Zərdabın yetirməsi muğam müsabiqəsinin II turuna vəsiqə qazandı

0
25

muğam müsabiqəsiŞamaxı Şəhər İncəsənət Təhsili Mərkəzində V televiziya muğam müsabiqəsinin Şirvan bölgəsi üzrə seçim turu keçirilib. Zerdab.com saytına verilən məlumata görə, Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Mədəniyyət Fondunun layihəsi əsasında Azərbaycan Televiziyasının təşkilatçılığı ilə keçirilən müsabiqədə Şamaxı, Qobustan, İsmayıllı, Göyçay, Zərdab rayonlarından, eləcə də Laçından olan məcburi köçkünlərdən 25 nəfər istedadlı gənc iştirak edib. Muğam aləmini dərindən duyub bilən sənət adamlarının–xalq artistləri Arif Babayevin, Ramiz Quliyevin, Səkinə İsmayılovanın, Mənsum İbrahimovun, Azərbaycan Bəstəkarlar İttifaqının katibi Sərdar Fərəcovun, əməkdar incəsənət xadimi Nadir Axundovun daxil olduqları münsiflər heyəti gənc istedadlar arasında 4 nəfəri seçim turunun qalibi elan edib. Şamaxıdan Elim Ömərov, Şahmar Hacıyev, Qobustandan Nicat Cəbrayılov və Zərdabdan Səbuhi Məmmədov Bakı şəhərində keçiriləcək ikinci tura vəsiqə qazanıblar.

Şamaxılılar xalqımızın milli mənəvi dəyəri olaraq minilliklərin yadigarı kimi günümüzədək gəlib çatan muğam sənətinə, onun bir ərməğan kimi gələcək nəsillərə ötürülməsində misilsiz xidmətlərinə, bu sənətin inkişafına göstərdiyi diqqət və qayğıya görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Zerdab.com