Zərdablıların rəğbətlə andıqları hakim – şəhid Məhərrəm Məmmədov

3
Məmmədov Məhərrəm Fehruz oğlu
Məmmədov Məhərrəm Fehruz oğlu
Məmmədov Məhərrəm Fehruz oğlu
Məmmədov Məhərrəm Fehruz oğlu

 

 

Təmiz adın işığında

Yeksarə xanım divardan asılan qara haşiyəli şəklin qarşısında dayanıb ömür-gün yoldaşının bir nöqtəyə zillənən baxışlarına dönə-dönə tamaşa etdi. Xəyallanıb-xəyallanıb şəkillə danışmağa başladı:
– Balalarımız Adəmin, Xəyyamın, nəmli baxışları məni varımdan yox edir. Onları ovundurmaqda çətinlik çəkirəm… Amma elə bilirəm ki, hər dəqiqə yanımızdasan. Mehriban səsin hələ də qulaqlarımdadır. Özün bu dünyada olmasan da, təmiz adının ucalığına, saf əməllərinin işığına sığınıb yaşayırıq.

Sən gedəndən elə hey

Məni boğsa da qəhər.

Nəfəsini duyuram,

Əzizim, axşam, səhər.

***
Həyatda tək deyiləm,

Sığınmışam adına.

Balaların qızınır,

Ürəyimin oduna…
Məhərrəm hərbi xidmətdən sonra BDU-nun hüquq fakültəsini bitirmişdi. Rayondakı aqrar-sənaye birliyində hüquqşünas işlədiyi illərdə rayon camaatı ilə qaynayıb-qarışmış, yıxılanın, haqqı tapdananın tərəfində dayanmışdı. O, hamıya xoş üzlə kömək köstərməyi, dost-tanış qazanmağı bacaran adam idi. 1987-ci ildə Zərdab rayon xalq hakimi seçiləndən sonra Məhərrəmin fəaliyyət dairəsi, səlahiyyəti genişlənsə də o, yenə də öz sadəliyi ilə seçilirdi. Arabir iş-gücdən baş tapıb kəndə qayıdanda camaat arasına çıxaraq hamı ilə görüşür, yas yerlərinə üz utub könlü qubarlı ailələri ovundurardı. Qardaşları Tofiqin, Əbilin nəzərində Məhərrəm adicə qardaş deyildi, – ata kimi yanımlı, sirdaş kimi ürəkdən keçəni duyan idi. Bacısı Suğradan ötrü kəndin ayağından başına payı-piyada gəlib onunla əhval tutar, bacısı uşaqlarını öpüb-oxşayardı. Cavan olmasına baxmayaraq üzündən nuranilik yağırdı onun. Zərdab camaatının nəzərində Məhərrəm Simurq quşu timsalında idi. Tələm-tələsik hökmlər çıxarmağı səriştəsizlik hesab edən bu yanımlı hakim həmişə vicdanın səsinə arxalanar, adamları islah etməyə, düz yola qaytarmağa çalışardı. Cavan ailələr bəzən ayrılmaq üçün ona üz tutanda vüsal şirinliyini hələ lazımınca dərk etməyən gəncləri təzədən qovuşdurmağı ən böyük savab hesab edirdi. Ürəyində öz-özünə deyərdi ki, “dünyada könül sındırmaqdan, nifaq toxumu səpməkdən ağır günah yoxdur.
Hakim qərar çıxararkən gərək yüz ölçüb, bir biçsin”. Mühakimə etdiyi adamlara elə həssaslıqla yanaşardı ki, onun hökmündən heç kəs incik qalmazdı…
Şirvan torpağında yaşasa da, ürəyi Qarabağda, Cəbrayılın barıt qoxulu obalarında qalmışdı. Doxsan üçüncü ilin əvvəllərindən başlayaraq tez-tez doğma ata ocağına baş çəkər, imkanı dairəsində döyüşən orduya maddi və mənəvi kömək göstərərdi. Səksəkə içərisində sabaha boylanan həmyerlilərinə üz tutub:
-Əzizlərim, – deyərdi – möhkəm olun, yadda saxlayın ki, ata ocağının əvəzini heç nə verməz. Allah eləməmiş bu yerlərdən əliniz çıxsa, qərib obalarda göz yaşı axıtmalı olacaqsınız…
… O məlum gündə yenidən Böyük Mərcanlıya üz tutmuşdu. İstəyirdi ki, anası Səfurəni, əlsiz-ayaqsız uşaqları atəş altdan çıxarıb arxaya aparsın. Yola düşməzdən bir gün qabaq adəti üzrə kənddəki dəmir yol stansiyasına baş çəkib həmyerliləri ilə hal-xoş etdi. “Ağlın nə kəsir, indi biz nə edək?” – sualı ilə ona üz tutanlara: -Vəziyyət elədir ki, qız-gəlini, uşaq və qocaları burada saxlamaq ölümü havayıdan qazanmaqdır, – dedi…
Avqustun 24-də anası Səfurəylə, yaxın qohumları Rəsul və Aminə ilə öz şəxsi maşınında yola çıxan Məhərrəm Məmmədov Əhmədbəylinin yol ayrıcından bəridə, “Kültəpə” deyilən yerdə düşmən “qrad”ına tuş gəldi. Bircə anın içərisində od alan maşının içində yanıb külə döndülər onlar…
Dünyada simurq quşu kimi yanımlı bir insan idi Məhərrəm. Elə anadan olduğu gündə də simurq quşu kimi yanıb dünyasını dəyişdi. Ondan bizə el qeyrəti və bir də təmiz ad qaldı…
…Bir dəfə Zərdablı bir dostumun dilindən qopan: “-Məhərrəm müəllim heç öləsi oğul deyildi. Onu biz Cəbrayıl camaatından da çox istəyirdik…” kəlmələrini eşidəndə ürəyim yenidən şan-şan oldu…
…Sonralar Məhərrəm müəllimin gözünün ilk ovu olan oğul balasıyla, Adəmlə də rastlaşdım bu cavan oğlanı görəndə elə bil bir anlıq təsəlli tapdım. Dünyadan nakam gedən atasının arzularını yaşatmaq naminə gələcəkdə hüquqşünas olmağı qət edən Adəm elə indidən el-oba üçün yanımlı-yapışıqlıdır. Şəhid atasının torpağı sanı yaşasın…
…İllər boyu Məhərrəmin boyunu oxşamaqdan doymayan Səfurə bacı haqq dünyasına oğluyla birlikdə qovuşdu. Onları bir-birlərindən ayırmağa ölümün də gücü çatmadı. Səfurə ana haqq dünyasında da sevimli övladını bağrına basdı. Dünyada ana sevgisindən güclü nə var ki?!

