Zərdabda baş vermiş oğurluq hadisəsi ilə bağlı cinayət işi…

0
43

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

H Ö K M

Zərdab rayon Məhkəməsi

Qarayev Ağaməmməd Qurban oğlunun sədrliyi, Babayeva Leyla Şirin qızının katibliyi ilə, Dövlət ittihamçısı-Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru ədliyyə müşaviri Quliyev Fəyyaz Əbdi oğlunun, zərər çəkmiş şəxs Babayev Mirsahib İsrəfil  oğlunun iştirakı ilə 13 noyabr   2008-ci ildə Zərdab şəhərində,  Abduləzimov Rasim Hümbət  oğlunun – 08 sentyabr  1975-ci  ildə Laçın rayonunun Fingə kəndində anadan olmuş, Zərdab rayonunun Kökəltmə birliyi ərazisində yaşayır, subay,  Azərbaycan Respublikasının vətəndaşı, az savadlı, II qrup əlil, əvvəllər Zərdab rayon Məhkəməsinin 10 noyabr 2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin  179.2.1, 132-ci mad.ilə təqsirli bilinib 3 il 3 ay müddətinə azadlıqdan məhrum edilmiş, haqqında CM-nin 70-ci maddəsi tətbiq edilərək 2 il sınaq müddəti təyin edilmiş, yenə həmin məhkəmənin 15 may 2008-ci il tarixli hökmü ilə CM-nin 132-ci maddəsi ilə təqsirli bilinib şərti maliyyə vahidinin 100 misli miqdarında cərimə cəzasına məhkum edilmiş, hökmlər müstəqil icra olunmuş, məhkumluqları ödənilməmiş, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir.

 Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair işə açıq məhkəmə iclasında baxaraq

 M Ü Ə Y Y Ə N   E T D İ:

Təqsirləndirilən şəxs Abduləzimov Rasim Hümbət oğlu 08 iyun 2008-ci il tarixdə Zərdab rayonu Gödəkqobu kəndi ərazisindəki keçmiş “Kökəltmə” Birliyinin yaxınlığındakı otlaq sahəsindən Zərdab şəhər sakini Babayev Mirsahib İsrafil oğluna məxsus bir baş 4 yaşında sağ gözünün alt hissəsində burnu üzərində damğası olan, metis cinsli, qulaqları qısa (kürə) 130 manat dəyərində ana qoyununu oğurlamaqla özgənin əmlakını gizli olaraq talamışdır.

Məhkəmə istintaqında təqsirləndirilən şəxs R.H.Abduləzimov ona verilən ittihamla özünü təqsirli bilmədi və göstərdi ki, Laçın rayonundan məcburi köçkün olmaqla, Ağcabədi rayon “Taxta-körpü” qəsəbəsində Laçın rayon Fingə kəndinin qış yataqlarında pasport qeydiyyatında olmaqla 1992-ci ildən Zərdab rayonu Gödəkqobu kəndi ərazisindəki keçmiş “Kökəltmə” birliyində yaşayır. 2004-cü ildən həmin ərazini Zərdab rayonu Pərvanlı kənd sakinləri Mahmudov Yadigar və Mahmudov Asif qardaşları özəlləşdirmişlər. Həmin vaxtdan onlar onu ərazidən çıxarmağa çalışmış, 2006-cı ildə Yadigarın qoyunları oğurlandığına görə   məhkəməyə  verilmişdir. 2008-ci ilin iyun ayında Gödəkqobu kənd sakini Babayev Mirsahibin bir baş qoyununun oğurlanmasını eşitmiş, 29 iyun 2008-ci il tarixdə Zərdab rayon polis şöbəsinin əməkdaşları Mirsahib Babayevlə birlikdə onun yaşadığı yerə gələrək M.Babayevin qoyununun oğurlandığını və buna görə onun qoyun sürüsünə baxaraq bir baş qoyunu götürüb protokol yazılmış, həmin protokola da özü imza etmişdir. Polis əməkdaşları gedəndən sonra qardaşı arvadı Mələk Əhmədova  qoyunu nə üçün verdiyini, həmin qoyunu Ağcabədi bazarından aldığını ona bildirmişdir. Hadisə baş verən ərəfədə xəstə olmaqla ev şəraitində müalicə almış, Mirsahib Babayevin bir baş ana qoyununu oğurlamamışdır.

