Dinin təbliğində səmimi olmaq lazımdır

0
24

kainat“(Ya Peyğəmbər!) De: “Mən buna (təbliğ etməyə) görə sizdən heç bir əcr istəmirəm. Və mən özümdən bir şey uydurub deyənlərdən də deyiləm!” (Sad, 38/86).

Səmimiyyət, təmiz qəlb və xoş niyyət uca dinimizdə həmişə tövsiyə olunmuşdur. Bu səbəbdən həm ayələrdə, həm də hədislərdə xeyirli yolda istifadə olunmadığı təqdirdə, dünya nemətlərinin heç birinin axirətdə insana fayda verməyəcəyi, lakin təmiz qəlblə Allahın hüzuruna çıxanların xilas olacağı qeyd olunur. Bir ayədə belə buyurulur:

“O gün ki, nə mal-dövlət, nə də övlad bir fayda verər! Ancaq tərtəmiz bir qəlblə Allahın hüzuruna gələn kimsədən başqa!” (əş-Şuəra, 26/88-89).

Allahın razılığını qazanmaq üçün yerinə yetirdiyimiz hər növ bəndəlik vəzifəmizdə ixlas və səmimiyyətimizə kölgə salan bütün pis düşüncə və davranışlardan çəkinməliyik. Məsələn, ibadətlərimizdə göstəriş (riya), maddi və ya mənəvi mənfəət gözləntisi ixlas və səmimiliyimizi mütləq şəkildə kölgə altına salır. İxlas və səmimiyyət kölgə altına salınanda isə görülən işin təsiri yox olur. Üstəlik, o işə bir də maddi mənfəət qarışsa, onda səmimiyyət tamamilə yox olar və artıq o əmələ qulluq və ibadət deyilməz.

Qurani-Kərimin bütün peyğəmbərlərin müştərək sözü kimi nəql etdiyi “Mən bunun (təbliğ etməyin) müqabilində sizdən heç bir əvəz istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir!” (əş-Şuəra, 26/109) ayəsi qeyd olunan məqama işarə edir.

Bu ifadələrlə peyğəmbərlər öz cəmiyyətlərinə bu mesajı vermişlər: “Biz sizin üçün dərd və iztirab içində qıvrılırıq. Siz isə bizə dəli deyirsiniz, həqarət edirsiniz, daşlayırsınız və insanlardan uzaqlaşdırmağa çalışırsınız. Biz peyğəmbərlər isə qapı-qapı gəzərək Haqqı bəyan etməyə çalışırıq. Siz isə bütün qapıları üzümüzə bağlamaqla məşğulsunuz. Etdiyiniz bu qədər əziyyət və cəfaya baxmayaraq, biz peyğəmbərlər sizdən bu dünyada da, axirətdə də heç bir mənfəət gözləmirik. Bizə lazımi qarşılığı bizi bu tapşırıqla göndərən Allah verəcəkdir”.

Həzrət Adəmdən (ə.s.) Peyğəmbərimizə (s.ə.s.) qədər bütün peyğəmbərlərin Allaha (c.c.) qulluqda və peyğəmbərlik vəzifələrindəki qayələri məhz bu ülvi məqamdır.

Hamımızın tez-tez oxuduğu Yasin surəsində Həzrəti İsanın həvarilərindən bəhs olunur. Rəvayətə görə, həvarilərdən üçü İslamı insanlara çatdırmaq üçün bir şəhərə (şəhərin Antakya olduğu nəql olunur) gəlir. O dövrün dövlət xadimləri onların dərhal həbs edilmələrini istəyirlər. Əmr icra olunur və həvarilər həbs edilirlər. O bölgədə hamının hörmət elədiyi və fikirlərinə etibar etdikləri Həbib Nəccar adlı mömin bir insan bu xəbəri eşitdikdə dərhal qaçaraq oraya gəlir və belə deyir: “… Ey qövmüm! Elçilərə tabe olun! Sizdən heç bir əvəz istəməyən və özləri də doğru yolda olan kəslərin ardınca gedin!” (Yasin, 36/20-21).

Göründüyü kimi, Həbib Nəccar camaatın elçilərin sözünə qulaq asmadığını eşidən kimi qaçaraq oraya gəlmiş, onların etibarlı insanlar olduqlarını və heç bir maddi mənfəət güdmədiklərini bildirmiş və məhz buna görə də onların sözlərinə qulaq asmalarını istəmişdir. Lakin bu sözlər də fayda verməmiş və şəhər camaatı onu vəhşicəsinə öldürmüşdü.

Keçmişdə olduğu kimi günümüzdə də dini mövzular çox vaxt pisniyyətli insanlar tərəfindən sui-istifadə edilməkdə və dindən maddi mənfəət məqsədilə istifadə olunmaqdadır. Sevimli Peyğəmbərimizin (s.ə.s.) Məkkədəki həyatını gözümüzün önünə gətirsək, çox maraqlı nümunələrlə rastlaşarıq. Uca Allah (c.c.) öz elçisi Həzrət Muhammədi (s.ə.s.) müjdələyici, batil əqidələrə və kirli həyatın içində itib-batanlar üçün də bir xəbərdaredici kimi göndərmişdir. Peyğəmbərin yeganə vəzifəsi budur və onun bundan başqa, heç bir qayəsi yoxdur. O öz dəvətinin qarşılığında heç bir şəxsi məqsəd və mənfəət gözləməz. Onun gözlədiyi yeganə şey insanların öz azad iradələri ilə Allahın yolunu seçərək bu yolda getmələridir. Belə ki, məkkəli bütpərəstlərin tanınmış şəxsləri müxtəlif məqamlarda bu iddiasından əl çəkməsinin qarşılığında Peyğəmbərimizə (s.ə.s.) istədiyi sərvəti vermək, öz başçıları təyin etmək, ən gözəl qadınlarla evləndirmək kimi cəlbedici təkliflər etmişdilər. Lakin o bu təklifləri qəti şəkildə rədd etmişdi.

Buna görə də hamımız dinimizin əmrlərinə mümkün qədər əməl etməli və öz doğru bildiklərimizi insanlara çatdırmalıyıq. Bunları çatdıranda isə insanlardan heç bir şəxsi mənfəət, maddi və ya mənəvi qarşılıq gözləməməliyik. Əks təqdirdə, ibadətlərimizdən zövq almağımız da, Həzrəti Peyğəmbərin (s.ə.s.) əxlaqını nümunə götürməyimiz də qeyri-mümkün olar. Allah da bəsit dünya mənfəətləri üçün dindən sui-istifadə etməməyimizi əmr edir:

“… İnsanlardan qorxmayın, Məndən qorxun. Mənim ayələrimi ucuz qiymətə satmayın…” (əI-Maidə, 5/44).

www.zaman.az