3 ŞƏRH

  1. BIZ BALACA USAQLAR IDIK.BIZIM KUCEDEN GELIB KECERDI.BIZ ONA SALAM VERIRDIK,O DA BIZE ELEYKIME SALAM DEYIB GEDERDI.ELE BIL KI,YEKE KISILERLE GORUSURDU.ALLAH REHMET ELESIN!

  2. ÇOX GÖZƏL İNSAN İDİ. 1992-Cİ İLDƏ BU RƏHMƏTLİK, ƏLAYIF BƏY HƏSƏNOV VƏ MƏN FÜZULİDƏKİ DÖYÜŞÇÜLƏRİMİZƏ YARDIM APARMIŞDIQ. ORADA TANK BATALYONUNUN KOMANDİRİ, ZƏRDABIN İGİD OĞLU CEYHUN ABDULXALIQOV POLİQONDA BİZƏ AVTOMAT VERDİ VƏ HƏDƏFƏ-BUTULKAYA ATƏŞ AÇDIQ. TƏKCƏ MƏHƏRRƏM MÜƏLLİM BUTULKANI VURA BİLDİ…
    ONUNLA TƏLƏBƏLİKDƏN YAXIN TANIŞ İDİK. ÇOX MEHRİBAN, SADƏ VƏ SƏMİMİ OĞLAN İDİ. HƏYATDAN VAXTSIZ GETDİ, ŞƏHİDLİK ZİRVƏSİNƏ UCALDI.
    ALLAH RƏHMƏT ELƏSİN, xanımına, övladlarına, nəvələrinə can sağlığı versin!

Şərh yaz

Please enter your comment!
Please enter your name here

14 − nine =