Təqsirləndirilən şəxs R.H.Abduləzimovun belə bir ifadəsi inandırıcı hesab edilə bilməz, özünü müdafiə xarakteri daşıyır. Onun cinayət əməli məhkəmə istintaqında digər sübutlarla aşağıda göstərilən qaydada sübuta yetirildi.

Məhkəmədə zərər çəkmiş kimi dindirilən Babayev Mirsahib İsrəfil oğlu göstərdi ki, əslən Zərdab rayon Gödəkqobu kəndindən olmaqla, Zərdab şəhərində yaşayır. Qardaşı Babayev Gülsahib Zərdab rayonu Gödəkqobu kəndi yaxınlığındakı keçmiş “Kökəltmə” birliyi ərazisində maldarlıq ferması olan Yadigar Mahmudovun fermasında işlədiyinə görə 2008-ci ilin may ayında tanışı, Qəbələ şəhər sakini Salahov Füzuli Abdulcəlil oğluna bir rəst at verməklə ondan aldığı 3 baş qoyunu, bir baş quzunu və özündə olan digər cəmi 6 baş qoyunlarını qardaşının vasitəsi ilə Yadigar Mahmudovun qoyun sürüsünə qarışdıraraq orada saxlatmışdır. 08 iyun 2008-ci il tarixdə qardaşı Babayev Gülsahib qoyunları otlaq sahədə otaran zaman həmin ərazidə qoyun otaran Abduləzimov Hümbət qoyun sürüsünü Yadigar Mahmudova məxsus taxıl biçilmiş sahəyə buraxdığına görə Gülsahib həmin qoyunları sahədən çıxartmış,  həmin vaxt Abduləzimov Rasim Hümbət oğlu da qeyd olunan  ərazidə olmuşdur. Qardaşı Gülsahib axşam qoyunları sayarkən ona  məxsus qoyunlardan birinin oğurlandığını görmüş və həmin qoyunun  Rasim Abduləzimov tərəfindən oğurlanmasından şübhələnmişdir. Buna görə də bir neçə dəfə Rasim və onun digər ailə üzvlərinə müraciət edərək onların qoyun sürüsünə baxmaq istədiyini bildirsə də Rasim qoyun sürüsünə baxmağa icazə verməmişdir. Ona görə də  bir baş ana qoyununun oğurlanması barədə Zərdab rayon polis şöbəsinin əməkdaşlarına müraciət etmiş, bundan sonra onun oğurlanan bir baş metis cinsli ana qoyunun arxa hissəsinə yanaşı butulkanın arxa hissəsi ilə yaşıl rəng vurduğunu və fərgləndirici digər əlamətlərini bildirmiş, sonradan  polis əməkdaşları ilə birlikdə gedərək Rasim Abduləzimovun qoyun sürüsünə baxış keçirən zaman oğurlanmış qoyunu onun qoyun sürüsündə aşkar edilmiş, yaşıl rəng vurduğu hissənin üstündən R.Abduləzimov tərəfindən qırmızı rəng vurulsa da baxış zamanı həmin rənglənmiş yerdə yaşıl rəngin də olması müşahidə edilmiş, bundan sonra həmin qoyunu polis əməkdaşları  maddi sübut kimi götürmüşlər. Orada bu barədə protokol tərtib olunmuş,  həmin protokola özü də imza etmişdir. Bundan sonra onun da iştirakı ilə qoyunu ona satmış olan şəxs  Salahov Füzuli Abdulcəlil oğluna həmin qoyun digər qoyunlarının içərisində tanınmaya təqdim edilmiş, F.Salahov ona satdığı qoyunu gözünün altından vurduğu  damğaya görə  qoyunların içərisində tanımış, həmin qoyunu 2008-ci ilin may ayında ona satdığını bildirmişdir.

Zərər çəkmiş kimi təqsirləndirilən şəxs Rasim Abduləzimovdan şikayətçi olduğunu və onun haqqında qanuni tədbir görülməsini xahiş etdi.

