Təhsil Nazirliyi: “Bölgələrdə çalışan müəllimlərin də maaşları artırılacaq”

1
müəllim“Sınaq qiymətləndirilməsində iştirak etmiş müəllimlərin orta dərs yükünün 18 saata qaldırmağa nail olmuşuq”.

APA-nın xəbərinə görə, bunu təhsil naziri Mikayıl Cabbarov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Nazir deyib ki, sınaq qiymətləndirilməsinin keçirilməsi müəllimlər tərəfindən təəccüblə qarşılanmışdı: “Bu proses müəllimlərə öz zəif və güclü tərəflərini üzə çıxarmağa kömək edir. Bu sistem təhsil keyfiyyətinin təmin olunması üçün əvəzolunmaz alətdir. Biz yüksək uğur göstərmiş müəllimlərə daha çox dərs yükünün verilməsi siyasətinə başladıq. Yüksək nəticə göstərən müəllimlə zəif nəticə göstərmiş müəllimin əmək haqlarında fərq olmalıdır. Yüksək və  zəif nəticə göstərən müəllimlər arasında dərs yükünün bölüşdürülməsi işi məktəb direktorları tərəfindən həyata keçiriləcək”.

M.Cabbarov təhsil naziri dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında prezident sərəncamının icrası barədə mexanizmin Nazirlər Kabineti tərəfindən müəyyən olunacağını əlavə edib: “Bu məsələ ilə bağlı Nazirlər Kabinetinə müvafiq tapşırıqlar verilib”.

Bölgələrdə çalışan müəllimlərin əməkhaqlarının artırılmasına gəlincə, nazir qeyd edib ki, bu iş sistemli şəkildə həyata keçiriləcək: “Bölgələrdə çalışan müəllimlərin də əməkhaqları artırılacaq. İşlər planlaşdırılır. Regionlarda da sınaq qiymətləndirmə imtahanları keçiriləcək. Sınaq qiymətləndirilməsinin keçirilməsinin bir gündə keçirilməsi təbii ki, qeyri-mümkündür”.

“Azərbaycanda müəllimlərin gəlirlərinin aşağı olmasının səbəbi yalnız 1 saat əməyə görə ödənilən məbləğin aşağı olması deyil, həm də iş saatının az olmasıdır”.

M.Cabbarov bildirib ki, dərs həftələrinin sayını və müəllimlərin dərs yükünü artırmaqla müəllimin əməkhaqqında artıma nail olmaq olar: “Azərbaycanda müəllimlərin 64 faizi il ərzində 408 saatdan az dərs deyir. Bu isə o deməkdir ki, onların həftəlik dərs yükü 17 akademik saatdan azdır”.

1 comment

  1. Bu Mikayıl müəllim yəni döğrulfnlf bilmir ki,həftəlik dərs yükünün 12 saatdan 18 saata qaldırmaq Bir həftəlik dərs saatının 15,92 manatdan 10,6 manata endirməkdir.Deyir ki,müəllimlərin dərs yükünü 18 saata qaldırmışıq.Haradan çıxdı o dərslər?!Dərs həftələrinin sayını necə artıracaq?!Bu qədər təhsildən bixəbər adamın Təhsil Naziri olması Azərbaycan müəllimi və təhsilinə təhqirdir.

Comments are closed.