Zərdabın Əlibəyli kəndindən Prezidentə təşəkkür – MƏKTUB

0
25

Prezident-ZərdabdaZərdab rayonunun Əlibəyli kəndinin sakinləri Prezident İlham Əliyevə məktub yazıblar. Zerdab.com saytı həmin məktubun mətnini oxuculara təqdim edir:

“Möhtərəm Prezident!

Son illər respublikamızda gedən nəhəng tikinti-abadlıq, quruculuq işləri, əhalinin rifah halının yaxşılaşdırılmasına yönəlmiş tədbirlər ölkə zəhmətkeşlərinin ürəyindən xəbər verir, onları xalqla, dövlətlə daha da həmrəy olmağa, böyük məqsədlər uğrunda mübarizə aparmağa ruhlandırır. Bu gün bölgələrimizin hədsiz dərəcədə gözəlləşməsi, abadlaşması sözün həqiqi mənasında müstəqil dövlətimizin iqtisadi qüdrətindən xəbər verir. Sevinirik, dərindən iftixar hissi keçiririk ki, ölkə vətəndaşlarının taleyi etibarlı əllərdədir, xalqımızın ulu öndəri Heydər Əliyevin ölməz ideyaları Sizin tərəfinizdən uğurla, müvəffəqiyyətlə həyata keçirilir.

Möhtərəm Prezident, Sizin respublikamızın bölgələrinə göstərdiyiniz sonsuz qayğı və diqqət Zərdab rayonunda daha çox hiss edilməkdədir. Sizin diqqət və qayğınız sayəsində Zərdab rayonu son illər daha da gözəlləşmiş, abadlaşmış, öz simasını dəyişmiş, respublikamızın ən abad, inkişaf etmiş bölgələrindən birinə çevrilmişdir. Rayonda aparılan nəhəng tikinti-abadlıq, quruculuq işləri bu gün də səngimək bilmir, əhalinin daha yaxşı işləməsi, fəaliyyət göstərməsi üçün yeni obyektlər tikilib istifadəyə verilir, onlar üçün normal, rahat həyat şəraitinin yaradılmasına xüsusi diqqət yetirilir. Rayonumuzda gedən tikinti-abadlıq, quruculuq işləri bizim yaşadığımız Əlibəyli kəndindən də yan keçməmiş, sakinlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Bu günlər kəndimizin sakinləri sonsuz sevinc içərisindədirlər. Azərbaycan Kənd İnvestisiya Layihəsinə əsasən kəndimizin yolları əsaslı surətdə təmir edilərək bu günlərdə istifadəyə verilmişdir. Beş kilometrlik yolun əsaslı surətdə yenidən qurulması ilə kəndimizin yol problemi demək olar ki, tamamilə həll edilmişdir. Buna görə də Əlibəyli kəndinin sakinləri adından rayonumuzun inkişafına göstərdiyiniz sonsuz diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımızı bildirir və əminliklə vurğulayırıq ki, biz daha parlaq sabaha, işıqlı gələcəyə məhz Sizinlə birlikdə addımlayacağıq. Çünki bizim yolumuz Heydər Əliyev yoludur, İlham Əliyev yoludur. Bizi bu yoldan heç bir qara qüvvə geri döndərə bilməz.

Dərin minnətdarlıq hissi ilə,

Xəlilov İlham

Ömərov Mübariz

Xəlilov Elçin

Umarov Nizam

Sadıqov Aydın və başqaları (cəmi: 20 imza).

Azərbaycan Respublikası, Zərdab rayonu, Əlibəyli kəndi”.

Zerdab.com