Məhkəmədə şahid kimi dindirilən Hüseynov Etibar Nüşirəvan oğlu göstərdi ki, əslən Ağcabədi rayon Qaradolaq kəndindən olmaqla Zərdab rayonu Pərvanlı kənd sakini Yadigar Mahmudovun şəxsi təsərrüfatında işləyir. 08 iyun 2008-ci il tarixdə “Kökəltmə” birliyinin yaxınlığında Yadigar Mahmudova məxsus iri buynuzlu heyvanları otarmış, ondan 200 metr aralı məsafədə isə Babayev Gülsahib qoyun sürüsünü otarmışdır. Həmin ərazidə məskunlaşan Rasim Abduləzimovun atası qoyunlarını Yadigar Mahmudova məxsus arpa biçilmiş sahəyə buraxan zaman Gülsahib öz otardığı qoyunları buraxıb həmin qoyunları sahədən çıxarmağa getmişdir. Bu zaman Rasim Abduləzimov  Gülsahibin qoyun otardığı yerdə olmuşdur. Axşam qoyunları arxaca aparıb sayan zaman Babayev Mirsahib İsrəfil oğluna məxsus bir baş ana qoyunun oğurlandığını bilmiş və bu işdə Rasimdən şübhələnmişdir. M.Babayev bu barədə Zərdab rayon polis şöbəsinə müraciət etmiş, polis əməkdaşları gələrək Rasim Abduləzimovun qoyun  sürüsünün içərisindən Mirsahib Babayevə məxsus bir baş ana qoyunu müəyyən edib götürmüşlər.

Məhkəmədə şahid kimi dindirilən Babayev Gülsahib İsrəfil oğlu göstərdi ki, Zərdab rayonu Gödəkqobu kəndindən olmaqla Pərvanlı kənd sakini Yadigar Mahmudovun fermasında işləmiş, həmin ferma keçmiş “Kökəltmə” birliyi ərazisində yerləşir. Orada Laçın rayonunun Fingə kəndindən olan Abduləzimov Rasim Hümbət oğlu öz ailə üzvləri ilə məskunlaşmışdır. Rasim Abduləzimovla Yadigar Mahmudov arasında əvvəllər də mübahisələri olmuş, Rasim Abduləzimov Yadigarın təsərrüfatına hər hansı yolla olursa olsun zərər vurmağa çalışmaqla, tikililərini bərbad hala salmışdır.   2008-ci ilin iyun ayının 6-da otlaq sahədə Yadigar Mahmudovun qoyunlarını otaran zaman  Rasimin atası otardığı heyvanları yeni biçilmiş arpa sahəsinə buraxmış, buna görə də həmin heyvanları oradan çıxartmış, həmin vaxt Rasim Abduləzimov onun otardığı qoyunların yanından keçmiş, gün ərzində həmin yerdə Rasimdən başqa heç kimi görməmiş, axşam qoyunları sayerkən qardaşı Babayev Mirsahibə məxsus bir baş ana qoyununun oğurlandığını bilmiş, bu işdə Rasimdən şübhələnmişdir. Bundan sonra özü və qardaşı Mirsahib Rasimin otardığı qoyun sürüsünə baxmaq istəsələr də sonuncu buna razı olmamışdır. Oğurlanmış həmin qoyunu Mirsahibə Qəbələ rayonundan olan Salahov Füzuli Abdulcəlil oğlu satmışdır. Rasim onlara qoyun sürüsünə baxmağa imkan vermədiyinə görə  bu barədə Zərdab rayon polis şöbəsinə qardaşı Mirsahib ərizə ilə müraciət etmişdir. Polis şöbəsinin əməkdaşları gələrək Rasimin öz iştirakı ilə onun qoyunlarına baxış keçirmiş, həmin vaxt Babayev Mirsahib oğurlanmış qoyununu tanımış və polis əməkdaşları protokol yazaraq qoyunu maddi sübut kimi götürmüşlər.

Məhkəmədə şahid kimi dindirilən Salahov Füzuli Abdulcəlil oğlu göstərdi ki, Qəbələ şəhər sakini olmaqla Zərdab rayonu Gödəkqobu kəndi ərazisində qışlaq sahəsi vardır. Qonşuluq münasibətləri ilə əlaqədar həmin kənd sakini Babayev Mirsahib İsrəfil oğlunu tanımış, 2008-ci ilin may ayında M.Babayevdən bir baş at almış və əvəzində ona 3 baş qoyun və bir baş quzu vermişdir. Həmin ilin iyun ayında Qəbələ rayonuna köç etmiş, 22 iyun 2008-ci il tarixdə Mirsahib telefonla ona zəng edərək ondan aldığı qoyunun oğurlanmasını, başqa şəxsin qoyunlarının arasında olduğunu, lakin Rasim adlı şəxsin həmin qoyunun ona məxsus olduğunu bildirməsini söyləyərək bu işə aydınlıq gətirməsi üçün kömək etməsini xahiş etmişdir.  Həmin xəbəri eşidərək Zərdab rayonuna gəlmiş, Mirsahibə satdığı metis cinsli ana  qoyunun gözünün  altından  damğa vurduğunu bildiməklə əlamətlərini göstərmiş, sonra da ona polis şöbəsində bir neçə qoyun  tanınma üçün təqdim edilmiş, həmin ana qoyunun qeyd etdiyi əlamətlər əsasında digər qoyunların içərisində tanımışdır.

