Ailə insan həyatının tənzimləyicisidir

0
38
Ailə Sədi Şirazinin “Gülüstan” kitabında çox ibrətli bir hekayə var. Həmin hekayənin qısa məzmununu sizlərlə paylaşırıq:
Bir gün yolum bazara düşmüşdü. Bir usta diqqətimi cəlb elədi, üzündən, gözündən fərəh hissi yayılırdı, o qədər ürəklə işləyirdi ki, deyirdin, bəs dünyanın ən gözəl işi onun işidir. Çəkiclə işləyirdi, hər mıxa bircə dəfə endirirdi çəkici. Çəkic də, mıx da onun sözünə “baxırdı”.

Aradan bir neçə ay keçəndən sonra yenə həmin bazara getmişdim və gözüm istər-istəməz o ustanı axtardı. Bu dəfə nə görsəm yaxşıdır? – Həmin usta oturub, üz-gözündən də zəhər-zəhrimar yağır, çəkici bir əlindəki ayaqqabıya, bir də barmağına vurur. Barmağının qanı ayaqqabıya bulaşmışdı. Yaxınlaşıb soruşdum:

– Qardaş, bir neçə ay əvvəl bu bazarda mən sənin necə işlədiyini görüb, ürəyimdə sənə qibtə eləmişdim, demişdim ki, bu insanın yəqin heç bir dərdi, ağrısı yoxdur. Amma bugünkü halını görəndə məəttəl qaldım. Bu dəyişikliyin səbəbini söyləyə bilərsənmi?

Pinəçi mənim bu sualıma bəndmiş kimi gözlərindən yaş axmağa başladı, əlindəki çəkici bir tərəfə qoyub, dərindən köks ötürdü və dedi:

– Doğru deyirsən, 7 il idi ki, mən hər gün işimi qurtaranda evimə getmirdim, bir quş kimi uçurdum, çünki bilirdim ki, xanımım qapıda dayanıb, gözünü mənim yoluma dikib. İşləyəndə də ürəklə işləyirdim, bilirdim ki, vurduğum hər çəkiclə ailəmizin bir qayğısı, bir problemi həll olunur. Çox xoşbəxt idim, evdə qayğı ilə, nəvazişlə əhatə olunmuşdum.

Biz bir-birimizi çox sevirdik, amma son aylarda nə oldusa, aramıza söz-söhbət girdi, ən kiçik şey üstündə bir-birimizdən inciməyə, küsməyə başladıq. Bir gün də həyat yoldaşım qalxıb boğçasını yığdı və atası evinə getdi. Mən də o gündən bəri bu hala düşmüşəm.

Barmağımı dişlədim və ailənin insan üçün nə qədər mühüm nemət olduğunu bir daha anladım.

***

Yəqin ki, oxucularımız söhbətin ailə həyatından getdiyini anladılar. Elədir ki, var.

“Söz-söhbətsiz ailə olmur” deyirlər. Bəlkə də doğrudur, bəlkə də doğru deyil. Məsələ söz-söhbətin olub-olmamasında deyil, söz-söhbətin hansı dərəcədə, hansı səviyyədə olmasındadır.

Bəzən ən səmimi ailələrdə belə fikir ayrılığı olur. Biri bir söz deyir, o birisi qarşı çıxır. Əvvəlcə, müzakirə gedir, sonra böyüyüb mübahisəyə çevrilir, daha sonra inciklik həddinə çatır.

Ailədir də, bunlar olmasa olmaz ki. Məsələ müzakirədə, mübahisədə və ya inciklikdə deyil, barışıqdadır.

***

Lap tutaq ki, sən haqlısan, qarşı tərəf öz israrında doğru deyil. Amma neyləyəsən, o da elə düşünür, söylədiyində səmimidir, xeyirli bildiyinin üstündə durub güzəştə getmək istəmir. Belə düşünür, sən də əminsən ki, yanılır.

