində  uzun müddət pambıqçılıq briqadiri işləmiş, qabaqcıl  təsərrüfatçı kimi kənddə və bütün rayonda  xətir-hörmət sahibi olmuşdu. Rayonda hamı onu torpağın ağası, əkinçinin yaxın dostu və sirdaşı kimi tanıyırdı. Məhz bu işgüzarlığına və kənddəki nüfuzuna görə bələdiyyələr yaranan vaxt onu bələdiyyə sədrinin müavini seçdilər. İşlədiyi təqribən 10 il ərzində kəndin abadlığı, adamları narahat edən problemlərin həlli üçün bütün qüvvə və bacarığını əsirgəmədi.

O, həyatda qazandıqlarını 2 gül balası Munirə və Sirusa da öyrətmiş, dönə-dönə tapşırmışdı ki, həyatda onun yolunu layiqincə davam etdirsinlər…

… İşində çox dəqiq, səliqə-sahmanlı, ehtiyatlı idi. Bir işi yüz dəfə ölçüb-biçər, sonra edərdi. Bu günün işini sabaha qoymazdı. Həssas qəlbli, uşaq təbiətli, həlim xasiyyətli bir insan…

…Biz onunla lap uşaqlıqdan bir yerdə olmuşduq. Birinci sinifdən orta məktəbi bir yerdə oxumuş, bütün işi-gücü, qazandığı uğurlar gözümün önündə olmuşdu. Belə bir ağır gündə bütün bunları xatırlamaq mənimçün çox çətindır…

…Amansız xəstəlik yaman yerdə haqladı onu. Amma son günlərinədək inanırdı özünə. İnanırdı ki, xəstəliyə qalib gələcək, sağalıb duracaq, əvvəlki iş həyatına qayıdacaq.

…Son söhbətlərdən:

— Deyirlər rayonda iclas olub, nəylə bağlı idi?

–Heydər Əliyevin doğum günü idi.

–Allah rəhmət eləsin, böyük insan idi!

Duruxur, kövrəlir, çətinliklə:

–Çoxdandır parka – gülqoymaya gedə bilmirəm…

O, Heydər Əliyevin əsl vurğunu idi. Onu özü üçün ideal adam, əvəzolunmaz dahi şəxsiyyət kimi qəbul etmişdi. Deyirdi ki, Heydər Əliyev bizim xalqın, bizim millətin sönməyən işığıdır, nə qədər həyat var, o parlayacaq. Bu səbəbdən portretini evdə də başının üstə asırdı ki, daim yoluna işıq saçsın. YAP sıralarına rayonda birincilər sırasında keçmişdi, partiya fəalı idi…

…Son günlər ağrıları daha da şiddətlənmişdi. Amma dözürdü, özünü o yerə qoymurdu, heç kimi narahat etmək, nigaran qoymaq istəmirdi. Soruşana «indi bir az babatam» deyirdi. Ağır xəstəliyə, ölümə əyilmirdi. Ufuldamırdı, sızıldamırdı.

Hər dəfə ona baş çəkməyə gedəndə əvvəllərdəki kimi, çaya dəvət edirdi. Yaxşı danışa bilmirdi, əliylə işarə edirdi:

— Çay iç!

— İçəcəm.

İçirdim. Bilirdim ki, çay içməyim ona təsəllidir.

Arada sakitlik olanda soruşurdu:

— Niyə danışmırsan, de görək rayonda təzə nə var, nə yox?

— Özün bilirsən, əvvəldən mənim çox danışmaqla aram olan deyil. Rayonda da hər şey qaydasındadır. Həmişəki kimi. Kəndimizdə təzə məktəb tikiləcək… İnşallah, sağalarsan, görərsən.

Ümidsiz halda əllərini yellətdi, kövrəldi: bələdiyyədə işləyəndə məktəbin tikiləcəyi yeri mən göstərmişdim…

… Bəli, Baxış dünyaya gəldi, dünyaya 63 il baxış etdi və getdi… Eh, bu geniş, ucu-bucağı, sonu görünməyən dünyaya baxış etmək üçün 63 il nədir ki?…

Rahat yat, rahat uyu, əziz, istəkli dost!

