Zərdabda Xocalı faciəsi ilə bağlı tədbir keçirildi

0
29

Zerdab-Xocali faciesiZərdab rayon Heydər Əliyev  Mərkəzində Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar faciə qurbanlarının xatirəsinə həsr olunmuş yığıncaq keçirilib. Zerdab.com saytına verilən məlumata görə, əvvəlcə, Xocalı soyqırımı zamanı qətlə yetirilmiş həmvətənlərimizin və Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərkəzdə 26 fevral Xocalı faciəsini özündə əks etdirən “Xocalı soyqırımında yaşananların tarixi xronikası” başlıqlı foto sərgi nümayiş olunub.

Yığıncağı giriş sözü ilə açan  Mərkəzin fond mühafizi Gülər Məmmədova Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsi, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər və Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinin nəzərinə çatdırılması üçün görülməsi vacib olan işlər barədə ətraflı məlumat verib. Bildirib ki, bu faciənin geniş ictimaiyyətə çatdırılması üçün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin böyük əməyi olub. Məhz onun təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisində ilk dəfə bu məsələyə siyasi qiymət verilib, faciənin dünya ictimaiyyətinə çatdırılması məqsədi ilə işlərə başlanıb.

Bu işlərin nəticəsidir ki, hər il faciənin ildönümü istər respublikamızda, istərsə də onun hüdudlarından kənarda geniş qeyd olunur, faciə qurbanlarının xatirəsi yad edilir, dünya ictimaiyyətinə ermənilərin iç üzü göstərilir.

Yığıncaqda Mərkəzin direktoru Könül Rəhimova “Xocalı faciəsi qan yaddaşımızdır” adlı məruzə ilə çıxış edərək Xocalı faciəsi haqqında ətraflı məlumat verib. Könül Rəhimova  bildirib ki,  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin inamla həyata keçirdiyi daxili və xarici siyasət, erməni qəsbkarlığının ifşası üzrə yönəlmiş uğurlu addımlar bəhrəsini verməkdədir. Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqı və ümumən insanlıq əleyhinə törədilmiş bu son dərəcə ağır hərbi cinayətin beynəlxalq miqyasda siyasi-hüquqi qiymətini alması məsələsi dövlət siyasətinin mühüm istiqamətini təşkil edir.

Yığıncaqda Azərbaycanın haqq səsinin eşidiləcəyinə, ermənilərin mənfur əməllərinin beynəlxalq səviyyədə qınaq obyektinə çevriləcəyinə, Xocalı qətliamının təqsirkarlarının haqlı cəzalarına çatacağına, Azərbaycan xalqının işğal altındakı bütün torpaqlarını yağı düşməndən tezliklə azad edəcəyinə, əzəli torpaqlarımızdan didərgin düşmüş həmvətənlərimizin öz ata-baba yurdlarına qayıdacaqlarına və ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağına əminlik ifadə olunub.

Yığıncaq şagirdlərin hazırladığı bədii hissə ilə davam edib. Məktəblilər və bağça uşaqları kompozisiya ilə çıxış edib.

Sonda Xocalı soyqırımından bəhs edən sənədli film nümayiş olunub.Zerdab-Xocali faciesi