Şahid Mahmudov Yadigar Yusif oğlu göstərdi ki, şəxsi təsərrüfatında qoyun, iribuynuzlu malları və əkin sahələri vardır. Həmin sahələr Zərdab rayonu Gödəkqobu ərazisinin yaxınlığında keçmiş “Kökəltmə” birliyinin ərazisidir. Həmin yerdə Laçın rayonundan olan Abduləzimov Rasim Hümbət oğlu öz ailəsi ilə məskunlaşaraq yaşayır. Rasim Abduləzimov onun təsərrüfat işləri ilə məşğul olmasına daim mane olmağa çalışmış, hətta  2006-cı ildə Rasim onun 4 baş qoyununu oğurlamış, bu barədə cinayət işi istintaq olunaraq Zərdab rayon məhkəməsinə göndərilmişdir. 2008-ci ilin iyun ayının 6-da Rasim yenə də onun qoyun sürüsündən çoban işləyən Gülsahib Babayevin qardaşı Mirsahibin  bir baş qoyun oğurlamışdır.   Bir neçə dəfə Babayev Mirsahib və Babayev Gülsahib Rasimin qoyun sürüsünə baxmaq istəsələr də sonuncu   buna imkan verməmişdir. Nəhayət Babayev Mirsahib Zərdab rayon polis şöbəsinə müraciət etmiş və bundan sonra polis əməkdaşları gələrək Rasimin qoyun sürüsünə baxış keçirmiş, M.Babayev ona məxsus  bir baş oğurlanmış ana qoyununu əlamətləri ilə tanımış, buna görə də polis əməkdaşları həmin bir baş metis cinsli ana qoyunu maddi sübut kimi götürmüşlər.

Şahid Zeynalov Mürvət Teyyub oğlu göstərdi ki, 2008-ci ilin iyun ayının 10-da Zərdab şəhər sakini Babayev Mirsahib Zərdab RPŞ-nə ərizə ilə müraciət edərək ona məxsus bir baş qoyununun oğurlandığını və bu işdə Abduləzimov Rasim Hümbət oğlundan şübhələndiyini bildirmişdir. Araşdırma ilə əlaqədar  digər polis əməkdaşları ilə birlikdə  Zərdab rayon Gödəkqobu ərazisindəki keçmiş “Kökəltmə” birliyində məskunlaşan Rasim Abduləzimovun məskunlaşdığı yerə gedərək Rasimin özünün iştirakı ilə onun qoyun sürüsünə baxış keçirilmiş, Babayev Mirsahib həmin vaxt Rasimin qoyun sürüsündən özünə məxsus olan bir baş metis cinsli ana qoyunu tanımış,  M.Babayev qoyunun arxa hissəsinə yaşıl rənglə yanaşı olaraq iki işarə vurduğunu göstərməklə R.Abduləzimov tərəfindən həmin qoyunun rənglənmiş hissəsinin üstsndən qırmızı rəng vurduğunu bildirmiş, həqiqətəndə qoyun rənglənmiş hissəsinə baxış keçirilərkən, həmin hissədə yaşıl rənglənmənində olduğu müşahidə edilmiş, ona görə də R.Abduləzimovun sürüsündən tanınmış bir baş qoyun  maddi sübut kimi götürülmüş və bu barədə protokol tərtib edilmişdir. Bundan sonra M.Babayev həmin qoyunu Qəbələ rayon sakini Salahov Füzuli adlı şəxsdən aldığını bildirdiyindən Salahov Füzuli dəvət olunaraq həmin qoyun tanınma üçün ona təqdim olunmuş, Füzuli Salahov M.Babayevə satdığı qoyunun əlamətləri barədə məlumat verdikdən sonra bir neçə qoyunların içərisində R.Abduləzimovun sürüsündən götürülmüş bir baş metis cinsli ana qoyunu tanımışdır. Göstərilən cinayət hadisəsinin baş verməsi işdə olan protokollar, fotoşəkillər və digər sənədlərlə də təsdiq olunur.

İşə əlavə edilmiş “Azər” İB MMC-nin verdiyi məktubdan görünür ki, 2008-ci ilin iyun ayının 8-də Zərdab rayon istehlak bazarında bir baş qoyunun qiyməti 125-130 manat olmuşdur.

