Bir müəllimdən geriyə qalan sınıq qəlblər

0
sinif otağı

sinif otağıBu yaxınlarda yaxınlarımızdan birinin övladı müəllimi haqqında “Zəhləm gedir!” ifadəsini işlətdi. Doğrusu, müəllimi haqqında belə bir fikri olduğu üçün o uşağa bir söz deməyi fikirləşirdim ki, atası onu danladı:

– Adam müəllimi haqda belə söz işlətməz!-dedi, oğlunu bizdən uzaqlaşdırmaq üçün onu həyətə yolladı və üzünü mənə tutdu,-bunların bir müəllimi var, uşaqlarla çox pis rəftar edir. Bir neçə dəfə görüşmüşəm, özünə də, direktora da demişəm, amma faydası yoxdur. Belə müəllimləri məktəbdə niyə saxlayırlar, başım çıxmır.

Mən onu təskin etməyə çalışdım və xəyal məni çox-çox uzaqlara apardı. Yeddinci sinifdə bizə bir başqa fənni Süleyman (Bu hekayətdə çəkilən bütün adlar, qeybət olmasın deyə həqiqi deyil, uydurmadır- N.Ə.) adlı müəllim tədris etməyə başladı. Onun haqqında xoş söz deməzdilər. Yuxarı sinif şagirdləri ona rişxəndli ləqəb də qoymuşdular.

Süleyman müəllim sinfə girib, stuluna oturdu, ayağını ayağının üstünə aşırıb, sinfə göz gəzdirdi. Biz hamımız maraqla onun nə deyəcəyini gözləyirdik. Axı yeni bir fənnə başlayırdıq və o fənni də bu müəllim deyəcəkdi.

Süleyman müəllim üzünü birinci sırada oturan qızlardan birinə tutdu:

– Kimin qızısan?

Qız ədəblə ayağa qalxdı, atasının adını dedi.

– Hansı Kamilin?

Qız tanışlıq verdi:

– Dərzi Kamilin.

Müəllim üz-gözünü turşutdu.

– Aaz (bizim tərəflərdə “Ay qız” xitabının qısaldılmış forması),  otur,-deyib əli ilə qıza oturmağı işarə etdi,-sənin dədən oxuyan olmayıb, sən də onun tayı olarsan.

Qız pərt oldu, yanında oturan rəfiqəsi tez müdafiə etdi:

– Müəllim, o əlaçıdır…

Müəllim səhvini düzəltmək əvəzinə, əlini yelləyib təhqir dolu sözlərini yağış kimi qıza yağdırdı:

– Əşi, dərzi Kamilin qızından nə əlaçı olacaq?

Mən sinif yoldaşımın arxasındakı partada oturmuşdum, onun üzünü görmürdüm, amma arxadan da olsa, onun hansı hissləri keçirdiyini çiyinlərinin qalxıb-enməsindən və başının lap aşağıyadək əyilməsindən təsəvvür etmək olurdu. Başını aşağı dikmiş, bu insafsız müəllimin ona nə zaman “otur!” deyəcəyini gözləyirdi. İndiyədək onunla belə rəftar edən olmamışdı.

Nəhayət, gözlənilən cavab gəldi. Müəllim sözlə deyil, əli ilə ona oturmaq işarəsini verdi.

Müəllimimiz bu dəfə onu müdafiə edən rəfiqəsini ayağa qaldırdı.

– Qalx ayağa görüm! Sən kimin qızısan?

– Səkinənin,- deyə Zərifə qorxa-qorxa cavab verdi.

– Dədəni qoyub, ananın adını niyə çəkirsən, aaaz?..

Zərifə cavab verə bilmədi. Onun atası çoxdan vəfat etmişdi. Kimsə “Atası yoxdur”,- dedi.

– Səkinə kimdir?-deyə müəllim eyni əda ilə sual verdi.

Zərifə anasını tanış verdi:

– Zavodda laborant…

– Qaraçı Səkinə?

