Bəlkə Zərdabda da komanda yaradaq? – FOTOLAR

0
33
Zərdab Rayon Mərkəzi Stadionu
Zərdab Rayon Mərkəzi Stadionu

Zərdabda nə vaxtsa futbol olduğunu yəqin ki, kimsə xatırlamaz. Bir sözlə, bu rayon futbol rayonu sayılmır. Zərdabı hər kəs “Əkinçi” qəzetinin yaradıcısı Həsən Bəy Zərdabinin doğulduğu bölgə kimi tanıyır.

Daim bölgə futboluna xüsusi diqqət ayıran Rekord.az Zərdabda futbolun perspektivini araşdırıb.

Araşdırdıq görək, burda, ümumiyyətlə, futbolu sevirlərmi, futbolla maraqlanırlar. Açığı əldə etdiyimiz məlumatlar bizi təəccübləndirdi. Düzdür, Zərdab futbol rayonu deyil. Amma burda stadion da var, futbol da oynayırlar, futbola da baxırlar. Məsələn, öyrəndik ki, hər il burada rayon çempionatı keçirilir. Özü də mərkəzi rayon stadionunda keçirilən oyunlara böyük maraq olur. Hətta deyilənə görə, rayon çempionatının son finalını 3000 azarkeş izləyib. Etiraf edək ki, rayon çempionatı üçün heç də pis göstərici deyil. Hansı ki, “İnter”, “Bakı”, AZAL, hətta “Qarabağ” və “Neftçi” kimi klublar paytaxtdakı çempionat oyunlarında  bu qədər tamaşaçı toplaya bilmirlər. Deməli, Zərdabda futbol komandası yaratmaq olar.

Onu da öyrəndik ki, rayonda ən yaxşı futbol oynayanlar Qaravəlli və  Hüseynxanlı kəndlərində toplanıb. Bəli, futbola maraq var. Amma futbol oynamağa yararlı stadion yoxdur. Belə ki, Zərdabın mərkəzi rayon stadionu bərbad gündədir. Onsuz da isti iqlimə malik rayonda yayda yaşıl rəngdə ot gördüm deyən olmur. Çünki baxımsızlıq ucbatından stadionun qazonu tamamilə saralır.  Nə isə. Biz araşdırdıq, yazdıq, ticarət dili ilə desək, “bazar”ı öyrəndik. Gerisi aidiyatı qurumlarındır. Nə deyirsiniz, bəlkə Zərdabda da komanda yaradaq?

Rekord.az

Zərdab Rayon Mərkəzi Stadionu

Zərdab Rayon Mərkəzi Stadionu