Zərdabın Məlikumudlu kəndindən Atabəylər dövlətinə aid pul tapılıb

0
Zərdab-pul-Atabəylər

Zərdab-pul-AtabəylərTüryançay hövzəsində aparılmış arxeoloji tədqiqat işləri zamanı əldə olunmuş numizmatik materiallar, əsasən, Azərbaycan Atabəyləri dövrünə aid mis pullardır. Aşkar olunmuş sikkənin birinin üzərində isə Şirvanşah Axsitanın adı yazılmışdır.

Məlikumudlu ərazisindən aşkar olunmuş Atabəy pulunun aversində oğuz damğası olan ox kaman və oğuz boylarının sayını bildirən ulduzlar vardır. Ərəb əlifbası ilə yazılmışdır. Sikkə Məhəmməd Cahan Pəhləvanın dövrünə aiddir. Numizmatik materialların təhlili göstərir ki, Zərdab rayonu ərazisində həm Azərbaycan Atabəylər dövləti, həm də Şirvanşahlar dövləti üçün mühüm məntəqələr yerləşmişdir. Ərazidən Şəmsəddin Eldəniz, Məhəmməd Cahan Pəhləvan və I Axsitanın adına buraxılmış numizmatik materialların tapılması təsadüfi deyil. Qeyd etmək lazımdır ki, adı çəkilən siyasi xadimlər Şirvanşah III Məniçöhrün siyasi səhvinin qarşısını alaraq tarixi Azərbaycan torpaqları olan Şirvanşahların şimal-qərb ərazilərinin gürcülər tərəfindən işğal cəhdinin, həmçinin, III Məniçöhrün həyat yoldaşı gürcü Tamarın Şamaxıda planlaşdırdığı siyasi çevrilişin qarşısı alınmışdır. Sözü gedən siyasi proseslər məhz Şəmsəddin Eldəniz tərəfindən I Axsitanın Şirvan taxtına çıxarılması ilə nəticələnmişdir. Qeyd etdiyimiz kimi Şəmsəddin Eldəniz, Məhəmməd Cahan Pəhləvan və I Axsitanın hakimiyyəti dövrü Azərbaycan tarixində bütün sahələrdə – siyasi-ictimai, sosial-iqtisadi və mədəni sahələrdə intibah – tərəqqi dövrü kimi yadda qalmışdır.

Son illərdə aparılmış arxeoloji tədqiqatlar zamanı Kürdəmir rayonu ərazisində Muradxanlı kəndində Şirvanşah Dərbəndilər sülaləsinin ilk nümayəndələrinin adına zərb edilmiş dəfinənin aşkar olunması XIII əsrin sonu – XIV əsrdə də ərazinin Şirvanşahlar dövlətinin tarixində mühüm yer tutduğunu bir daha təsdiq etmişdir. Buradan cənuba və qərbə gedən mühüm ticarət yolları məhz Zərdab rayonu ərazisindən keçmişdir. Yerağzı yaşayış yerindən keçən ticarət yolu Şirvanı Bərdə – Gəncə – Tiflislə birləşdirir, oradan isə ticarət malları Qara dənizə çıxarılırdı. Gur-gur yaşayış yeri yaxınlığından keçən ticarət yolu isə ərazini Ərdəbil – Təbrizlə birləşdirir, oradan isə ticarət malları Yaxın və Orta Şərqin müxtəlif şəhərlərinə çatdırılırdı.

Əliyev Taleh Vasif oğlu

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçi, dissertant

taleh.ali@mail.ru

Xüsusi olaraq Zerdab.com saytı üçün

Şərh yaz

Please enter your comment!
Please enter your name here

14 − nine =