Sinifdə şagirdlərin bəzisi ucadan, bəzisi pıqqıltı ilə güldü. Görünür, Zərifənin anasına “Qaraçı Səkinə” deyirmişlər. Zərifə susdu. Müəllim əli ilə ona da oturmasını əmr etdi. Zərifə pərt halda yerinə oturdu. Bu dəfə müəllim üzünü arxa sırada oturan Sərdara (ad şərtidir) tutdu:

– Sən kimin oğlusan?

Sərdar çətinliklə ayağa qalxdı, başını aşağı salıb cavab vermədi. Onun atası şəhər bazarı qarşısındakı meydanda ayaqqabı silərdi. Böyük Vətən müharibəsində kontuziya alıb, tərxis olunmuşdu. Çətinliklə yeriyər, çətinliklə danışardı.

– Ə, dədəvun adını bilmirsən?

Bu, çox ağır söz idi, amma yeddinci sinif şagirdi müəlliminin bu sözü qarşısında nə deyə bilərdi ki? Sərdarın əvəzinə, onunla bir partada oturan Məmməd cavab verdi:

– Əsgərin oğludur… Başmaqsilən Əsgərin…

Müəllimin ağzı qulaqlarının dibinəcən açıldı.

– Ə, dədən cavanlıqda quşbazlıq edərdi, sən də quşbazsan? Otur, səndən adam olmaz.

İllər sonra hər dəfə bu hadisəni xatırlayanda Sərdarın atası Əsgərin nümunə olaraq göstərilmək əvəzinə, müəllimimizin rişxənd hədəfi olmasını anlaya bilmirəm. Adam Böyük Vətən müharibəsində yaralamış, kontuziya almışdı. Tez-tez ürəkkeçməsi tutar, bəlkə yüz dəfə kimlərinsə yardımı ilə ölümün pəncəsindən qurtulub həyata qayıdar, əlinin halal əməyi ilə, onun-bunun ayaqqabısını boyamaqla ailəsinin ehtiyaclarını ödəyərdi. Amma bu müəllim ona xor baxırdı.

Birinci dərsimiz bu qayda ilə, tanışlıqla keçdi. Anamla eyni məktəbdə, eyni məsləkdə işləməsinə baxmayaraq, məni də təhqir etdi. Mən ona necə nifrət etdimsə, onun tədris etdiyi fənni oxumadım və bu mənim həyatımı, bütün gələcəyimi dəyişdirdi. O zamana qədər mən “2” qiymət almamışdım. Bundan sonra “2” almağa başladım.

İllər sonra yuxarıdan tapşırığa görə seçkiqabağı vəziyyəti öyrənmək üçün onun işlədiyi başqa bir məktəbə getmişdik. Seçki dairələrindən biri bu məktəbdə yerləşirdi. Müəllimlər otağına girəndə o, otaqda təkbaşına oturmuşdu. Salam verdim. Adam salamımı almaq əvəzinə sual verdi:

– Seçkilərlə əlaqədar gəlmisiz?-Və cavab gözləmədən əlavə etdi,-sizin keçirdiyiniz seçkidən  nə çıxacaq?

Köhnə yaraların qaysağı qopdu, bu dəfə ona cavab verməkdən özümü saxlaya bilmədim:

– Sənin kimi müəllimin dərs dediyi adamlar elə bizim kimi olar, biz də elə bu cür seçki keçirərik. Nədir, seçkidən narazısan, ya bizdən? Sən əvvəl özündən narazı ol ki, bizim kimi şagirdlər yetişdirmisən…

Süleyman müəllim, görünür, belə bir cavab alacağını gözləmirdi. Ağzı açıq qaldı, daha heç nə deyə bilmədi.

O da müəllim idi, bu yaxınlara qədər yaşayırdı və işləyirdi. Yarım əsr şagirdlərin qəlbinə kin və nifrət doldurmaqla məşğul oldu və… bir gün öldü.

Öldü və özündən sonra bu xatirəni və kim bilir, nə qədər sınıq qəlb buraxıb getdi.

Nazim Əkbərov

n.farruxoglu@zaman.az

Şərh yaz

Please enter your comment!
Please enter your name here

10 + twelve =