Peşəkar jurnalist İbrahim Məmmədovun 50 yaşı tamam olur

2
38
ibrahim-memmedov-aztv-kitab

İyul ayının 16-da tanınmış teleaparıcı, siyasi şərhçi, Azərbaycanın “Əməkdar jurnalisti”, ən əsası isə gözəl insan İbrahim Məmmədovun doğum günüdür. O, 1964-cü ilin bu günündə Zərdab rayonunda anadan olub, sonradan ailəsi ilə birlikdə Göyçay rayonuna köçüb. Göyçayda orta məktəbdə təhsil almağa başlayıb. Uşaqlığı və yeniyetməliyi burada keçən İ.Məmmədov orta məktəbi müvəffəqiyyətlə bitirərək, ali təhsil almaq üçün sənədlərini N.Tusi adına Pedaqoji Universitetinə verib. İmtahanlardan uğurla keçərək tələbə adını qazanıb. Gənclik və tələbəlik illərini oxumağa, öyrənməyə həsr edərək universitetin tarix-hüquq ixtisasını fərqlənmə diplomu ilə bitirib.

Müstəqil həyata vəsiqə qazanaraq əmək fəaliyyətinə başlayıb. Ölkəmizin müxtəlif media qurumlarında, o cümlədən “Azadlıq” qəzetində, “Space” və ANS telekanallarında çalışıb. İ.Məmmədov ən böyük nailiyyətlərə də televiziya sahəsində işləyərkən imza atıb. O, 2006-cı ildən indiyədək Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində İctimai-siyasi proqramlar baş redaksiyasının baş redaktoru vəzifəsində çalışıb. Hal-hazırda Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində sədr müavini və İctimai-siyasi proqramlar redaksiyasının baş redaktoru vəzifəsində fəaliyyətini davam etdirir. Bu redaksiyada İ.Məmmədovun müəllifi və aparıcısı olduğu “Həftə” analitik informasiya proqramı hazırlanır. Proqram Azərbaycanın ictimai-siyası həyatında, eləcə də dünyada baş verən ən mühüm hadisələrə həsr olunur. Bundan başqa, redaksiyada “Günün nəbzi”, “Əsas məsələ”, “Bizim planet”, “Kənd saatı”, “Keyfiyyət möhürü” verilişləri də hazırlanır.

İ.Məmmədov baş redaktor olmaqla yanaşı, öz ssenarisi əsasında müxtəlif sənədli filmlərə də müəllifik edib. O, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən “Liderlik missiyası” adlı üçhissəli sənədli filmi ərsəyə gətirməklə, Azərbaycan teleməkanında yeniliyə imza atıb. Bu filmin çəkilişləri Azərbaycanla birlikdə Rusiya, ABŞ, Fransa və digər ölkələrdə aparılıb. Filmdə tarixi şəxsiyyət, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, keçdiyi şərəfli ömür yolu dəyərli faktlarla tamaşaçılara çatdırılıb.

