Heyrətamiz varlıq – insan

0
37

insanlıqKeçən yazımızda faydalı və faydasız elmin nə olduğunu izah etməyə çalışmışdıq. İndi isə mövzunu davam etdirir və heyrətamiz varlıq olan insanın bu pəncərədən necə göründüyünü təqdim etmək istəyirik.

Klassik fəlsəfəyə, ağıllı, dolayısilə materiyanı əzəli və əsas götürən filosoflara görə insan düşünən varlıq, antropoloqlara görə isə, insan danışan heyvandırsa, mənəviyyatımıza görə, insan ucu-bucağı bilinməyən varlıq aləmi içərisində misli-bərabəri olmayan bir mövqe sahibidir. Belə ki, insan ruhu ilə, bədəni ilə Allahın ən əntiq bir sənət əsəridir və yaradılışının qayəsi Əşrəfi-Məxluq (xəlq edilmiş, yaradılmış hər şeydən şərəfli), Əhsəni-Təqvimdir.

Əhsəni-Təqvim ifadəsindəki “təqvim”in mənası əyri olanı düzəltmək, nizama, intizama tabe etdirmək, qiymətli etmək, qiymətləndirmək, “əhsən”in mənası isə insanın ruh və bədəni ilə ən mükəmməl şəkildə yaradıldığını, boy-buxunun düzgünlüyünü, əndamının misli-bərabəri olmadığını, diləyən, istəyən, düşünən, danışan, yazan, anlayan, izah edib, başa sala bilən və sənət qabiliyyəti olan, haqqı batildən, gözəli çirkindən, yaxşını pisdən, düzgünü səhvdən, xeyri şərdən, şirini acıdan ayırd edən ağıllı bir varlıq olduğunu, başqa sözlə,  mələklərdən də yüksəklərə ucalmaq imkanına sahib bir varlıq olaraq yaradıldığını ifadə edir. Başqa sözlə, bizə insanı hansı keyfiyyətləri ilə ən mükəmməl şəkildə yetişdirəcəyimizin bir növ yol xəritəsini verir, “Bax, sənə əmanət olaraq verdiyim bu uşağı gələcək üçün bu keyfiyyətlərə sahib insan kimi yetişdir!”-deyir.

İnsan, doğrudan da, qəribə, öyrəndikcə daha çox heyrətamizlik doğuran bir varlıqdır. Aləmdə nə varsa, insanda da vardır. Başqa sözlə, insanı böyütmək mümkün olsa, nəticəsi kainat, kainatı kiçiltmək mümkün olsa, nəticəsi insan olar. Bir islam aliminin tərif etdiyi kimi, “İnsanın ruhu ruhlar aləmindən, hafizəsi lövhi-məhfuzdan (Allahın yaradılışa dair ilk plaşdırması – qədər), xəyalı aləmi-misaldan (ruhlar aləmi ilə maddi aləm arasındakı keçid aləmi) xəbər verir. İnsan bədənini təşkil edən maddələrin elementləri kainatdakı elementlərdən xəbər verir. Bədənindəki tüklər yer üzünün ağaclarını, sümükləri yer üzünün daş və qayalarını, bədənində dövr edən qan, həmçinin gözündən, qulağından, burnundan və ağzından axan sular yadımıza yer üzündəki çayları, gölləri, çeşmələri, mədən bulaqlarını yada salır”.

Lakin insanı uca, şərəfli edən bütün bünlar deyildir. İnsanı kainat qədər geniş edən şey onun fitrətindəki istedad və qabiliyyətlər, hiss və duyğulardır. İnsanda hər aləmlə rabitə quracaq cihaz və duyğular vardır. Bu cihaz və duyğuların hər biri bir aləmə açılan bir pəncərədir. İnsan məhz bu duyğu pəncərəsi ilə o aləmləri seyr edir və o aləmlərlə əlaqə, rabitə qurur. Məsələn, göz bir pəncərə olaraq görüntülər aləminə açılır. Qulaq bir pəncərədir, səslər aləmini eşidir. Toxunma hissi bir pəncərə olub cismani, maddi aləmə açılan bir pəncərədir. Xəyal bir pəncərədir, misal aləminə açılır, ora ilə rabitə qurur. Ağıl bir pəncərədir, hikmətli maddi aləmin mütəfəkkir mütaliəcisidir. Ruh bir pəncərədir, ruhlar aləminə açılır, qəlb bir pəncərədir, eşq və məhəbbət dünyasının qapısıdır.

İnsan qəlb sahibi olan varlıqdır. Qəlbin isə bir fiziki, bir də mənəvi yönü vardır. Fiziki yönü tibb sahəsinə aiddir, mənəvi yönü isə dinin sahəsidir. Bu baxımdan beyinlə ağlı da eyniləşdirmək doğru deyildir. Beyin fiziki orqandırsa, ağıl mücərrəd və mənəvi lətifədir. Ağıl və beyin arasında incə, lətif bir əlaqə ola bilər, amma bunlar qətiyyən eyni deyildirlər.

Vicdan  bir növ insanın daxili aləminin mizanlarını qəlbə göndərən bir daxili kanaldır.  Bu iki kanaldan gələn məlumat və bilgilər qəlb adlanan lətifədə toplanır və qəlb də bu məlumat və bilgilərə görə formalaşır, inkişaf edir. Bu baxımdan qəlbin saflaşmasından danışarkən, yaxud qəlbin qaralmasından söz düşərkən, onda toplanmış bilgi və məlumatların, bunun kimi bir də hafizədən, yaddaşdan axıb gələn informasiyanın, xəyalların nələrdən ibarət olduğunu nəzərə almaq lazımdır. Bu baxımdan qəlb insanın mahiyyətinin ən mühüm mərkəzi, ən istiqamətverici qərar mexanizmidir.

Vicdan insanın fitrətinə dərc edilmiş, anadangəlmə həqiqətlərin bir meyarıdır. O, haqq və həqiqətlərin hiss edilməsini təmin edən və insana xatırladan bir mexanizmdir. Bu baxımdam vicdan mənəvi aləmlərin bir növ xəritəsi, həqiqətləri özündə əks etdirən bir ayna kimidir. Həm əxlaqi dəyərlərin, həm də doğruluğun ana bazası kimidir.  Buna görə də insan səhvə yol verə bilər, amma vicdan kompas kimi həmişə doğru olan, həqiqəti, haqqı göstərir.

Yuxarıda “lətifə” dedik. Bədən maddi orqanlarımızın ümumi adı olduğu kimi, lətifə də insanın mənəvi və lətif hislərinə verilən ümumi addır. Qəlb, ruh, vicdan və s kimi minlərlə hiss və duyğuların, onların adlarının ümumiləşdirilmiş adıdır.

Bu və buna bənzər minlərlə hiss və duyğular insanın mahiyyətində mövcuddur və bunların hər biri də bir aləm ilə əlaqədardır. Bu hisləri kəşf etmədən, onları öyrənmədən, müqayisə və təhlillərdən keçirmədən, dərəcələrini müəyyən etmədən insanı necə tərbiyə edəcəksən?

Burada yazımıza bir daha ara verir və mövzunu yekunlaşdıracaq yazımızın adını təqdim edirik: Müəllimin zay məhsulu zay cəmiyyət deməkdir.

Nazim Əkbərov, 

n.farruxoglu@zaman.az