İntihar həqiqəti

0
35
intiharBütün insanların ömründə ən azı bir dəfə intihar etməyi düşündüklərini bilirdiniz? Bəli, elə bir insan yoxdur ki, ömründə bir dəfə də olsa, intiharı ağlından keçirmiş olmasın.
Bir növ psixoloji durum olan intihar təşəbbüsünün səbəbləri müxtəlifdir. Məsələn, statistikaya görə intiharların 70 faizi depressiv xəstəliklər səbəbilə gerçəkləşir. Problemlərin səbəblərini və həll yollarını başqa – özündən ayrı yerlərdə axtarmaq da yenə səbəblərdən biri olaraq qeyd edilə bilər. Ciddi xəstəliklərə düçar olmuş insanların əksəriyyəti də çıxış yolunu özünü öldürməkdə görür (xərçəng xəstələrinin kişilərdə 50, qadınlarda 70 faizinin intihar etdiyi məlumdur).

Məsələ olduqca ciddidir. Ən azı ona görə ki, dünyada hər gün orta hesabla minə yaxın insan intihar edir. Azərbaycanda hər 100 min nəfərə 1,3 intihar faktı düşür. Müqayisə üçün deyək ki, postsovet məkanı ölkələrindən olan Litvada bu göstərici 71,7, Rusiyada 64,3, Belarusda 57, Ermənistanda 3,9-dur. Dünyada ən az intihar halları isə Cənubi Afrika Respublikası, İran, Yamayka, Haiti və Hondurasda qeydə alınıb.

Səbəblərə yuxarıda qısaca toxunduq. Bir neçə səbəbi bir başlıq altında toplaya bilərik, əslində. Belə ki, “insan niyə intihar edir?” sualına qısa olaraq bu cür cavab verə bilərik: “Xoşbəxt olmadığına görə”. İkinci sual: “Bəs insan necə eləsin ki, xoşbəxt olsun?”

Burada xoşbəxt olmağın sirlərindən uzun-uzadı danışa bilmərik. Amma qısa olaraq bir şeyi deyək. İnsan öz içində ya xoşbəxtdir, ya da xoşbəxt deyil. Xarici əşya, canlı və hadisələrlə xoşbəxt olan insanlar xoşbəxt sayılmazlar. Öz  xoşbəxtliyini başqa yerlərdə axtaranlar heç vaxt tapmayacaqlar. Çünki xoşbəxtlik insanın içindədir, vəssalam.

Xoşbəxtliyin təhsil almaqla, elmli insan olmaqla da əlaqəsi yoxdur, məşhur olmaqla da. Yeri gəlmişkən, statistikaya görə universitet məzunları və ya tələbələri oxumamış insanlardan daha çox intihar edirlar. Subaylarda intihar göstəricisi evlilərdən 2, boşanmış və ya həyat yoldaşını itirmiş şəxslərdə normal evlilərdən 4 qat çoxdur.

Ən çox sevdiklərimiz də daxil olmaqla, hər şeyin bizi tərk edib getdiyi bu dünyada köməyimizə yalnız inanc sisteminin sağlamlığı, Sonsuza bağlanma eşqi, Hüdudu Olmayana tutqunluq çata bilər. Təsadüfi deyildir ki, əhalisinin əksəriyyəti müsəlman olan ölkələrdə intihar faktları digərlərinə nisbətən daha azdır. Məsələn, İngiltərədə ölüm səbəbləri sırasında birinci yeri avtomobil qəzaları yox, məhz intiharlar tutur. Başqa bir araşdırmada isə spirtli içkilərə düşkün insanların daha çox intihar etdikləri bildirilir (içki düçkünlüyü intihar səbəblərinin 20 faizini təşkil edir).

Burada tanınmış amerikalı mütəxəssis Deyl Karneginin bir “tapıntısını” paylaşmaq yerinə düşür:

“Bir avropalı səyyah Ərəbistan səhralarının birində gəzintiyə çıxır. Birdən möhkəm bir fırtına qopur. Ərəbin 100 dəvəsindən 60-ı tələf olur. Belə bir vəziyyətdə avropalı – qərbli nə edər? Ya dərin ruhi sarsıntı keçirər, ya da intihar edər. Halbuki ərəb səcdəyə qapanır: “Allahım, bu 40 dəvə də getsəydi, mən nə edərdim? Çox şükür”, – deyir”.

Bəli, xoşbəxtliyi inancda tapacaq, xoşbəxt olana qədər isə gündə yüz dəfə intihar edəcəyik.

Çox fikrə getməyin. Xoşbəxtlik uzaqlarda deyil. Lap yaxınınızdadır. Ya atanızın çöhrəsində, ya ananızın şəfqətində, ya övladınızın şıltaqlığında, ya dostunuzun varlığında. Amma içinizdə…

Elmir İsgəndərov