Allah sənə rəhmət eləsin!

Qəbrin nurla dolsun!

Fərasət BİLALOV,  jurnalist.

17 ŞƏRH

  1. Allah rəhmət etsin.Qəbri nurla dolsun.Həqiqətən də çox yaxşı insan idi.Övladlarına Allahdan səbr diləyirəm.

  2. Allah rəhmət eləsin!Bacıları Gülgəzə,Gülüstana,Rəsmiyyəyə və Övladlarına səbir diləyirəm!Allah günahlarını bağışlasın!

  3. Allah rehmet eylesin mekani behist olsun.Yaxinlarina sebr versin uca Yaradan

  4. Allah size rehmet elesin.Allah yerlerin cennet qebirlerini nurla bol etsin.Amin.Allah sebr versin.

  5. Allah YEZNAMA,BACIMA ALLAHDAN RAHMAT DILAYIRRAM .YERLARI NURLA DOLSUN.AMIN.

  6. Qardaşım Baxışa və onon həyat yoldaşı Gülnaza Allahdan rəhmət
    diləyirəm. Yerləri cənnət olsun.

  7. Baxiw babama va Gulnaz nanama ALLAHDAN rahmat dilayiram qabirlari nurla dolsun cannat icinda yatsinlar.Atama va emima ALLAHDAN sebir dileyiram.AMIN.AMIN.

  8. ALLAH RƏHMƏT ELƏSİN.QƏBRİ NURLA DOLSUN.MUNİR VƏ SİRUS QARDAŞIMA DA ALLAH SƏBR VERSİN.

  9. Allah rehmet elesin,qebrleri nurla dolsun,mekanlari cennet olsun.Allah ezizlerine sebr versin.

  10. Hər ikisinə,Baxışa və Gülnaza allahdan rəhmət diləyirəm və qəbirləri nurla dolsun deyirəm.Evladlarina və yaxınlarina Allah səbir versin.AMİN.

  11. Ezizlerim yeznem Baxis ve bacim Gulnaza allah rehmet elesin.Allah o dunyasini versin,qebirleri nurla dolsun,yerleri cennet olsun.Anama,qardaslarima,bacilarima,balalarina allah sebir versin.Butun qohunlarima,menim derdime serik olanlara allah sebir versin.AMIN….

  12. Siz ləyaqətlə yaşadınız, şərəflə bu dünyadan köçdünüz.Bizi cismani yoxluğunuzla ovunduran da elə bu mənəvi varlığınızdır.
    Sizi sevənlərin, dərin hörmət bəsləyənlərin hamısına , xüsusən də Munirə və Siruza Allahdan səbr diləyir, ” başınız sağ olsun “ deyirəm. Yeriniz cənnət olsun, qəbriniz nurla dolsun

  13. 60 ildən bir-iki bayram artıq yaşadın,çoxlu arzuların ,görəcəyin işlərin vardı, yarımçıq qaldı. Amma tamamladığın
    əsas işin, ən böyük vəzifən yaxşı ad, dərin hörmət qazanmaq oldu.Var dövlətin, maddi qazancın başdan aşmasa da, elə mənəvi dəyərlər qazanmışdın ki, hamıya örnək ola bilər.Bu dünyada ,sizinn ömür payınıza nə düşmüşdü? Bunu hamıdan yaxşı özünüz bilirdiniz. Bizim isə bildiyimiz bir şey vardı:xoş simanız, mehribançılığınız qayğıkeşliyiniz ilə sizi tanıyanların hamısının ürəyində bir yuva qurmuşdunuz.Allah sizə rəhmət eləsin qardaşım Baxış,gəlinimiz,əmimqızı Gülnaz!

Şərh yaz

Please enter your comment!
Please enter your name here

eleven − two =