Beləliklə bütün bu yuxarıda sadalanan biri digərini tamamlayan sübut növlərinin cəminə obyektiv  qiymət   verməklə  təqsirləndirilən  şəxs  R.H.Abduləzimovun  etdiyi cinayət əməli məhkəmə istintaqında da ona tam sübuta yetirildi.

Hərəkəti Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinin tərkibini təşkil edir. O, həmin qanunun tələbi əsasında cəzalandırılmalıdır.

Məhkəmədə aydın oldu ki, Abduləzimov Rasim Hümbət oğlu Zərdab rayon Məhkəməsinin 10 noyabr 2006-cı il tarixli hökmü ilə CM-nin 179.2.1, 132-ci maddəsi ilə 3 il 3 ay azadlıqdan məhrum cəzasına məhkum edilmiş, haqqında CM-nin 70-ci maddəsi tətbiq edilərək 2 il sınaq müddəti təyin edilmişdir.

Eyni zamanda o, Zərdab rayon Məhkəməsinin 15 may 2008-ci il tarixli hökmü ilə CM-nin 132-ci maddəsi ilə təqsirli bilinib şərti maliyyə vahidinin 100 misli miqdarında cərimə cəzasına məhkum edilmiş, cəzalar AR CM-nin 71.4-cü maddəsinə əsasən müstəqil icra edilmişdir.

Zərdab rayon Məhkəmə icraçıları qrupunun məhkəməyə verdiyi 10 noyabr 2008-ci il tarixli, 03/08 saylı məktubundan görünür ki, məhkum R.H.Abduləzimovun 110 manat cəriməsi pensiyasından tam tutularaq dövlət nəfinə ödənilmişdir. İki il sınaq müddəti cəzasından isə 1 il 11 ayını çəkmiş, çəkilməmiş bir ayı  qalmışdır.

Azərbaycan Respublikası CM-nin 71.4-cü maddəsində göstərilir ki, şərti məhkum edilmiş şəxs sınaq müddətində ehtiyatsızlıqdan cinayət törətdikdə və ya qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətdikdə, şərti məhkum etmənin ləğv edilməsi  və ya saxlanılması barədə məsələ məhkəmə tərəfindən həll edilir.

Məhkəmə R.H.Abduləzimovun şərti cəzaya məhkum edildikdən sonra qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətmələrini, II qrup əlil olmaqla Laçın rayonundan məcburi köçkün olmasını, cərimə cəzasını tamamilə ödəməsini, etdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq onun haqqında şərti məhkum etməni ləğv etməməklə saxlanılmasını qanuna müvafiq hesab edir. Buna görə də birinci cinayətə görə tətbiq edilən şərti məhkum etmə müstəqil icra olunmalıdır.

Məhkəmə R.H.Abduləzimova cəza təyin edərkən törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, xarakterini, şəxsiyyətini, barəsində cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə aldı.

Onun II qrup əlil olmaqla Laçın rayonundan məcburi köçkün olması, vurulmuş zərərin aradan qaldırılması cəzanı yüngülləşdirən, yenidən qəsdən cinayət törətməklə cinayətlərin residivliyinin yaranması  cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. İşdə mülki iddia yoxdur. İşdə maddi sübut olan 130 manat dəyərində bir baş qoyun zərər çəkmiş Babayev Mirsahib İsrəfil oğluna qaytarılmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-356-cü maddələrini rəhbər tutaraq məhkəmə

                                                          H Ö K M   E T D İ:

 Abduləzimov Rasim Hümbət  oğlu Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti etməkdə təqsirli bilinərək 1(bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Hazırki cəza və Zərdab rayon Məhkəməsinin 10 noyabr 2006-cı il tarixli hökmü ilə  Azərbaycan   Respublikası   CM-nin  179.2.1,  132-ci   mad. ilə 3 il 3 ay azadlıqdan məhrum edilməklə haqqında CM-nin 70-ci maddəsi tətbiq edilərək 2 (iki) il sınaq müddəti təyin edilmiş cəza müstəqil icra olunsun. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilsin və o, məhkəmə zalından həbsə alınsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin.

Cəza çəkməsinin əvvəli 13 noyabr 2008-ci il tarixdən hesab edilsin

Hökmdən 20 (iyirmi) gün müddətində Zərdab rayon Məhkəməsi vasitəsilə Şirvan  Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.

ZƏRDAB RAYON MƏHKƏMƏSİNİN    H A K İ M İ:    A. Q. QARAYEV