Qəbir boyda işğal

0
23

qəbirHansı adətimzi götürsən, mütləq bir qənbərqulusu çıxacaq. Nədənsə ehtişama, görüntüyə, başqalarından üstün görünmə hissinə yaman aludəyik. İstər toyumuzda, istər vayımızda bu dediklərimiz açıq-aydın görünür.

İş gəlib o yerə çatdı ki, hökumət yas mərasimlərinə əl qoymağa başladı. Hətta deyilənə görə, bəzi rayonlarda ehsan qazanlarını götürüb eləcə ağzı açılmadan hərbi hissələrə, uşaq evlərinə aparırlar. Amma yaxşı olardı ki, bu məsələni zor yolu ilə deyil, örnək göstərməklə həll edələr. Hər kəs bilir ki, bizdə kasıb varlıya baxıb özünü oda yaxır. Demək, məsələyə aşağıdan deyil, yuxarıdan başlamaq lazımdır ki, aşağı da könüllü şəkildə bu başlanğıcı qəbul eləsin. Yazının bu yerində bir “əmma” da qoyum ki, bu işin də müəyyən qədər kampaniya xarakteri daşıdığı qənaətindəyəm.  Çünki bu işi görməli olan onun davam etməsində maraqlıdır, məsələyə mənəvi baxımdan yanaşmaq lazımdır ki, yanaşmalı olanlar da yanaşmaq istəmirlər. Səbəbi də ki, məlum, pul, pul və yenə pul.

Yuxarıda bəhs etdiyim kampaniya başlayanda qəbiristanlıqlar məsələsi də gündəmə gəlmişdi. Məzarların bu qədər süslənməsi, ehtiyac olmadığı halda bir mənzil qiyməti tökülərək saray halına gətirilməsi israfdır, günahdır, cahillikdir və təbii ki, Allah-Təalanın sevmədiyi işdir. Bir yerdə ölüyə diridən çox xərc çəkilirsə, demək, orda insana dəyər yoxdur. Bu məsələ, çox-çox üzr istəyərək söyləyirəm, ət yeyən heyvanın qabağına ot, ot yeyən heyvanın qabağına ət qoymaq kimidir. Yəni biz kimə nə verməli olduğunu bilmirik. Torpağın altına qoyduğumuz ölünün axirətdə olduğuna inanırıqsa, daha o torpağın üstünü, yəni dünyanı süsləmək kimə lazımdır? Hələ işin başqa bir tərəfini, yəni məzar daşına çəkilən adamboyu şəkillərin o məzardakını nələrdən məhrum qoyduğunu dilə gətirmirəm. Ölüyə dua oxuyarlar, adına ehsan verərlər. Ehsan deyəndə, toxları təkrar-təkrar doyurmaq üçün dolu qazanları nəzərdə tutmuram, imkansıza əl tutmağı, xəstənin müalicəsini öz boynuna götürməyi, tələbənin xərclərini ödəməyi, imkansız ailəni ev sahibi eləməyi, ac doyurmağı, yetim-yesirə sahib çıxmağı və buna bənzər yüzlərlə xoş əməli düşünürəm.

Məsələnin ən betər tərəfi isə ondadır ki, torpağa qoyulan hər ölü ilə ən azı 2 kvatdratmetr torpaq, müvəqqəti də olsa, “ölür”, yəni betonlanır. Heç təsəvvür edirsinizmi, bir qəbirə azı 50-60 mişar daşı, yarım maşın qum gedir, yəni əsl inşaat işi. Bu gedişlə biz hara gedirik? Sizi əmin edirəm ki, insanlığın təməlindən bu günə qədər hər ölüyə bir kvadratmetr torpaq verilsəydi, indi yer üzündə qəbir əlindən ayaq basmağa yer qalmazdı. Bu haqsızlıqdır, zülmdür, cahillikdir… Torpaqlarımızı qəbir-qəbir “öldürürük” və belə davam edərsə, yaxın gələcəkdə  qəbiristanlıqlarımızdan beton qazan alətlərin taqqıltısını eşidərik. Onda indiki ağalar, paşalar unudulmuş olacaqlar, ehtişamlı, saray kimi məzarlar ziyarətçi gözləməkdən bozaracaq, sökülüb töküləcək. Torpaqdan yaranmış insan öldükdən sonra torpağa qarışmalıdır. İslam dini bunu tələb edir, bizsə yeraltı kameralar tikib, ölülərimizi Misir fironları kimi orada saxlayırıq. Qədimdə qəbir üstünü ağacla örtərdilər, ən çox da tut ağacı ilə. Həmin ağacın çürüməsi, qəbirin çökməsi təxminən əlli il çəkərdi ki, bir ölünün də övladları onu olsa-olsa elə bu qədər xatırlayarlar. İstəyirsiniz, çıxın küçəyə və soruşun: babasının atasını tanıyan neçə adam görəcəksiniz?.. Hələ onu demirəm ki, imkanlılar qəbiristanlıqda böyük bir yeri “ailə məzarlığı” adı ilə hasarlayırlar. Deməyə söz tapmırsan, yazıq, yazıq, yenə də yazıq…

Sözümün canı odur ki, gərəksiz işlərlə məşğuluq, gərəksiz azdır, zərərli işlərlə məşğuluq. Amma əmin olun ki, gələcək nəsillər bizim bu xətamızı düzəldəcək, ya buldozerlə, ya çəkiclə, ya da Allah bilir nə ilə..

www.zaman.az