Zərdabilər nəsli barədə ilk kitab

0
28
Həsən bəy Zərdabi irsi: kəşməkəşli həyat yolu
Foto: Zerdab.com saytı

Azərbaycan  milli mətbuatının yaradılmasının ildönümlərində ilk anadilli qəzetimiz “Əkinçi”ni ərsəyə gətirməklə bu əlamətdar tarixin başlanğıcını qoymuş Həsən bəy Zərdabinin həyatı, mübarizəsi və mühiti ilə bağlı yeni nəşrlərin oxuculara çatdırılması son illərdə yaxşı ənənəyə çevrilmişdir.

Böyük maarifçi-demokratın elmi irsinin fəal tədqiqatçılarından kənd təsərrüfatı üzrə fəlsəfə doktoru Eldəniz Həsənovun “Həsən bəy Zərdabi irsi: kəşməkəşli həyat yolu” kitabı da Milli Mətbuat Günü ərəfəsində zərdabişünaslığı zənginləşdirən növbəti dəyərli kitab kimi ictimaiyyətə təqdim olundu.

Azərbaycan Mətbuat Şurasının və “Kaspi” qəzetinin Beynəlxalq Mətbuat Mərkəzində təşkil etdiyi təqdimat mərasiminə jurnalistlər, media mütəxəssisləri ilə yanaşı, adi oxucudan tutmuş millət vəkilinə qədər kitabsevərlərin geniş dairəsi də toplaşmışdı. Həsən bəy Məlikovun nəsil şəcərəsinin ilk dəfə geniş şəkildə əks olunduğu kitaba böyük marağı mərasimdə Zərdabinin yaxın-uzaqlardan gəlmiş qohumlarının iştirakı bir az da artırmışdı.

Təqdimatı giriş sözü ilə açan Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov  diqqəti yeni kitabın Həsən bəy Zərdabiyə həsr olunmuş çoxsaylı nəşrlər arasında özəlliyi ilə seçilməsinə – ilk dəfə olaraq bu nadir simanı yetirən mühiti və ailəni əhatəli şəkildə tədqiqata cəlb etməsinə, on illər boyu xalqımıza ləyaqətlə xidmət etmiş, bu yolda repressiya və məhrumiyyətlərə düçar olmuş, bu gün də bir çox tanınmış ziyalıları ilə seçilən məlikovlar nəsli barədə, nəhayət, dolğun təsəvvür yaradan mənbə kimi son dərəcə maraqlı olmasına yönəltdi. AMŞ sədri bildirdi ki, rus müstəmləkəçiliyi şəraitində milli-mədəni dirçəlişə, istiqlal məfkurəsinin formalaşmasına təkan vermiş böyük Həsən bəyin zəngin bioqrafiyasının, xalqa təmənnasız xidmətlərinin çağdaş nəsillərə çatdırılmasında belə kitablara böyük ehtiyac var. Zərdabişünas Eldəniz Həsənovun bu yöndə səyləri diqqətəlayiqdir. Onun məlikovlar nəsli ilə bağlı gərgin, səmərəli axtarışlarının bəhrəsi olan bu nəşr həm də Həsən bəy barədə indiyədək qaranlıq olan bir çox məqamlara  aydınlıq gətirir.

Yeni kitab barədə məlumat verən müəllif bildirdi ki, Həsən bəy Zərdabinin bənzərsiz şəxsiyyətinə və titanik fəaliyyətinə ötən dövrlərdə hakim millətçilik və sinfi ideologiya baxımından yanaşıldığından onun barəsində tədqiqatlar da  yarımçıq və birtərəfli aparılmışdır. Dövlət müstəqilliyi illərində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin milli mətbuatımızın yaranmasının əlamətdar ildönümlərinin və onun banisi Həsən bəy Zərdabinin ilk dəfə ümummilli miqyasda yubileyinin keçirilməsi ilə bağlı sərəncamları zərdabişünaslığı  tarixi həqiqətlərə, milli gerçəkliyə yönəltmiş, onun zənginləşməsinə geniş yol açmışdır. Eldəniz Həsənov bildirdi ki, bu prosesdə Zərdabinin aqrar elmi sahəsində irsini araşdırmaq onu Həsən bəyin mühiti və nəsli ilə bağlı tədqiqatlara da yaxınlaşdırmış və qarşısıalınmaz bir həvəslə bu kitab üzərində işləmişdir. Əldə olunan materiallar bir daha təsdiqləyir ki, Zərdabi kimi nəhəng bir xalq xadimi milli varlığımızın dərin qatlarından qaynaqlanan bir mühitin yetirməsi olmuşdur. Bu fakt onun uca fiqurunu bir az da yüksəklərə qaldırır.

Dəyərli məsləhətləri ilə müəllifi əhatəli tədqiqata həvəsləndirmiş “Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva qeyd etdi ki, yeni tipli mədəniyyətimizin formalaşdırılmasında, ictimai şüurun inkişafında misilsiz xidmətləri olan, bir çox fəaliyyət sahələrində bani olmuş Həsən bəy Zərdabi ilə bağlı tədqiqatların dərinləşdirilməsi və genişləndirilməsi yaratdığı elmi əsaslarla dünənimizlə bugünümüz arasında vəsiləni möhkəmləndirməyə, sabaha etibarlı körpü salmağa xidmət edir. Eldəniz Həsənovun zərdabişünaslıqda yeni səhifə açmış kitabı bu baxımdan çağdaş oxucuya bir sıra dəyərli material çatdırır. Belə bir kitabın ortada olması Həsən bəy Zərdabinin məhv edilmiş, vətənindən pərən-pərən salınmış övladları,varisləri ilə bağlı axtarışların zəruriliyini də diqtə edir. Sona Vəliyeva  sonda fədakar tədqiqatçılarımızın tezliklə bu yöndə digər sualları da cavablandıracaqlarına inamını ifadə etdi.

Milli Məclisin deputatları Xanhüseyn Kazımlı və Jalə Əliyeva, tanınmış zərdabişünas İzzət Rüstəmov, mətbuat tarixçisi Şamil Vəliyev yeni nəşri zərdabişünaslığı zənginləşdirən mənbə, milli varlığımızın önəmli göstəricisi olan ziyalılığımızın əsas cəhətlərini bir nəslin timsalında araşdıran “Həsən bəy Zərdabi: kəşməkəşli həyat yolu” kitabını Milli Mətbuat Günü ərəfəsində geniş oxucu kütləsinə layiqli hədiyyə kimi səciyyələndirdilər. Çıxış edənlər müəllifi samballı tədqiqata görə təbrik etdilər, ona yeni uğurlar arzuladılar.

Məlikovların davamçılarından tanınmış həkim, professor Böyükkişi Ağayev, ünlü dirijor Yalçın Adıgözəlov, Zərdab sakini Sara Məlikova nəsillərinin böyük nümayəndəsi Həsən bəy Zərdabinin xatirəsinin uca tutulmasından qürur duyduqlarını bildirdilər, onlar barədə məlumatı sistemləşdirib xalqa çatdırdığına görə Eldəniz Həsənova razılıqlarını ifadə etdilər.

Mərasimdə kitabın işıq üzü görməsini təmin etmiş “Qarant Holdinq” MMC Direktorlar Şurasının xeyirxahlığı da minnətdarlıqla qeyd olundu.

Tahir AYDINOĞLU, “Xalq qəzeti”