Həmyerlimiz Bahar Rüstəmli yazır: “Yaxşılaşmaq olmur”

0
37
Bahar Rüstəmli
Bahar Rüstəmli

Hələ sağ idi. Onunla elə bir gün olmazdı ki, salamlaşıb, xəbər-ətər tutmayım. Hərdən telefonla, hərdən də Facebookda.
Hər sualın cavabında “üzü ölümə doğru gedir, Bahar can” deyən xalq şairi Vaqif Səmədoğlu deyəsən, ölümdən heç qorxmurdu. Hətta bəzən ölümə doğru can atırdı. Bunun da səbəbi vardı: ağrılardan qovrulurdu, çox əziyyət çəkirdi…

Ona xəstəliyi ilə əlaqədar çox suallar verirdim. Belə söhbətlərin birində sözümü kəsdi. Dedi ki, “Sənə bir sual verəcəm. De görüm, pəncərəyə “reşotka”nı niyə vururlar?” Dedim, oğru girməsin deyə vururlar. Möhkəm güldü, dedi ki, “reşotka”nı pencərəyə ona görə vururlar ki, mənim kimi ağrıdan qovrulan biri gecə saatlarında özünü ata bilməsin. Əgər xəstə bu fikrə düşsə də “reşotka” ona imkan verməyəcək”.

Vaqif müəllim xəstə olduğu müddətdə ağrılardan bezdiyi, xəstəlikdən yorulduğu, yaşamaq istəmədiyini də qələmə aldı.
“Allah, özüm gəlim, ya kimisə göndərəcəksən?”, – deyə. Onu duyan hər kəsin qəlbi titrədi…
”Yazıq, gör necə ağrılardan bezibsə, axırda qələmi ilə Allaha yalvarıb ölümünün tezləşdirilməsini istədi. Tanrı isə ona bu misralardan sonra düz bir il yaşamaq haqqı verdi.

Və bu gün… Səhər yuxudan ayılanda bilmədi ki, gözlərini son dəfə açaraq, bir azdan bu işıqlı dünyanın qaranlığına doğru gedəcək. Vaqif Səmədoğlu son dəfə dünyanın işığına baxıb, getdi…

Mərhum şairimizlə Facebook-da olan son söhbətimi oxuculara təqdim edirəm:

-Salam Vaqif müəllim, necəsiniz?
– Orta… Orta segahın maye şöbəsi kimi. Hələ zilə qalxmamışam…

– Səhhətinizlə bağlı məlumatsızam. Sağlıq durumunuz necədir?
– Orta.

– Həkimlər nə deyir? Vətənə nə vaxt dönürsünüz?
– Vətəndəyəm, bazar günü gedirəm. Həkimlər nə deyəcəklər? Deyirlər yaşa helə… Səhhətim babatdır.

– Allah, nə var, nə yox?
Məndən nə xəbər var?
Gecələri özüm sayaram,
Üzümə açılacaq neçə səhər var?
Bəyənəcəksənmi məni,
Bəndəni hansı gözlə görəcəksən?
Allah,
Özüm gəlim,
Ya kimisə göndərəcəksən?
Bu şeri oxudum, çox pis oldum.

-Gəldi, yazdım.

-Qələminiz var olsun. Harada yazılıb? Evdə, ya xəstəxanada…?
-Asuta klinikasının xərçəng şöbəsində yazdım.

– Bunu yazanda səhərə yaxın idi, yoxsa gecə…?
– Gecə yazmışam…

-Bəy, gününüzü necə keçirirsiniz? Kitab oxuyursunuz?
-Oxuyuram, özüm də yazıram hərdən.Yaman ağrılarım var, Bahar. Yalnız oxuyuram.

– Sizə bir sual. 8 martda qadınlara nə hədiyyə etməli?
-Çalışacağam o günə qədər ölməyim… Güllər-çiçəklər mənim özümə gəlməsin.

-Səhhətinizlə bağlı sizə çoxmu suallar verilir?
-Mən daha səhhətimlə bağlı suallara cavab vermirəm! Bezdim. Gündə 100-lərlə adam soruşur. Zəhləmi aparıb. Yaxşılığa doğru hərəkət yoxdur. Yaxşılaşmaq olmur ki olmur, ay Bahar can…