Zərdabdan da tanınmış futbolçu çıxacaq; uğurun astanasında

1
14608
Eysun Xancanov
Neftçi Peşəkar Futbol Klubunun (PFK) yetirməsi Eysun Xancanov

Azərbaycanda uşaq futbolunun inkişafına olan maraq, klublarımızın bu sahədə fəaliyyətləri inanırıq ki, yaxın gələcəkdə daha müsbət nəticələrini verəcək. Uşaq futbol məktəblərində yetişdirilən yeniyetmələrin bu sahəyə maraqları, enerjiləri ümidləri daha da artırır.

Belə yeniyetmə futbolçulardan biri də Neftçi Peşəkar Futbol Klubunun (PFK) yetirməsi Eysun Xancanovdur. Eysun Xancanov “Neftçi” PFK-nın heyyətində U-15 liqasında oynayır. Sağ hücum müdafiəçisidir. Məlumat üçün bildirək ki, Eysunun atası Zərdab rayonunun Məlikli kəndindən, anası isə Qoruqbağı kəndindəndir. Onunla müsahibəni oxuculara təqdim edirik.

– Eysun, yəqin sən də tez-tez eşidirsən, futboldan söz düşəndə bu sahəyə dəxli olmayan adamlar belə deyirlər ki, “Azərbaycanda futbol yoxdur”. Bu fikirlər səni və sənin kimi yeniyetmə futbolçuları ruhdan salmır?

– Məncə, artıq bu cür düşünənlərin sayı getdikcə azalır. Azərbaycanda futbol var, amma daha yaxşı şərait təmin edilməlidir. Həmyaşıdlarımla bu mövzuda söhbət edəndə deyirik ki, bu düşüncəni dəyişəcəyik, Azərbaycan əsl futbol ölkəsi olacaq. Bizim həvəsimiz, enerjimiz, arzumuz, istəyimiz, futbola olan marağımız buna imkan verir. Dediyim kimi, daha yaxşı olması üçün həm də şərait yaxşılaşmalıdır.

– Futbola gəlişin necə oldu?

– Uşaqlıqdan futbola böyük marağım var idi. Bina evində yaşayanda da, həyət evində yaşayanda da top əlimdən düşmürdü. Valideynlərim əvvəl futbola marağıma ciddi yanaşmırdılar, amma görəndəki bu həvəsim az qala, xəstəlik səviyyəsinə çatıb, məni klublardan birinə yazdırmaq qərarına gəldilər. Əvvəl “Vətən” futbol məktəbində məşq edirdim, daha sonra buradan öz istəyimlə ayrıldım. Məqsədim “Neftçi” PFK-ya keçmək idi. Müraciət etdik, amma birbaşa götürmədilər, bildirdilər ki, oyunuma baxılmalıdır, sonra. Beləcə, 3 oyundan sonra məşqçimiz Tahir Qasımov zəng vurub 15 yaşlılar üzrə komandaya götürüldüyümü dedi.

– “Neftçi” PFK-da həftədə neçə dəfə məşq edirsiniz? Sizə nələr öyrədilir?

– “Neftçi”nin təlim-məşq bazasında (“Neftçibaza” adlanan məkanda) həftədə 3 dəfə – II, IV, VI günlər məşq edirik. Bir məşqin müddəti 1,5 saatdır. Onu da deyim ki, mən Bakı şəhəri, Hökməli qəsəbə tam orta məktəbinin X sinfində təhsil alıram. Məktəbimizin direktoru İsmayıl Bəndəliyev mənim futbola olan marağımdan, həvəsimdən və istedadımdan xəbərdardır və bu işdə istənilən dəstəyi verir.

Məşqlərdə bizə oyun texnikaları, profesionallıq bilgiləri, istedadımızın inkişafı, sərbəst futbol oynamağın imkanına sahib olmağın sirləri öyrədilir. Bununla biz həm sağlam həyatımızı təmin edir, həm öyrənir, həm də həzz alırıq. Əvvəl məşq edir, sonda futbol oynayırıq.

