Müəllimlik bir növ həkimlik kimidir

3
müəllim

müəllimMəktəbin, müəllimin vəzifəsi nədir? Bu günlərdə müəllim işləyən bir tanışıma bu sualı verməli oldum. Aldığım cavab tam və qənaətbəxş oldu: “Uşaqlara təlim-tərbiyə verməkdir!” Amma bu cavabın, necə deyərlər, içərisini doldurmaq üçün ikinci sualı verdim: “Yaxşı, bəs təlimlə tərbiyənin fərqi nədir?” Tanışım bu suala da belə cavab verdi: “Təlim – uşaqlara elm öyrətmək, tərbiyə isə onları yaxşı insan kimi yetişdirməkdir, amma bunlar bir-biriləri ilə sıx bağlıdır.”

İstədim ki, illər uzunu müəllim işləyən bu tanışım məsələnin mahiyyətini açsın. Odur ki, belə dedim: “Çox gözəl, o zaman gəlin, belə bir müqayisə ilə məsələni anlamağa çalışaq. Məsələn, bir xəstə həkimə müraciət edib mədəsindən, başqa biri baş ağrılarından, üçüncüsü ürəyindən şikayətlənir. Həkim onların hər birinin xəstəliyinə görə ayrı-ayrı müalicə təyin edir. Elə deyilmi?

İndi gələk müəllimə. Müəllim uşaqlarla fərdi məşğul olmur, yaxud çox az olur, bunun əvəzində sinifdə kollektiv şəkildə məşğul olur. Müəllimin bir növ mənəvi həkim olduğunu qəbul etsək, o zaman onun sinifdə bir şagirdin paxıl, ikincinin qəddar, üçüncünün həddindən artıq mülayim, dördüncünün qorxaq olduğunu necə müəyyən edəcək? Etsə belə, onları fərdi şəkildə necə tərbiyə (müalicə) edəcək? Şagirdə vicdanlı olması, tolerant davranması, cəsarət qazanması, şəfqətli olması, məhəbbəti fərdlərə görə lazımi qaydada paylaşdıra bilməsi üçün müəllim nə edəcəkdir?”

Yuxarıdakı dialoqdan çıxış edərək, oxucuların diqqətini belə bir müqayisəyə cəlb etmək istəyirəm. Müəllimlik xəstənin, yaxud müraciət edən hər hansı birinin bədənini müayinə edərək, fəsad və ya xəsarətləri, xəstəlikləri aşkara çıxararaq, onun müalicəsi yollarını müəyyən edən həkimə bənzəyir. Qarşısındakı insanı tərbiyə etmək üçün müəllim eynilə həkim kimi davranaraq uşağın mənəvi “bədəni”nə – ruhuna, qəlbinə nüfuz edib, onun hiss və duyğular aləmini tədqiq edir, vicdan, iradə kimi mexanizmlərinin sazlığını yoxlayır, mövcud vəziyyətinin “rentgenini”, yaxud “USM-ni”, hətta “tomoqrafiyasını” çəkir, lazım gələn hər tədbirə əl ataraq düzgün “diaqnoz” qoyur, bundan sonra fəsadı aradan qaldırmaq üçün cərrahi və ya başqa yollarla oraya müdaxilə üsulunu müəyyən edir, lazımi tədbirləri görür.

Birinciyə həkimlik sənəti deyirlərsə, ikinciyə də müəllimlik sənəti deyirlər. Həkimlik sənətindən fərqli olaraq isə, müəllimlik sənətinin bir də dərs demək, fənləri tədris etmək kimi vəzifəsi vardır və bunu edərkən…

Yox, yaxşısı budur, tələsməyək, məsələləri bir-birinə qarışdırmadan, ard-arda yolumuza davam edək. Növbəti məqaləmiz: Faydasız və faydalı elm. Bəs tərbiyə?

Faydasız və faydalı elm; bəs tərbiyə?

Keçən yazımızda müəllimliklə həkimlik peşələrinin oxşarlıqlarından bəhs etmişdik. Bu müqayisədən sonra təlim-tərbiyə sənətinin obyekti olan uşaq, subyekti olan müəllim və onun vəzifəsi-insan yetişdirmək sənəti haqqında danışmaq istəyirik.

İnsanlıq, yəni insanın öz mahiyyətini həqiqi mənada və tam olaraq kəsb etməsi bəzilərinin düşündüyü kimi heç də elmi biliklərə yiyələnməklə ölçülmür. İnsan ədəbiyyatı, tarixi, fizikanı, kimyanı, bir sözlə, fənləri, elmləri bilər, hətta bu elmlərə çox dərindən vaqif ola bilər, hətta bu elmlər sahəsində xüsusi, seçkin səviyyə əldə edə bilər, amma bütün bunlarla yanaşı, insanlığa dair keyfiyyətlərdən məhrum halda yaşayar. Belələri ilə hamımız tez-tez rastlaşırıq, onlara “yaramaz,” “pis adam,” “təhlükəli adam,” bəzən də qısaca “adam deyil” deyirik.