Dartışdığınız məsələ o qədər önəmli deyilsə, niyə güzəşt eləmirsən ki? Qoy onun dediyi olsun, lap bir az da zərəriniz çıxsın, qoy o dediyini yeritsin və yanıldığını anlayıb, üzr istəsin.

Dartışdığınız mövzu nə olur-olsun, sizin bircə gün küskün qalmağınıza dəyməz. Ona görə də gərək kiçik məsələlərdə israr edib, böyük nemətləri uduzmayasan. Ailədə ən böyük nemət nədir ki… səmimiyyət, xoş sifət, qarşılıqlı ehtiram. Bunlar aradan qalxandan sonra sənin dediyin olsa, nə fərqi var, onun dediyi olsa, nə faydası?

Ona görə də görün niyə dartışırsınız, dartışdığınız mövzu sizin dartışmağınıza dəyərmi?

***

Səhər qapını çırpıb evdən çıxmışdın. İndi yorğun-arğın o qapıdan içəri keçirsən. O qədər yorğunsan ki, əyilib ayaqqabının bağını açmağa da ərinirsən. Əvvəlcə, sol ayağının burnu ilə sağ ayaqqabını, sonra da sağ ayağınla sol ayaqqabını dartıb çıxarırsan. Keçib kresloda öz yerinə yayxanır, pultu götürüb kanallar arasında gəzişirsən. İstəyirsən çağırıb çay istəyəsən, amma susursan. Nə vaxta qədər?

***

Atanın öz övladından üzr istəməsini görmüsünüzmü? Ümumiyyətlə, bu məsələyə necə baxırsınız? Sizi bilmirəm, mənə görə, kimə qarşı haqsızlıq etmisənsə, ondan üzr istəmək böyüklükdür, ərdəmdir. Lap övladın olsun, doğmaca nəvən olsun, əgər söz verib yerinə yetirə bilməmisənsə, üzr istəmək ən doğru tərbiyə yoludur. İnsanın böyüklüyü özünü çəkməklə, qürurla deyil, lazım gələndə üzr istəməyi bacarmaq lazımdır.

***

Sən haqlısan, sən doğrusan, haqlı olduğunu bilə-bilə də qarşı tərəfə söz keçirə bilmirsən. Noolar, sən güzəşt elə, onun yalanını təsdiqləmə, hər kəs öz bildiyində qalsın. Amma nə olur olsun, münasibətlər korlanmasın. Bu gün olmasa da, sabah hər şey ortaya çıxacaq. Qarşı tərəf nöqtə-vergülə qədər sənin haqlı olduğunu öyrənəcək və haqlı ola-ola, bu cür fədakar addım atdığına görə açıq söyləməsə belə ürəyində minnətdar olacaq.

***

Təmənnalı olmaq fəlakətdir. Haqlı olmaq mühüm məsələdir, amma haqlı olduğun halda belə öz haqqını başqalarının gözünə soxmaq da doğru deyil. Allah-Təala hər birimizə iradə verib, hər kəs bu dünyanı öz ağlının işığında görüb anlayır. Demək, hər kəsdən eyni şeyi gözləyə bilməzsən. Doğrudur, sən ömür-gün yoldaşı deyib seçdiyin bu insandan çox şey umursan, amma neyləyəsən, bəzən umduğun, istədiyin olmur.

***

Ailə insan həyatının tənzimləyicisidir. Adam var, hava qaralanda pəncərədən bayıra baxıb ürəyində “yenə o xarabaya gedəcəm” deyir, adam da var, işini qurtarar-qurtarmaz evindən başqa heç nəyi düşünmür, bir an öncə özünü evə yetirmək istəyir. Balaca, dar mənzillər var ki, orda könül rahatlığı, xoşbəxtlik var, bu başından baxanda o başı görünməyən saraylar var ki, qəbir kimi dardır, içinə girdiyin andan ürəyin sıxılmağa başlayır.

