Zərdabda Dövlət Bayrağı Günü qeyd olundu- FOTOLAR

0
29

Zərdab rayonu07 noyabr 2014-cü il tarixdə Zərdab rayonunda 9 Noyabr Dövlət Bayrağı Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüblər. Sonra məktəblilərin dövlət bayrağına aid əl işlərindən və divar qəzetlərindən ibarət sərgi tədbir iştirakçılarına nümayiş etdirilib.

Tədbirin rəsmi hissəsi Heydər Əliyev Mərkəzində davam etdirilib. Öncə Dövlət Bayrağı Meydanının açılışına həsr olunmuş “Azərbaycan Dövlət Bayrağı Meydanı” adlı sənədli film nümayiş etdirilib. Sonra Zərdab Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverdi Səfərov “Dövlət Bayrağı günü” mövzusunda məruzə ilə çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin iclasında qəbul edilib və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın dövlət bayrağı milli müstəqilliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib.

Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamı ilə hər ilin 9 noyabr tarixi Azərbaycan Respublikasının Dövlət Bayrağı günü kimi təsis olunub. Hər bir dövlətin bayrağı həmin ölkənin, millətin kimliyini, milli-dini mənsubiyyətini, hansı amallar uğrunda mübarizə apardığını ifadə edən xüsusi qürur mənbəyidir.

Natiq rayon sakinlərini əlamətdar gün münasibətilə icra başçısının adından təbrik edərək, dövlət atributlarımızın, o cümlədən bayrağımızın müqəddəsliyi və bayrağımıza ehtiram göstərilməsinin hər bir vətəndaşın borcu olduğunu vurğulayıb. Qeyd edib ki, Zərdabda şəhərin mərkəzi hissəsində Ümummilli lider Heydər Əliyevin ölkəmizdə ilk dəfə hakimiyyətə gəlişinin 42-ci ildönümü münasibətilə 14 iyul 2011-ci ildə 42 metr hündürlükdə bayraq qaldırılıb və Dövlət Bayrağı meydanı yaradılıb.

Sonda məktəblilər Dövlət Bayrağımıza həsr olunmuş şeirlər söyləyiblər.

 Zərdab Rayon İcra Hakimiyyəti Zərdab rayonuZərdab rayonuZərdab rayonu