Düzdür, elmi biliklərə yiyələnmək insanın hiss və duyğularına təsir edər, onda bəzi hiss və duyğuları hərəkətə gətirə bilər, onları bir formadan başqa bir formaya çevirə bilər, amma onu insan etməyə kafi olmaz. Bəzən isə əksinə, insanın kinini, nifrətini, həsədini, gözüdarlığını, təkəbbürünü, maddi mənfəətə yönələn hərisliyini və s. daha da qabardar, dünən hamının küsəyən kimi tanıdığı uşaq birdən dəyişilib davakar olar. Bütün bunlarda isə müəllimin yox, tədris etdiyi fənlərə aid ədəbiyyatın, materialların rolu olar, müəllim istəsə belə, buna müdaxilə edə bilməz. Halbuki tərbiyə hər əsən küləyin önünə atılacaq əhəmiyyətsiz, lüzumsuz bir şey deyildir, müəllimin əlində məqsədləri, üsulları, təsir gücü, nəticəsi bəlli olan əvəzsiz bir alət, bir yol xəritəsi, bələdçidir. Bu baxımdan “Hər oxuyan Molla Pənah olmaz” həqiqəti kimi “Koroğlu”nu oxuyan hər kəsdən də Koroğlu olacağını gözləmək ən azı sadəlövhlük olar. Təsadüfi deyildir ki, Peyğəmbərimiz (s.a.s) “Allahım, faydasız elmdən Sənə sığınıram!” deyə dua etmişdir və bu duası ilə faydasız elmin nə qədər təhlükəli olduğunu nəzərimizə çatdırmışdır.

Tərbiyə haqqında dar anlayışımızın qaynağı təqribən üç əsr əvvəl Avropanın dünyəviləşmiş, materialistləşmiş dünyagörüşüdür. Bir əsrə yaxındır ki, Avropa bu zərərli dünyagörüşdən imtina yoluna girmiş və müəyyən qədər irəliləyə bilmişdir. Amma biz hələ də bizə aid olmayan fikir və dəyərləri əldə rəhbər tutaraq inadla dirənməkdə, dirəndikcə də kökümüzü, nəslimizi, oturduğumuz budağı baltalamağa davam edirik. Yıxılırıq, əzilirik, ölürük, amma inadımızdan bir addım da geri atmaq istəmirik, bu barədə heç düşünmək belə istəmirik. Çünki ağlımızı qəlbimizlə, vicdanımızla yox, nəfsimizlə bəsləyirik.

Faydalı elm qəlbdən, faydasız elm isə nəfsdən bəslənən elmdir. O zaman faydalı elmə yiyələnməyin yolu qəlbin düzgün bəslənməsinə bağlıdır. Bədənimiz zərərli qidalardan xəstələndiyi kimi, qəlbimiz də özünəməxsus zərərli “qidalardan” xəstələnir və xəstə qəlbdən keçən elm çox olduqca, zərəri də bu ölçüdə zərərli olur. O zaman məktəbin, bir az da geniş əhatədə götürsək, təhsilin əsas məqsədi təlim olmamalıdır, qəlbi bəsləmək, tədris etdiyi elmləri gözəlliklərlə bəslənmiş qəlbdən süzdürmək, beləliklə, sözün əsl mənasında İNSAN yetişdirməkdir, başqa sözlə, tərbiyədir.

Qəzetimizin imkanlarını nəzərə alaraq, burada söhbətimizə ara verib, gələn görüşümüzün mövzusunu xatırladırıq: Heyrətamiz varlıq – insan.

Nazim Əkbərov, 

n.farruxoglu@zaman.az 

 

3 ŞƏRH

  1. bu yaxinlarda kanallarin birinde emekdar muellimin sohbetini dinledim ve onun bir terbiye metodu cox xosuma geldi.meselen gorurem bir usaq qelemi tez-tez disleyir ve men o sagirdin adini cekib yoldaslarinin qarsisinda pert etmek istemirem deye bu movzuda sohbet acmaga baslayiram.qelemin ucundan insanin xesteliye yoluxa bilmesi ve.s kimi.Ve birde baxiram ki hemin usaq hec kim hec ne hiss etmeden qelemi yerine qoyub.Muellimle muellime de cox ferq var.Bu gun yaxsi muellimleriz coxdur Allah can sagligi nesib etsin her birine.

  2. Menim fikrimce esil müellim sagirdine dersle yanaşı,exlaqi deyerleride öyreden müellimdir.şekilde gördüyümüz müellimde gözel müellimlerin en gözelidir.

  3. Eleir ki var cox deyerlimiz Intiqam muellim Allah size tukenmez sefalar nesib etsin.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

four × five =