Gecələrdə gizli qalan həmyerlimiz – Əzimə Ağalarova

2
Əzimə Ağalarova

Əzimə AğalarovaAzərbaycan Dillər Universitetində Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, professor Fəridə Səfiyevanın təşkilatçılığı ilə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun (indiki Azərbaycan Dillər Universiteti) məzunu,Almaniyada yaşayan azərbaycanlı yazıçı-publisist Əzimə Ağalarovanın müəllifi olduğu “Bakıdan Qahirəyə və Stokholma uzanan yol” kitabının təqdimat mərasimi keçirildi.

Tədbirdə Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, professor Fəridə Səfiyeva, Yazıçılar Birliyinin katibi İlqar Fəhmi,kafedranın professoru Adil Babayev, kafedranın müəllimləri, kitabın müəllifi Əzimə Ağalarova, müəllifin məktəb və universitet yoldaşları, o cümlədən tələbələr iştirak edirdilər.

Tədbirdə Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, professor Fəridə Səfiyeva açılış nitqi ilə çıxış edərək tədbir iştirakçılarını salamladı. O, “Bakıdan Qahirəyə və Stokholma uzanan yol” kitabının işıq üzü görməsi münasibətilə kitabın müəllifi Əzimə Ağalarovanı təbrik etdi. Kafedra müdiri, professor Fəridə Səfiyeva Əzimə Ağalarovanın uzun illər bundan öncə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunu (indiki Azərbaycan Dillər Universiteti) bitirdiyini xatırladaraq hazırda müəllifin Almaniya Federativ Respublikasında yaşadığını söylədi. Ə. Ağalarovanın “Gecələrdə gizli qaldım” adlı birinci kitabından uğurlu nəticələr əldə olunduğunu diqqətə çatdıran F. Səfiyeva ikinci kitabın da maraqlı, oxunaqlı süjet əsasında qələmə alındığını dedi.

Tədbirdə çıxış edən Azərbaycan dili və ədəbiyyatı kafedrasının professoru Adil Babayev Ə. Ağalarovanın universitetdə təhsil aldığı müddətdə çalışqan, savadlı və nümunəvi tələbə olduğunu qeyd edərək universitet illərindəki xatirələri qonaqlarla bölüşdü. O, Ə. Ağalarovanın S. Rəhimovdan sonra yaradıcılığa romanla başlayan ikinci yazar olduğunu dedi. Kitab haqqında fikirlərini dilə gətirən professor A. Babayev əsərin təsvir dilinin xüsusi məharətlə ifadə olunduğunu bildirdi.

 “Əsər solipsizm və sentimentalizm fəlsəfəsi üzərində qurulub. Əsəri orijinal edən cəhətlərdən biri də onun adı ilə bağlıdır. Belinski qeyd edirdi ki, “əsərin uğurunun yarısı onun uğurlu sərlövhəsi ilə bağlıdır”. “Gecələrdə gizli qaldım” adını seçməklə, görünür, qəhrəmanımız sevgisini ürəyinin dərin yerində, gizli bucağında saxlayaraq onu ancaq gecələrlə paylaşmaq istəyir”.

Professor əlavə edib ki, əsərin oxunaqlı, canlı xalq dilinə yaxın, axıcı dili var.

Yazıçılar Birliyinin katibi İlqar Fəhmi öz çıxışında kitaba marağın az olduğu bir dönəmdə kitabın oxucuları ələ alacaq süjet xəttinə malik olduğunu dedi. Hadisələrə müdaxilə etmək, zaman anlayışını düzgün çatdırmaq məqamlarının peşəkarlıq tələb etdiyini söyləyən İ. Fəhmi Ə. Ağalarovanın kitabın süjet xəttində bu nüanslara xüsusi diqqətlə yanaşdığını söyləyərək kitabda psixoloji məqamların, daxili hisslərdəki ziddiyyətlərin oxucu ilə gözəl formada paylaşıldığını qeyd etdi. Kitabda əziyyətin, təcrübənin hiss olunduğunu söyləyən İlqar Fəhmi oxucunun bu kitabı oxuduqda darıxmayacağını dilə gətirdi: “Lakin özəl cəhəti ondan ibarətdir ki, müəllif bu romanda tək bir üslubun qaydalarına uyğun hərəkət etməyib, belə demək olarsa, bu roman bir neçə belletristik janrın sintezindən yaranmış əsərdir. Burada əsərin ana xəttini təşkil edən sevgi süjeti də, beynəlxalq münasibətlərin fonunda cərəyan edən “casus” trilleri xətti də, valideyn-övlad münasibətləri də var. Ən maraqlı cəhət isə bundan ibarətdir ki, müəllif bu üç süjet xəttini romanda çox gözəl şəkildə uzlaşdıra bilib. Hadisələr zaman və məkan səddini keçərək oxucunu gah ötən əsrin ortalarına, İsveçə, gah müasir Bakıya, gah da Camal Əbdül Nasirin prezident olduğu Misirə aparır. Əsərin qəhrəmanlar ansamblı da rəngarəng və maraqlıdır”.

