Sənin istəyin sənin dəyərindir

0
29
duaKiminin alnı var, səcdəsi yoxdur, kiminin səcdəsi var, alnı yoxdur. Bir az mücərrəd səsləndi, eləmi? Onda açıqlayaq:
Yetmiş, səksən il bu Yer üzündə elədən-belə, belədən-elə dolaşır. Bu yaşında belə cavan oğlan kimi gümrahdır, nə dişi ağrıyır, nə başı. Oğul-uşağı, var-dövləti, kef-əhvalı, hamısı yerbəyerindədir. Allah ona istədiyi hər şeyi verib. Amma Allahın verdiyi bu qədər nemət qarşısında bir dəfə də olsun “Allah” deyib, alnını yerə qoymayıb, səcdə nədir bilmir.

Adam da var, yerindən qalxa bilmir, əzələləri tutmur, qaşığı ağzına apara bilmir. Ən böyük arzusu nədir, bilirsinizmi? Durub hamı kimi yeriməkmi? – Xeyr! Əlini-qolunu yelləyərək toyda oynamaqmı?

– Xeyr! Övladını qucağına götürüb, üz-gözündən öpməkmi? – Yenə də xeyr! Ən böyük arzusu alnını yerə qoya bilməkdir, “Allah” deyib, əyilə bildiyi qədər əyilə bilməkdir. Allah qarşısında əyilə bildiyin qədər əyilmək ucala bildiyin qədər ucalmaqdır.