İnsan dediyin ya elədir, ya belə

0
33

kainatHər insan özlüyündə ən gözəl təbiət mənzərəsindən daha gözəldir, daha maraqlıdır. Ona görə də təsəvvüf adamları dağa, meşəyə, buluda, axan suya baxmaqdansa, insana, onun həyatına baxmağı üstün tutublar. Əslində hamısı Allah-Təalanın (c.c.) əsəridir, insan da, təbiət də. Amma insanın yeri bir başqadır. İnsana baxanda da qüsur axtarmaq, eyb görmək niyyəti ilə baxmaq doğru hesab olunmur. Çünki birisi eyb axtarır, qüsur görmək istəyirsə, gərək ilk növbədə özünə baxsın, öz nəfsinə nəzər salsın, sonra başqalarını gözdən keçirsin.

Bəzən dəyərsizlik, alçalmışlıq o qədər aydın, o qədər açıq boyalarla adamın gözünə girir ki, gözünü yumsan da onu görürsən, açsan da.

İnsanları müxtəlif prizmalardan baxıb, müxtəlif kateqoriyalara ayırırlar. Kim nə deyir-desin, kim necə düşünür-düşünsün, kim hansı bucaqdan baxır-baxsın, insan oğlunu cəmi iki kateqoriyaya siğdırmaq mümkündür: İnanmışlar və inanmamışlar. Başqa deyimlə ifadə eləsək, hər işi axirət hesabını düşünərək görənlər və hər işini ölümə qədər bilənlər. Dediyimiz kimi, bu bölgünü başqa adlarla da ifadə edə bilərsiniz, amma necə adlandırırsınız-adlandırın, hamısnın mahiyyəti eyni olacaq.

***

Dünənə qədər meydanlara sığmırdı, “haqq”, “ədalət” kəlmələri dilindən düşmürdü. “Dünya yıxılsa da mən əyilmərəm” deyirdi, indi isə “mən almasam, bir başqası alacaq, mən götürməsəm, bir başqası götürəcək” məntiqinin altına daldalanır. Günün sonunda bazara getmisinizmi? Səhər bir manata satmadığını axşam dəyər-dəyməzinə verən satıcıları görmüsünüzmü?

Bu dünyada hər kəs nəsə satır. Kimi soğan satır; kimi torpaq satır; kimi də öz keçmişini, gördüyü işləri, qəhrəmanlığını satır. Koroğlu kimi meydana girib, keçəl Həmzə kimi aradan çıxan o qədərini gördük ki…

Bir vaxtlar zəncir qıran ərənlər indi könüllü olaraq cilovlanmağa kəndir axtarırlar.

***

İnsanın niyyəti əməlindən üstündür. Əslində hər kəs əməlinə görə deyil, niyyətinə görə cəza, ya mükafat alacaq. Sevimli Peyğəmbərimiz (s.ə.s.) bir çox hədislərində israrla vurğulamışdır ki, insan axirətdə niyyətinə görə qarşılıq görəcək. İnsan olub ki, müsəlmanlarla bir cərgədə vuruşub, neçə kafir öldürüb, amma özü də dünyadan şəhid kimi deyil, kafir kimi köçüb. Çünki niyyəti xalis olmayıb, daha çox mal qazanmaq, şöhrət sahibi olmaq üçün vuruşub. İnsan da olub ki, meydana girib, bir kafirin belə burnunu qanada bilmədən öldürülüb, amma şəhid kimi gedib. Çünki niyyəti doğru olub, şöhrət üçün, sərvət üçün deyil, Allah əmrini yetirmək üçün savaşa girib, başqa bir niyyəti olmayıb.

***

Bir tanışım var, deyir ki, bəzi adamlara baxanda onları bublik kimi görürəm. Yəni özü böyüdükcə içindəki deşiyi də, boşluğu da böyüyür. Maraqlı tapıntıdır: Bublik adam. Həmin tanışım bəzi adamlara da dağdağan çiyidi deyir. Bapbalaca, amma deşiyi yox. Deşiyi yoxdursa, demək bütövdir, nə boyda olur-olsun. Məsələ də elə bu bütövlükdədir də. İstəsən də deşik aça bilmirsən, uzaqbaşı bərk zərbə ilə əzə bilərsən.

Yelqovan təzə bitəndə yamyaşıl, yumşaq bir bitkidir. Hələ tikanları ələ batmır, məsumdur, sucuqdur, balaca-balaca çiçəklər də açır. Böyüdükcə dairəvi şəkil alır, payıza doğru saralır, kökü quruyur, torpaqla bağlılığı zəifləyir və nə zamansa onu yerindən qoparıb dağlardan, dərələrdən uçuran küləyi gözləyir. Bu yelqovan başqa bir işə də yarayır. Çobanlar onu toplayıb qoyunun, quzunun altına döşəyirlər. Yelqovan da qoyunların altında islandıqca quruyub sərtləşmiş tikanları yupyumşaq olur. Sonra da kərmənin içində qalır.

***

Bir İslam alimi gəmi ilə səfərə çıxmışdı. Sən demə, gəmidə bir dəstə quldur da varmış. Dəryanın ortasında quldurlar başlayırlar digər sərnişinlərlə məzələnməyə. Quldurbaşı bu alimi göstərib deyir ki, onu tutub dənizə atsınlar. Quldurlar da bir göz qırpımında alimi dənizə fırladırlar. Alim boğulanda tor atıb çıxarırlar, bir belə, iki belə, axır ki alimdən əl çəkirlər. İndi də alim quldurbaşının yanına gəlib deyir: Siz məni nə qədər incitsəniz də mən sizi bağışladım, haqqımı halal elədim, amma bircə sualıma cavab verin:

-Nəyə görə məhz məni seçdiniz?

Quldurbaşı da cavabında deyir:

-Baxdım, adamlar arasında gözümə ən çirkin, ən axmaq adam kimi sən göründün.

Quldurbaşının bu cavabından alim çox məmnun olur və o gözəl ruhu bu cür çirkin bədən adlı libasa yerləşdirdiyi üçün Uca Allaha şükürlər edir.

***

Günah anlayışı ilə cinayət anlayışı hər zaman üst-üstə düşməyə bilər. Cinayət var ki, günahdır; cinayət var ki, günah deyil. Cinayətin günah olub-olmaması o əməlin altındakı niyyətdən asılıdır. Çox olub ki, birinə yaxşılıq eləmək istəyirsən, amma səndən asılı olmayan səbəblər üzündən o yaxşılıq qarşı tərəfə pislik kimi çatıb. Bəlkə də nəticə çox ağır, məsələn lap ölüm olub, amma sən zahirən, yəni dünya qanunları baxımından cinayətkar, qatil kimi görünə bilərsən, amma vicdanın rahatdır. Özündən əminsən ki, sən doğru niyyətlə o işi yerinə yetirmisən, özü də ağlına gələn bütün tədbirləri almısan, amma nəticə tam tərsi olub.

Bir də bunun tam əksi var. Yəni zahirən çox gözəl, xeyirli işlərlə məşğulsan, amma niyyətin gözəl deyil.

Xülasə, bunlar hamısı zamanı gələndə açılıb töküləcək. Kimin nə elədiyi və niyə elədiyi bircə-bircə sayılacaq. Allah-Təala bizləri o gün zərərə uğrayanlardan eləməsin! Amin!