İ.Fəhmi əlavə edib ki, əsər janrın bütün qayda-qanunlarına uyğun yazılıb, süjet xətti çox düzgün qurulub: “Sevgi xətti, dilemma qarşısında qalan qəhrəmanlar, gərgin dramatik səhnələr, kriminal hadisələr və nəhayətdə xoşbəxt sonluq əsəri mütaliə edərkən oxucunu darıxmağa qoymur”.

Azərbaycan dili və ədəbiyyatı kafedrasının dosenti Əqidə Axundova qəriblikdə yaşayan azərbaycanlı yazıçı-publisistin hisslərini doğma məkanında paylaşdığının xoş hal olduğunu dedi. O, Ə. Ağalarovanın “Gecələrdə gizli qaldım” və “Bakıdan Qahirəyə və Stokholma uzanan yol” kitabları haqqında məlumat verərək əsərlərin süjet xətti, məzmunu və orada yer alan məhəbbət anlayışından danışdı. O, oxucu kimi kitablardan çıxardığı nəticələri və analizlərini bölüşdü.

Tələbələr, həmçinin müəllifin məktəb və universitet yoldaşları Ə. Ağalarovanın kitabları, onların süjet xəttləri və qəhrəmanları haqqında suallar ünvanladılar və fikirlərini bildirdilər.

Sonda kitabın müəllifi Əzimə Ağalarova tədbirin keçirilməsinə icazə verdiyi üçün ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidova minnətdar olduğunu söylədi. O, kitablarının ərsəyə gəlməsində dəstəklərini əsrigəməyən professor Fəridə Səfiyeva və müəllimi Adil Babayevə təşəkkürlərini bildirdi. Kitablarını yazarkən keçirdiyi hisslərdən danışan müəllif əsərlərdə yaşanan hadisələrin yüksək dərəcədə reallıqla uyğunlaşması üçün bu müddətdə əsərlərini Azərbaycan, Türkiyə, İsveç, Misir və Sankt-Peterburqda qələmə aldığını qeyd etdi. Müəllif oxucuların onun əsərlərini oxuduqda duyğulanacaqları, hisslərə qapılacaqlarına inandığını dilə gətirdi.

Qeyd edək ki, Ağalarova Əzimə Xaspolad qızı 1959-cu ildə Zərdab rayonunda anadan olub. 1976-cı ildə Zərdab rayonu Ş. Qurbanov adına orta məktəbi bitirib, həmin il Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutuna (indiki Azərbaycan Dillər Universiteti) daxil olub. Əmək fəaliyyətinə 1984-cü ildə Azərbaycan Daxili İşlər Nazirliyində başlamışdır. 1993-cü ilin dekabr ayından Almaniya Federativ Respublikasında yaşayır. “Gecələrdə gizli qaldım” və “Bakıdan Qahirəyə və Stokholma uzanan yol” kitablarının müəllifidir. “Elm və təhsil” nəşriyyatında çapdan çıxan birinci kitaba ön sözü filologiya elmləri doktoru, professor Adil Babayev, ikinci kitaba ön sözü isə Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi yazıb. Bu gün təqdimatı keçirilən 244 səhifədən ibarət “Bakıdan Qahirəyə və Stokholma uzanan yol” kitabı müəllif isə yeganə övladı Pərviz və onun həyat yoldaşı Günelə həsr edib. “İnanıram ki, onların sevgisi də Dilarə və Jozefinki kimi əbədi qalacaq”- deyə, müəllif kitabın epiqrafında bildirib.

Zerdab.comƏzimə Ağalarova Əzimə Ağalarova Əzimə AğalarovaƏzimə AğalarovaƏzimə AğalarovaƏzimə Ağalarova

2 ŞƏRH

  1. Uşaqlıq illərinda uşaq təfəkkürü ilə Sizə necə qibtə edirdiksə, indi həyatda öz yerini tutmuş bir şəxs kimi Sizə qibtə edirik. Əzimə xanıma yaradıcılıq uğurları və can sağlığı arzulayırıq.Zərdablı olaraq Sizinlə qürur duyuruq.

  2. Hörmetli hemyerlim.Kimsiniz bilmirem,amma düshünceleriniz meni gürurlandirdi.Sag olun.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

17 − 8 =