– Sənin oyun texnikanda ən çox nələr bəyənilir?

– Dediyim kimi, mən sağ cinahda 11 nömrəli geyimdə oynayıram. Məşqçimiz mənim ən çox zərbələrimi bəyənir. Dediyinə görə, zərbələrim dəqiq olur. İndiyə qədər U-15 liqasında “Qarabağ”, “İnter”, “Bakı”, “Xəzər-Lənkəran”, “Rəvan” klublarının eyni yaş qrupundan olan komandaları ilə əsas heyətdə oynamışam.

– Ən çox yadında qalan hansı oyun olub?

– Əsas heyətdə oynayıram, buna görə bütün oyunlar mənim üçün fəxrdir. Ən yadımda qalan oyun isə Mərdəkanda “Dalğa Arena”da keçirilən “Neftçi” “İnter” oyunudur. Bu oyunda hesab 2:2 idi, amma son dəqiqədə mənim vurduğum qol, komandamıza qələbə qazandırdı.

– Azərbaycanda futbolun inkişafı ilə bağlı hansı arzuların var?

– Arzum odur ki, yerli klubların oyununa maraq daha da artsın. Tribunalar tam dolsun.

– Özünü gələcəkdə necə bir futbolçu kimi təsəvvür edirsən və ya necə bir futbolçu kimi görmək istəyərdin?

– Sevilən, məşhur, təcrübəli futbolçu olmaq istəyirəm. Adım ilə tanınan futbolçu olmağı arzulayıram. Kristian Ronaldo kimi bir futbolçu olmaq həvəsindəyəm.

– Azərbaycanda ən sevdiyin klub və oyunçu?

– Xarici klublardan Real Madridi çox sevirəm. Oyunçulardan isə dediyim kimi, Kriştian Ronaldo, Qaret Beyl, Sergio Ramosu qeyd etmək istərdim. Yerli klublardan isə “Neftçi”ni. Futbolçularımızdan isə Araz Abdullayevin fanatıyam.

– Niyə məhz Araz Abdullayev?

– O, texnikalı və sürətli oyun oynayır. Savadlı oyun oynayır, istedadlı futbolçudur.

– Nə vaxtsa məşhur futbolçu olsan, hansı xarici klubda oynamaq istəyərdin?

– Real Madrid və Qalatasaray klublarında.

Söhbətimizin bu yerində Eysunun anası – Nuriyyə Xancanova da söhbətimizə qoşulur:

– Açığı, Eysun ailəmizin tək oğlan övladı olduğu üçün onu çox əzizləyirdik. Onu təkbaşına heç bir yerə buraxmazdıq. Hətta valideynlərimin yaşadığı kəndə belə onu tək buraxmırdıq ki, başına nə isə xoşagəlməz bir iş gələr. Amma onda futbola olan həvəsi və özünün istedadını görəndən sonra fikrimiz bir qədər dəyişdi. Eysun futbola çox bağlıdır. Onu futboldan ayrı təsəvvür etmirik, hətta buna cəhd etsək belə düşünürəm ki, böyük bir istedadı məhv etmiş olarıq. Yeri gəlmişkən deyim ki, yaxın vaxtlarda o “Neftçi” PFK-nın heyyətində Krosnodara və İstanbula yollanacaq, orada yerli klubların eyniyaşlı komandaları ilə oynayacaqlar.

Təbii ki, onun yanında ailəmizdən heç kim olmayacaq. Bir ana kimi çox həyəcanlıyam, amma oğlumun istedadı məni rahatlaşdırır və səbrli olmağa səsləyir. İnanıram ki, Eysunun simasında Azərbaycanda gələcək üçün istedadlı bir futbolçu yetişir…

Zerdab.com

1 comment

Comments are closed.