Rusiyanın çökməsi Azərbaycana nə vəd edir?

1
26

Rusiya“Mən Rusiyanın çökəcəyini hələ 1995-ci ildə Vaşinqtonda Yaxın Şərq İnstitutunda çıxış edərkən demişdim. O zaman mən dövlət müşaviri kimi bu çıxışı eləmişdim və Rusiyada geniş rezonans doğurmuşdu. Sonradan ”Pravda”, “Komsomolskaya pravda” qəzetləri həmin çıxışdan bəhs edib haqqımda yazılar yazdılar”.

Sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə bu fikirləri Rusiyada yaşanan böhranlı vəziyyəti və bu böhranın Azərbaycana mənfi-müsbət təsirlərinin olub-olmayacağını musavat.com-a şərh edərkən bildirdi. Tanınmış analitik hesab edir ki, Putin rejimi bu vəziyyətdən çıxmayacaq: “Avropa artıq hakimiyyətə gələndə Hitler kimi bir diktatora güzəşt etməyin nəticəsinin nə olduğunu bilir. O səbəbə görə sözsüz ki, Putin Rusiyasına güzəşt olmayacaq. Bir çox ruspərəstlər düşünür ki, bəlkə Putin nüvə müharibəsi edəcək. Çünki Rusiya prezidenti çox əzələ oynadır, gah rus təyyarələri NATO sərhədlərində, Baltik dənizinin üzərində uçuşlar keçirir, gah Kalininqrada qoşun yığır. Müharibəni o vaxt edərlər ki, heç olmasa qələbəyə bir faiz ümid olar.
Ancaq bu gün Rusiyanın qələbəyə ümidi sıfıra bərabərdir. İkincisi də Putin tək deyil, ətrafındakılar onun vəziyyətində deyillər. Ona görə ki, Ukraynada baş verənlərə və bir çox başqa məsələlərə cavabdeh Putindir. Bu mənada Putinin heç bir çıxış yolu yoxdur, amma onun ətrafındakıların çıxış yolu var. Onlar çıxış yolu üzərində işləyə bilərlər. Amma bu böhranda artıq yenə də sübut olunub ki, imperiya vəziyyətində Rusiya inkişaf edə bilməz. Çünki inkişaf üçün azadlıq, qanunun aliliyi lazımdır. Bütün bunlar isə imperiya ilə bir araya sığmır. Ona görə də elə bil ki, Rusiya sehrli bir həlqədədir. Azadlığa doğru gedəndə imperiya uçur, imperiyanı möhkəmləndirəndə azadlıq olmur, inkişaf uçuruma gedir”.
V.Quluzadə deyir ki, dünya nəhənglərindən olan Rusiyanın çökməsinə yalnız Azərbaycanla əlaqəli məsələ kimi baxmaq olmaz: “Rusiyanın çökməsi rus imperiyasının bütün bizim regiondakı siyasətinin çökməsi kimi baxmaq lazımdır. Rusiya çökəndə MDB çökəcək, Putinin can atdığı Gömrük İttifaqı, Avrasiya Birliyi çökəcək. Bunların heç biri ittifaq deyil. Heç Rusiyanın özü də federativ dövlət deyil. Federasiya könüllü birləşmədir, amma Rusiyanın tərkibindəki xalqlar ilhaqa məruz qalıb, dünya da buna göz yumur. Putin Rusiyanın ərazi bütövlüyü haqqında danışıb. İmperiyanın ərazi bütövlüyü ola bilməz, Rusiya unitar dövlət deyil”.
Bəs Rusiyanın çökməsi Azərbaycanı şimaldan daim təhdid edən təhlükədən xilas edə bilərmi, yoxsa qonşuluğumuzda baş verənlər ölkəmiz üçün daha ciddi kataklizmlər vəd edir? V.Quluzadə heç də narahat deyil. Hesab edir ki, Rusiyanın çökməsindən ətraf ölkələrin zərər görəcəyi barədə danışmaq yersizdir: “Zülmkarın çökməsinin Azərbaycana heç bir mənfi təsiri ola bilməz. Rusiyanın çökməsi Qarabağ məsələsinin həlli və Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə nəticələnəcək. İkincisi, Rusiya müharibə nəticəsində çökdürülmür, yaxud nüvə silahı ilə vurub Rusiyanı yandırmayacaqlar ki. Rusiyadakı mütərəqqi qüvvələr görəndə ki, artıq bu rejim rus xalqına bədbəxtçilikdən başqa heç nə vermir, o halda rejim dəyişə bilər. Əgər liberal rejim dəyişsə, onda sözsüz ki, həm rus xalqına, həm də region xalqlarına böyük xeyri dəyə bilər. Gəlin etiraf edək ki, bu dəqiqə hamımız Rusiyadan qorxuruq. Gürcüstan qorxur, Rusiya onun içərisində baza yaradıb. Azərbaycan da əsir, 20 faiz torpağımız işğal altındadır, hər gün də müharibə təhlükəsi və bu müharibədə Rusiyanın iştirakı məsələsi var. Qazaxıstan əsir, çünki Gömrük İttifaqının üzvüdür. Putinin doktrinası budur ki, harada rus var, gərək Rusiya onu müdafiə etsin. Deməli, Putin Qazaxıstanı da işğal edə bilər”.
Bəs Qərb Yeltsinin zamanında olduğu kimi, son anda Rusiyanı çökməkdən xilas edə bilərmi? V.Quluzadə: “Yox, bu, mümkün deyil. O ölkə ki, daim Qərbi nüvə müharibəsi ilə hədələyir, Qərb niyə ona güzəşt etsin? Əgər Putin siyasətini dəyişmək istəsə, Krımla birgə Ukraynadan çıxmaq istəsə, onda gərək Putin Qərbin bütün istəklərini yerinə yetirsin. Ancaq o zaman Putin rejimi olmayacaq, gərək buna başqaları imza atsın”.
Qeyd edək ki, ötən gün rus rublunun ucuzlaşmasında rekord hədd müşahidə olunub. Rusiya fond birjalarında 1 avro 101 rubla, dollar isə 80 rubla çatıb.