Onun redaktorluğu, ssenari müəllifliyi və aparıcılığı ilə Azərbaycan Dövlət Televiziyasında ərsəyə gətirilən “Sovet imperiyasının gizlinlərı: Qriqoryanın işi” sənədli filmi isə erməni dezinformasiyanın qarşısının alınmasına, Sumqayıt hadisələrinin əsl mahiyyətinin açılmasına xidmət edən sanballı ekran əsəridir. 3 saat 15 dəqiqəlik bu filmdə 1988-ci ilin fevralında baş vermiş Sumqayıt hadisələri ətraflı araşdırılıb. Şahid və zərərçəkmişlərin çıxışları ilə yanaşı, sənədli ekran əsərində istefada olan polkovnik leytenant, 1954-cü ildən DTK-da işləyən Yuri Stepanoviç Qalasilkin, 1988-1992-ci illərdə Sumqayıt şəhər icraiyyə komitəsi sədrinin birinci müavini işləmiş Əli Həsənov, istefada olan general, 1969-1991-ci illərdə SSRİ DTK-nın 5-ci idarəsinin, siyasi əks-kəşfiyyatın rəisi Filip Bobkov, DTK-nın Sumqayıt şöbəsinin keçmiş əməkdaşları Asif Cəbrayılov, Hacıəli Hacıəliyev, SSRİ Prokurorluğunun mühüm işlər üzrə müstəntiqi işləmiş Vladimir İvanoviç Kaliniçenko, 1988-ci ildə SSRİ Prokurorluğunun istintaq qrupunun üzvü olan Niyazi Vəlixanov, 1986-1990-ci illərdə Sov İKP MK-nın milli məsələlər üzrə katibi olan Aleksandr Yakovlev, 1988-ci ildə cinayətkar qrupun məhkəmə prosesinin hakimi Mənsur İbayev və o zaman dövlət ittihamını müdafiə edən Aslan İsmayılovun fikirlərinə də geniş yer verilib. Filmin hazırlanması prosesində 34 cilddən ibarət cinayət işi bütün xırdalıqlarına qədər öyrənilib və təhlil edilib, AzTV-nin, MTN-in arxiv materiallarından istifadə olunub. Cinayət işləri və arxiv sənədləri əsasında 1988-ci ildə Sumqayıt şəhərində baş vermiş talanların Ermənistanın millətçi dairələri, Mixail Qorbaçov və yaxın ətrafı, sovet DTK-sı tərəfindən hazırlanmış təxribat olduğu tam sübuta yetirilib.

Məhz buna görə, Mədəniyyət və Turizm Nazirliyi, “Bakılı” Beynəlxalq Mədəniyyət Cəmiyyəti, “Humay” Milli Mükafatı Akademiyasının təşkilatçılığı ilə keçirilən mərasimdə televiziya nominasiyası üzrə AzTV-nin ictimai-siyasi proqramlar baş redaksiyasının baş redaktoru İ.Məmmədov “Humay” mükafatına layiq görülüb. Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti isə xüsusi diplomla təltif edilib.

Bundan başqa İ.Məmmədov Prezident İlham Əliyevə həsr olunmuş “Böyük yolun davamçısı”, qədim dövrlərdən bu günə kimi Azərbaycan bayraqlarının tarixindən bəhs edən “Yüksəlişə üçrəngli yol” sənədli ekran əsərlərinin müəllifidir. O, eyni zamanda AzTV-nin ictimai-siyasi proqramlar baş redaksiyasının hazırladığı “Birinci respublika” “Atatürk”, “Üç min illik təhsil”, “Döyüşlərdən doğulmuş şəhər” və digər sənədli filmlərin redaktorudur.

Bu gün ömrünün 50 ilini arxada qoyan İ.Məmmədovun adı çəkiləndə onun rəhbərlik etdiyi kollektivin gözləri önündə – “Biz öncə həmkar, iş yoldaşıyıq, sonra isə vəzifə bölgüsü gəlir”, “Mənim ən böyük statusum jurnalist olmağımdır” – deyən peşəkar jurnalist, həftənin 7 günü iş başında olan dəyərli ziyalı təsəvvürü canlanır. Onu daha yaxından tanıyanlar üçün isə İ.Məmmədov həm də sözün əsl mənasında Böyük İnsandır! O, statusundan asılı olmayaraq, İnsana, İnsanlığa dəyər verən, hamıya hörmətlə yanaşan, özünə inam yaradan, güvən verən, “sən bunu etməyə qadirsən, sən bunu bacaracaqsan” – deyən, Ədalətli, Vicdanlı, Xeyirxah, Doğru, Dürüst bir İnsandır! Onun qəbul günləri, filan yoxdur. Qapısı hər kəsin üzünə açıqdır.

«Kaspi» qəzetinin kollektivi əməkdar jurnalist İbrahim Məmmədovu 50 illik yubileyi münasibətilə təbrik edir, ona uzun ömür, can sağlığı, gələcək fəaliyyətində yeni-yeni yaradıcılıq uğurları arzulayır.

Rufik İsmayılov

2 ŞƏRH

  1. tebrik edirik omurunuz uzun isiniz ugurlu olsun hemise sizi televizorda gorende nedense dogma gelirdiz mene demek zerdablisiz ondan ireli gelir dogmaliq bir daha tebrik edirem

Comments are closed.