***

Dinimiz bizə xeyir işlərdə yarışmağı tövsiyə edir. Küsülü ikən barışmağa cəhd göstərmək, əlbəttə, xeyir işdir. Ona görə də bu məsələdə təvazökar davranmaq daha xeyirlidir. Peyğəmbərimiz buyurur ki, rast gələn iki adamdan kiçiyin birinci salam verməsi ədəbdir, böyüyün salam verməsi isə ərdəmdir, yəni böyüklükdür. Elə düşünürük ki, incikliyin aradan qaldırılması mövzusunda bu misal çox gözəl ölçü, örnək sayıla bilər.

***

Ər-arvad incikliyi bütün dövrlərin ən aktual problemlərindən olmuşdur. Amma bu məsələnin ən gözəl həllini Allah-Təala Qurani-Kərimdə göstərmişdir. Quran məntiqinə görə qadın öz ərinə Allahın əmanətidir. Elə ər də öz həyat yoldaşına əmanətdir. Məsələyə bu nöqtədən yaxınlaşanda işin həllinin nə qədər asan olduğunu görürsən. Demək, ailə müəssisəsi Allah-Təalanın istədiyi bir müəssisədir və bu müəssisənin sağlamlığına, rifahına xidmət etmək Allah-Təalanı məmnun edər. İnanın ki, əsrlər boyunca İslam aləmində ailə müəssisəsinin möhkəm təməllər üzərində dayanmasını təmin edən əsas amil də elə bu həqiqətdir.

***

Əgər sən düşünsən ki, Allahın sənə əmanət kimi verdiyi bu qadına görə Allah qarşısında hesab verəcəksən, heç vaxt ona kəm gözlə baxmazsan, niyə? – Çünki əmanətə kəm baxmaq elə əmanət Sahibinə kəm baxmaqdır. Peyğəmbərimiz bir hədisi-şəriflərində buyurur ki, sizin ən xeyirliniz öz ailəsi üçün xeyirli olanınızdır. Yəni xoşbəxt bir müsəlman ailəsi xeyir, bərəkət yuvası kimi dəyərləndirilir dinimizdə. Təbii ki, bu cür sağlam təməllər üzərində qurulmuş bir ailə yuvasını hər kiçik inciklik, narazılıq silkələyə, laxlada bilməz.

***

Araşdırmalar göstərir ki, ailə münaqişəsinin təməlində əsasən tərəflərin öz hüququnu bilməməsi gerçəyi dayanır. Doğrudur, ailədə konkret vəzifə bölgüsü yoxdur, kimin hansı işləri yerinə yetirməsi haqqında rəsmi sənəd imzalanmır, amma minillik ailə həyatından gələn çox gözəl normalarımız var. Ailənin ehtiyaclarını qarşılamaq, yəni çöldən içəri gətirmək kişinin borcudur. Ailə daxilində hər şeyi yerbəyer eləmək isə qadının vəzifəsidir.

Siz işdən yorğun gəlmisiniz, əlbəttə, könlünüzdən keçər ki, xoş üzlə qarşılanıb, hər cür qayğı görəsiniz. Məsələn, divana əyləşən kimi, əvvəlcə, çay, ardınca da yeməyiniz gələ. Bu, səmimi ailələrdə görünən adi mənzərələrdəndir. Amma bunlar olmasa belə, gərək inciklik, narazılıq çıxarmayasınız.

***

Bəsit bir məsələ üçün bu qədər incikliyə dəyərmi? Əmin ol ki, açıb deməsə də o səndən də pərişandır. Böyüklük bağışlamağı bacarmaqdır. Bir də ki ortada bağışlanmayacaq nə var ki? Sən ona bağlısan, o sənə bağlıdır. Ağzınızın dadını qaçırmayın. Haydı, ürəkli ol, barışmaq üçün ilk addımı sən at, görəcəksən ki, o andaca hər şey qaydasına düşdü.

Əli Çərkəzoğlu