“Qərbin sanksiyalarının Rusiyanı zəiflətməsi nəticəsində ölkədəki bazarların boşalması azərbaycanlılara mövcud vəziyyətdən çıxmaq üçün müstəsna fürsət verir”.

Bu sözləri axar.az-a açıqlamasında Milli Məclisin İqtisadiyyat komissiyasının üzvü, millət vəkili Əli Məsimli deyib. O bildirib ki, rublun məzənnəsi sürətlə aşağı düşdüyündən Rusiyada yaşayan həmyerlilərimiz bu dönəmdə olduqca ehtiyatlı davranmalı və yaranmış fürsəti əldən verməməlidir:

“Azərbaycandan və postsovet ölkələrindən Rusiyaya işləməyə gedənlərin əlində rubl varsa, bu, onların biznes fəaliyyətinə mənfi mənada təsirsiz ötüşməyəcək. Ancaq bu, birinci mərhələdədir. Çünki azərbaycanlılar kifayət qədər işgüzardılar və Rusiyanın Qərbdən aldığı məhsullara embarqo tətbiq etməsi ona gətirib çıxarır ki, Rusiya bazarı xeyli dərəcədə boşalır. Bu, mövcud durumda Rusiyadakı həmyerlilərimiz üçün çox yaxşı bir fürsətdir. Bu boşalmadan kim səmərəli istifadə edəcəksə, o, əvvəlkindən daha çox qazanacaq və 1-ci mərhələdə itirdiklərini 2-ci mərhələdə bərpa edə biləcək. Təbii ki, əgər təşəbbüskarlıq göstərilərsə…”

1 comment

Comments are closed.