Zərdabda sahibkarlarla və kəndli fermerlərlə görüş keçirildi

0
18

Zərdab sahibkarlarNovruz bayramına hazırlıq ərəfəsində Zərdab rayonunda keçirilən silsilə tədbirlər çərçivəsində 16 mart 2015-ci il tarixdə rayon rəhbərliyinin yerli sahibkarlarla və kəndli fermerlərlə görüşü keçirilmişdir.

Görüşü giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev iştirakçıları və onların şəxsində bütün zərdablıları qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik etmişdir. İcra başçısı son illər ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda görülən işlər və qazanılan uğurlarla iştirakçıları məlumatlandırmışdır. Xüsusilə dövlətimiz və dövlətimizin başçısı tərəfindən daim sahibkarlara dəstək göstərilməsi, sahibkarlara uzunmüddətli kreditlərin verilməsi, yeni istifadəyə verilən sahibkarlıq obyektlərinin açılışında cənab Prezidentin şəxsən iştirak etməsi yığıncaq iştirakçılarının diqqətinə çatdırılmışdır.

Natiq vurğulamışdır ki, ölkə Prezidentinin rəhbərliyi altında həyata keçirilən tədbirlər Zərdab rayonunda da uğurla icra olunur. Zərdabda son illərdə görülən işləri diqqətə çatdıran icra başçısı bildirmişdir ki, ölkəmizdə sahibkarlığın inkişaf etdirilməsi üçün cənab Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi iqtisadi strategiyaya uyğun olaraq rayonda bu sahənin inkişafına diqqət daha da artırılmış, vaxtaşırı olaraq sahibkarlarla keçirilmiş görüşlərdə onları narahat edən məsələlər öyrənilmiş və həlli üçün konkret tədbirlər görülmüşdür.

Təkcə 2014-cü ildə rayonda 17 hüquqi, 230 fiziki şəxs vergi orqanlarında qeydiyyatdan keçməklə fəaliyyətə başlamışdır. Son illərdə tikilən müasir tipli çoxsaylı sahibkarlıq obyektləri rayonun sosial mənzərəsini xeyli gözəlləşdirmişdir.

Sahibkarlığın inkişafına dövlət dəstəyinin daha da gücləndirilməsi məqsədilə bir neçə mühüm tədbirlər keçirilmişdir.

Sahibkarlığa Kömək Milli Fondu vasitəsi ilə sahibkarlıq subyektləri güzəştli kreditlər almışdır. Kənd təsərrüfatı məhsulları istehsalçılarına subsidiyalar verilmişdir.

Rayonda sahibkarlığın daha da inkişaf etdirilməsi üçün əlavə tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Rayon rəhbərliyi tərəfindən yeni sahibkarlıq obyektlərinin müasir üslubda tikilməsi, qeyri-qanuni tikinti işlərinin aparılmasının yolverilməzliyi, müvafiq qurumlarla birlikdə zibil tullantılarının vaxtında götürülməsinin təşkili, sanitar-gigiyenik qaydalara əməl edilməsi, küçə ticarətinin yığışdırılması, əhaliyə nümunəvi xidmət göstərilməsi, vaxtı keçmiş qida məhsullarının satışına yol verilməməsi, bayram ərəfəsində qiymətlərin süni şəkildə artırılmaması, sahibkarlıq fəaliyyəti üçün mütləq lisenziyaların olması,  sahibkarlıq obyektlərinin ərazisinin təmizliyi, ətrafında səliqə-sahman işlərinin aparılması və sair məsələlərlə bağlı yerli iş adamlarına müvafiq tövsiyələr verilmişdir.

Rayon İcra Hakimiyyətinin başçısı torpaqlardan səmərəli istifadə olunması, torpaq zəbt edilməsi hallarına yol verilməməsi, torpaqların təyinatının icazəsiz dəyişdirilməsinin, pay və icarə torpaqlarında əsaslı tikinti işlərinin aparılmasının qeyri-qanuni olması barədə kənd təsərrüfatı məhsulları istehsalçılarını da məlumatlandırmışdır.

Rayon rəhbəri çıxışına davam edərək 2015-ci ilin son dərəcə məsul il olmasını vurğulayaraq ilk Avropa Oyunlarının məhz bu il ölkəmizdə keçirilməsini, Avropa Oyunlarının məşəlinin bir sıra rayonlarla yanaşı Zərdabdan da keçməsini, 2015-ci ilin həm də növbəti parlament seçkiləri ilə əlamətdar olacağını iştirakçıların diqqətinə çatdırmışdır. Bu mühüm hadisələrə hər bir Azərbaycan vətəndaşının, o cümlədən zərdablıların ciddi hazırlaşması vurğulanmışdır.

Toplantıda çıxış edən sahibkarlar və kəndli fermerlər onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə minnətdarlıqlarını ifadə etmişlər.

Zərdab Rayon İcra HakimiyyətiZərdab sahibkarlar