Keçmiş kəşfiyyatçı – 91 yaşlı zərdablı Abdulmanaf baba…

0
27

91 yaşlı veteran İsayev Abdulmanaf Abdulla oğlu 1921-ci il avqustun 21-də Körpükənddə anadan olub. Böyük Vətən müharibəsinin başlanması gənclik illərinə düşüb. Çəkisi və boyu yaşına uyğun gəlmədiyinə görə yaşıdları ilə deyil, 1943-cü ildə 1926-cı il təvəllüdlü gənclərlə bir yerdə gedib müharibəyə. 108-ci qvardiya diviziyasında Ukraynanın alman faşistlərindən azad olunması uğrunda vuruşub. O cümlədən Makeevka, Donbas, Zaporojye, Kiev, Dnepropetrovskın işğalçılardan təmizlənməsində mühüm xidmətlər göstərib. 1944-cü ildə Dnepropetrovsk uğrunda ağır döyüşlərdə kəşfiyyat zamanı yaralanıb və hospitalda müalicə olunub. Həkim komissiyasının rəyi ilə 1944-cü ildə evə buraxılıb. II qrup əlildir. “Qırmızı ulduz” ordeni, Qvardiyaçı döş nişanı, 1965-66-67 və 1970-ci illərdə səmərəli əmək fəaliyyətinə görə çoxsaylı orden və medallarla təltif olunub.
Müharibədən sonrakı ilk illərdə kolxozda yanğından mühafizə üzrə rəhbər, sonralar rayon təbiəti mühafizə cəmiyyətində inspektor, 25 il veteranlar təşkilatının sədri, kənd ağsaqqallar şurasının sədri olub.
İndiyədək Abdulmanaf babanın itirdiyi də çox olub, qazandığı da: “3 oğlum dünyasını dəyişib. 4 oğlum, 1 qızım, 22 nəvəm, 3 nəticəm var. Arzum budur ki, torpaqlarımızı erməni tapdağından xilas edək”.
“Əkinçi”