Sədəqə – sədaqətin təsdiqidir

0
32
SədəqəSədəqə çox geniş anlayışdır. Təəssüf ki, bəziləri sədəqəni, sadəcə, bir dilənçinin və ya ehtiyac sahibinin ovcuna qoyduğu 20 qəpik kimi başa düşür, elə bunun üçün də sədəqə sözünü eşidəndə canı sıxılır.
Biz sədəqə məfhumunun mahiyyətini, əhatə dairəsini qısa şəkildə ifadə etməyə çalışaq və dəyərli oxucularımız da bu gözəl ibadətin nə olduğunu anlasınlar:

Sədəqə müsəlmanın öz Allahını tanıması və Ona öz sədaqətini təsdiq etmək niyyətilə yerinə yetirdiyi bütün əməllərdir. Yəni Allah-Təalanın rizasını qazanmaq niyyətilə görülən bütün əməllər sədəqədir: yıxılanın qolundan tutmaq da, bir yaraya məlhəm çəkmək də, bir könülü sevindirmək üçün təbəssüm də, maddi-mənəvi yardımlar da, zalımın zülmünü dayandırmaq da, məzlumu ağır vəziyyətdən qurtarmaq da…

Bu mövzuda istədiyiniz qədər xoş əməllər saya bilərsiniz, hamısının da adı sədəqə olar.

Məsələnin mahiyyətinə diqqət yetirmək lazımdır. Mahiyyət yuxarıda dediyimiz kimi, Allaha sadiq olduğunu, bağlı olduğunu isbat etmək üçün işlənən əməllərdir. Keçib gedənlərə zərər verməsin deyə yola düşən daşı götürüb bir tərəfə atmaq da sədəqədir.

Rəsulullah (s.ə.s.) buyurur: “Təbəssüm də sədəqədir”. Nə qədər də gözəl, nə qədər də ülvi bir həqiqət!

İmkanlı şəxslər müxtəlif müəssisələr qurublar, o müəssisələrdən gələn gəliri sədəqə niyyətilə müxtəlif işlərə yönəldiblər. Hazırda İslam dünyasında belə müəssisələr çoxdur. Bir müsəlman yüz il əvvəl bir dükan qurub və o dükan indi də çalışır. Orada çalışanlar müəyyən edilmiş maaşları alırlar, gələn ümumi gəlir isə yüz il əvvəl olduğu kimi, yenə də müəyyən edilmiş sahələrə sərf edilir. İslam terminologiyasında buna “sədəqeyi-cariyyə”, yəni “davamlı olan”, “axıb gedən sədəqə”. Müəssisəni quran yüz ildir ki, dünyasını dəyişib, amma onun başlatdığı xeyir iş davam etdikcə savabı artır.

Allahını tanıyan, Ona bağlanan bəndə öz sədaqətini ifadə etmək üçün min cür yollar, xeyir qapıları tapır. Allah-Təala hər birimizə xeyirli qapılardan keçməyi, imanla yaşamağı və onu təsdiq etməyi nəsib eləsin!