Ağılsızdan ağıl umma

0
34

anlamlı fotoAğılsızdan ağıl umma,

Olsa da yüz yaşı belə.

Ömrü boyu gəzdiribdi,

Bir içi boş başı belə.

***

Bilməyibdi xeyir-şəri,

Çəkməyibdi dərdi-səri,

Qoymayıbdı o əlləri

Bir daş üstə, daşı belə.

***

Kim baxıbsa camalına,

Deyib bunun xoş halına,

Baxsa əgər kamalına,

Gələrdimi xoşu belə?

***

Üzü astar, astarı üz,

Beləsindən əlini üz,

Təpəsinə Allahımız,

Bax, salıbdı daşı belə.

***

Bir dəfə yox, min yol sına,

Tut səhvini, onda qına,

Aldanma gəl, Nazim ona,

Bir də olma naşı belə.

 

Nazim Əkrəm LAÇINLI

Bəyimli qəsəbəsi